Yuxarı

Kənd yolları kimə satılıb?

Kənd yolları kimə satılıb?

“Bundan itirən ancaq xalq oldu”

Bakıda ilk elektrik dəmir yolu xətti 1926-cı ildəişə düşüb. Həmin vaxt 3 kilometrlik Bakı-Sabunçu ərazisində fəaliyyətə başlayıb. Bakının Sabunçu vağzalı işə salınanda nə Moskva, nə də Leninqrad bu nəqliyyat vasitəsinə hələ qovuşmuşdu. 1936-39-cu illərdə isə Sabunçu-Maştağa-Buzovna xətti tikilib. 1950-ci ildə isə Suraxanı-Qala-Buzovna dəmir yolu təhvil verilib.

1959-cu ildə isə həm keçmiş Artyomdakı neftçilərin, həm də Zirə, Dübəndi və s. yerlərin sakinlərinin, bağ sahiblərinin karına gələn 30 kilometrlik Qala-Pirallahı dəmir yolu fəaliyyətə başlayıb.

Sovet dövləti dağılandan sonra isə elektrik qatarları ləğv edildi. İndi bu nəqliyyatın bərpası ekoloji baxımdan da çox faydalıdır. 

Elektrik qatarlarının bərpası paytaxt sakinləri üçün böyük əhəmiyyət kəsb edirdi. Bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti paytaxt sakinləri rahat şəkildə elektrik qatarları ilə bağa və çimərliklərə gedə biləcəyi barədə məlumatlar versə də, ancaq əməl olunmadı. Bakı və Kəndlər Birliyinin sabiq sədri, Buzovna ziyalısı Nəsir Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki, dəmir yolları Bakı-Sabunçu vağzalı ilə Abşeron yarımadasında olan bütün kəndləri bir-birinə bağlamışdı:

“O dövrdə bu iqtisadi-ictimai əlaqə Bakı kəndlərində nəqliyyat problemini birbaşa həll etmişdi. Eləcə də qara-çovğuna baxmayaraq dəmir yollarının fasiləsiz fəaliyyət göstərməsi onun ən böyük üstünlüklərindən idi. Bakı kəndlərində insanların bir-birini tanıması, ünsiyyət qurmasıda dəmir yolunun böyük əhəmiyyəti olub. Bir var kənd sakinləri 50-60 nəfərlik marşrut avtobuslarında gedə, bir də 6 vaqonda. Dəmir yolları səhər saat 5-dən Buzovna, Mərdəkan, Maştağa, Şüvəlan, Şağandan işə başlayırdı Təzə Bazara və Yaşıl Bazara qədər gedərdi.Həmin vaxtlar kənd təsərrüfatı məhsulları bazara tezdən çıxırdı. Nəticədə bazara keyfiyyətli məhsullar idxal olunurdu”.

Nəsir Ağayev Bakı kəndlərində dəmir yollarının yığışdırılmasını Azərbaycanın siyasi-ictimai tarixindəən böyük fəlakət adlandırdı: “Dəmir yolları yığışdırıb, yollardakı relslərin hara aparıldığını heç kəs bilmir. Həmçinin o elektrik dəmir yollarının yerləşdiyi torpaq sahələrinin də kimə satıldığı bilinmir. Dəmir yollarının yığışdırılmasında dövlətdən və millətdən başqa uduzan olmadı.

Həmin nəqliyyat vasitəsi ilə 5 il universitetə gedib-gəlmişəm. Dəmir yollarının yenidən bərpa olunmasını eşitmişəm. Ancaq yenidən bərpa üçün dəmir yolunun reyslərini, torpaqlarını satanlar üzə çıxarılmalıdır. Onlara buna görə cəza verilməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları