Yuxarı

TQDK və Təhsil Nazirliyinin 17 min tələbə oyunu

TQDK və Təhsil  Nazirliyinin 17 min  tələbə oyunu

 

“Alan razı, satan razı”

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl 17 min tələbənin təhsil haqqını ödəyə bilmədiyinə görə, ali məktəblərdən xaric olunması barədə məlumat açıqlamışdı. Bu statistika son 3 ili əhatə edir. Əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən tələbələrin bir çoxu banklardan kredit götürməklə bu problemi həll edə bilirdilərsə, artıq bu da mümkün deyil. “Cümhuriyət” qəzeti məsələnin aktuallığını nəzərə alıb mövzunu digər istiqamətlərdə də davam etdirir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Asim Mollazadə açıqlamasında bu istiqamətdə müvafiq maliyyə mexanizmlərinin müəyyənləşdirilməsinin vacib olduğunu vurğulayıb: “Tələbələrin öz təhsil sisteminə vəsait gətirə bilmələri üçün təhsil kreditlərini almaq imkanları olsun. Xüsusi qeyd etməliyəm ki, kadrların hazırlanması sistemində ciddi islahatlar olmalıdır. Demək olmaz ki, ödənişli təhsil alan tələbələrin əksəriyyəti yüksək biliklərə malik olan şəxslərdir. Yüksək biliyə malik olan və təhsilə ciddi yanaşan tələbələrin əksəriyyəti ödənişsiz təhsil sisteminin imkanlarından istifadə edir. Hesab edirəm ki, zəruri kadrların hazırlanmağı üçün bir sistem də formalaşdırmalıyıq. Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı olan istiqamətlərdə zəruri kadrları yetişdirmək üçün müvafiq proqramlar hazırlaya bilərik. Bu istiqamətdə öz təhsilini davam etdirmək istəyən gənclər dövlətin müəyyən proqramlarında ödənişsiz təhsil əldə etmək üçün imkanları geniş olsun.

Digər tərəfdən baxmayaraq, nailiyyətləri yüksək deyil, amma ali təhsil almaq istəyən tələbələrin də müəyyən kreditləri götürmək imkanları olmalıdır. Sadəcə, sonradan tələbələr bu kreditləri ödəməyi bəzi suallar doğurur.

Ona görə burda balans olmalıdır və ölkənin təhsil strategiyasında bu amillər nəzərə alınmalıdır. Zənnimcə, hər bir gəncin peşə ilə təmin olunmağı üçün ölkədə peşə təhsil evi gücləndirilməlidir.

Hamının ali təhsil alması şərt deyil. Peşə təhsilinin bir sistem kimi genişlənmək və müvafiq gənclərin müvafiq ixtisası öyrənmələri üçün bu sistemi genişləndirə bilərik. Bu istiqamətdə də gənclərin hazırlanması üçün müvafiq inkişafa nail ola bilərik”.

Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, komitədə təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən xaric olunan tələbələrin statistika xarakterli hesabatı aparılmır.

Qeyd edək ki, “Cümhuriyət” qəzetinin ötən sayında Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji Universitetlərindən təhsil haqqını ödəyə bilməyən tələbələrin ali məktəbdən uzaqlaşdırılması faktının qeydə alınmadığı bildirilib.

Maraqlıdır, 17 min tələbə universitetdə ödənişli əsaslarla təhsil alacağını görüb ali məktəbdən imtina edib, yoxsa universitetdə müəyyən kursu bitirəndən sonra xaric olunub? Bu sualı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) ünvanlasaq da, konkret cavab verilməyib. Komissiyadan bildirilib ki, 17 min tələbinin ali təhsil ala bilməməsi statistikası 1992-ci ildən bəri olan rəqəmlərdir. Müvafiq şöbədən illər üzrə neçə nəfər tələbənin xaric olunması ilə bağlı statistikanı qəzetə təqdim ediləcəyi bildirilsə də, təəssüf ki, iki gün ərzində gözləməyimizin nəticəsi olmadı. Qəzetin Təhsil Nazirliyinə ünvanlandığı yazılı sorğusunun taleyi də elə TQDK-ya gedən suallar kimi nəticəsiz qaldı.

Sonra da deyin ki, KİV-lər normal iş fəaliyyəti ortaya qoyub, operativ işləyə bilmir. Biz üzərimizə düşəni edib hər iki tərəfi araşdırmağa cəhd etdik. Buradan belə bir nəticəyə gəlmək olar ki, iki tərəf də anlaşıb, artıq bu işə kimsənin qarışmamağı lazımdır.

Necə deyərlər, “alan razı, satan razı” olduğuna görə, hər kəs xoşbəxt olmalıdır... Bu məsələdə uduzan isə taleyi heç kimə bəlli olmayan 17 min tələbə oldu...

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları