Yuxarı

AXCP-nin şöbə sədri ölümlə hədələnib

AXCP-nin şöbə sədri ölümlə hədələnib

AXCP-nin Ağstafa rayon şöbəsinin sədri Maarif Salahov Cebhe.info-ya müraciət edərək rayon İcra Hakimiyyəti və bələdiyyə nümayəndələri tərəfindən ölümlə təhdid olunduğunu deyib.

Maarif Salahovun sözlərinə görə, Ağstafa rayon sakini Ələsgər Muradovun babasına aid 300 illik tarixi abidənin məmurlar tərəfindən dağıdılması ilə bağlı şikayəti “Cumhuriyət” qəzeti və Cebhe.info saytında yayınlandıqdan sonra təhdid olunur: “Ağstafa Rayon İcra Hakimiyyətindən və bələdiyyədən şöbəyə nümayəndələr gəlmişdi. Onlar bağırıb çağıraraq məni küçə söyüşləri ilə təhqir etdilər. Onlara dedim ki, bura yaşayış yeridir. İşlətdiyiniz ifadələri qadınlar eşidirlər. Buna məhəl qoymadılar, üzərimə gəlib məndən hesab sormağa başladılar ki, niyə o şikayətlə bağlı yazı qəzetdə yayımlanıb? Hətta məni ölümlə hədələdilər ki, səni öldürəcəyik. Həmin şəxslər Nəriman Məmmədov və soyadını bilmədiyim Etibar adlı şəxs idi. Məni bir neçə dəfə hədələdilər ”.

Qeyd edək ki, Ağstafa sakini Ələsgər İmran oğlu Muradov rayonun Dağkəsəmənli kəndində 300 yaşı olan tarixi abidənin sökülməsi ilə bağlı “Cümhuriyət” qəzetinə müraciət etmişdi. Şikayətçinin bildirdiyinə görə, kənd ərazisində dövlət tərəfindən qorunan “Balabəyin evi” adlı tarixi abidə mart ayının 26-da Alik Fuad oğlu Muradov tərəfindən dağıdılıb. Nəticədə abidənin bir tərəfi yararsız hala düşüb. Həmin şəxs abidənin dağıdılmasını Ağstafa rayon Məhkəməsinin qərarı ilə əsaslandırıb. Şikayətçi məsələ ilə bağlı Ağstafa hüquq-mühafizə orqanlarına müraciət edib. Polis Şöbəsindən Ələsgər Muradova məsələnin araşdırılacağını deyiblər.

Qeyd edək ki, 300 yaşı olan “Balabəyin evi” abidəsinin Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2016-2019-su illər arasında tam bərpası nəzərdə tutulur.

 





Həftənin ən çox oxunanları