Yuxarı

Separatizm silahı işə salındı

Separatizm silahı işə salındı

  Dilavər Əzimbəyli: “İranda onlara separatizm dərsi keçirlər” Sabir Rüstəmxanlı: “Azərbaycanı təxribata çəkmək istəyirlər” Zəlimxan Məmmədli: “Onlar Rusiyadan idarə olunur” Daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri - Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, adını “Müsəlman Birliyi Hərəkatı” qoyan təşkilatın rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Son dövrlərdə milli və dini zəmində separatçılığın yayılması halları artır. Bəs separatçılığın yayılmasında kimlər maraqlıdır? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Tarixçi alim Dilavər Əzimli “Cümhuriyət”ə şərhində separatçılıqla Rusiya, İran və Ermənistanın məşğul olduğunu bildirib. Onun fikrincə, insanlar bu tora bilməyərəkdən düşürlər: “Dövlət özünün təhlükəsizliyini daim təmin etməlidir. Dövlət üçün ən qorxulu tendensiyalardan biri də milli və dini zəmində olan separatçılıqdır. Bir az boşluq yaradan separatçılıq işə düşür. Azərbaycanda dövlət dindən ayrı olsa da, dövlət dinə qayğı göstərir. Dövlət eyni zamanda buna nəzarət mexanizmi həyata keçirməlidir. Çünki qonşu dövlətlər daha çox bundan yararlanırlar. Azərbaycanın qonşuluğunda Türkiyə, İran, Ermənistan, Rusiya, Gürcüstan kimi dövlətlər var. Türkiyə ilə münasibətimiz bəllidir, demək olar ki, eyni dövlətik. Gürcüstanla da müəyyən yaxşı münasibətlərimiz var. Biz müstəqillik qazanandan sonra Rusiya, Ermənistan və İran məhz separatçı üsullardan istifadə edib. Hətta Rusiya Ermənistanla birgə televiziyada açıblar. Talışların özünün belə qəbul etmədiyi  əlikramçılar da oturublar orda, bir erməni qızını da çıxarıblar ora talış dilində danışdırırlar. Bunlar ənənəvi talış-türk birliyini ayırmaq istəyirlər. Tarixən talış- türk eyni dinə, eyni kökə, eyni mətbəxə sahib olublar, yalnız adları başqadır. İran isə ən çox şiə faktorundan istifadə edir. Və özünə müsbət imic qazandırır. Onları təmsil edən bədbəxtlər isə, bəzən bilməyərəkdən bəzən isə bilərəkdən tora düşürlər. Yüzlərlə belə fakt var ki, cənub zonasından nə qədər insan gedir İranda təhsil almağa ancaq onlardan çoxu geri qayıdır. Çünki orda birbaşa din təhsili yox, dini zəmində separatizm dərsi keçirlər. Düzdür onu tərifləyənlərdə var ancaq çoxları təhsili yarımçıq qoyub geri qayıdıblar. Müşahidə etsəz görərsiz ki, orda təhsil alıb qayıdanlardan tələb çox güclü olur. Onlar dövlət, islam təəssüfkeşliyi yox, İran təəssüfkeşliyi ortaya qoyurlar. Hesab edirəm ki, dövlət bununla bağlı təhlükəsizliyini daim gücləndirməli və ayıq-sayıq olmalıdır”. Vətəndaş Həmrəlik Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, Ermənistan, İran və Rusiya müxtəlif ad altında separatçılığı yayan dövlətlərdi. Onun sözlərinə görə, bu dövlətlər müxtəlif yollardan istifadə edib Azərbaycana qarşı təxribat törətmək istəyirlər: “Bu bizim apardığımız müharibənin, mübarizənin tərkib hissəsidir. Düşmənlər Azərbaycana qarşı təkcə silahla vuruşmurlar. Azərbaycanı içəridən yıpratmaq üçün müxtəlif yollardan istifadə edirlər. Etnik qrupların hüquqlarının qorunması adı altında fəaliyyət göstərirlər. Separatçılığın yayılmasının 3 əsas meydanı var. Ermənistanda talış separatizminin başçılarından biri Fəxrəddin Abbaszadə İrəvanla televiziya rabitəsi qurur və onlara hesabat verir. Orda açıq-aşkar deyir ki, Azərbaycan adında dövlət qalmamalıdır, məhv olmalıdır. Bilmirəm Azərbaycan ona nə edib, bu kin-küdurət hardan qaynaqlanır. Uzun illər Azərbaycanda yaşayan biri olub. Separatizmin digər qidalandığı yerlərdən bir İrandır. İran vaxtilə erməni separatizmini də dəstəkləyib. Dinin yayılması adı altında əslində Azərbaycanda yenə də bölücülük və Azərbaycanı dağıtmaq siyasətinə xidmət edən adamlara yardım edirlər. Son illərdə biz bunu müşahidə etmişik. Separatizmi dəstəkləyən dövlətlərdən biri də Rusiyadır. Uzun illər bir yerdə yaşadığımız, heç vaxt aramızda ayrı-seçkiliyin olmadığı milli azlıqlarla Azərbaycan xalqı arasında süni şəkildə qarşıdurma yaradırlar. “Talış separatizmi”nə, “Sadval”a və bir sıra başqa təşkilatlara da qida verən Rusiyadır. Hər cür yollarla müəyyən addımlar atılır. Amma bunun Azərbaycanda yayılması üçün zəmin yoxdur. Son günlər baş verən savaş göstərdi ki, talış, avar, ləzgi xalqlarının nümayəndələri gördü ki, onların övladları Azərbaycan sağ olsun deyib torpaq uğrunda canlarından keçdilər. Bizim üçün lazım olan, bizi düşündürən budur. Yerdə qalanlar oyunlardır, onlarda hamısı keçib gedəcək”. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də  separatçılığın yayılmasında İran və Rusiyanın rolu olduğunu deyib. Onun sözlərinə görə, separatçıların Azərbaycanda xüsusi mərkəzləri də var: “Cənubi Qafqaz ölkələri üçün, əsasən Azərbaycan və Gürcüstan üçün dini zəmində qarşıdurma yaratmaq ən ciddi silahlardan biridir. Bunun müəllifləri də Rusiya və İrandır. Vaxtilə biz “Talış-Muğan”, “Sadval” birliklərini də görmüşük. Və bunların hamısı Azərbaycanın dik durmasını əngəlləmək üçündür. 2 aprel hadisələrindən öncə əsasən etnik məsələlərin müzakirə olunması üçün bəzi media orqanları təşəbbüslər etdilər. Həmin mərkəzlərin Azərbaycanda mediası da, QHT-ləri də var. Ona görə də Azərbaycan əgər Dağlıq Qarabağ məsələsində israrlı olub, ərazi bütövlüyünün təmini məsələsində ardıcıl addımlar atarsa və o cümlədən Türkiyə ilə daha fundamental yaxınlaşma olarsa, Avropa ailəsinə meyl güclənərsə, bu cür destruktiv qüvvələr stimullaşdırıla bilər. İstisna etmirəm ki, Azərbaycanın bütövlüyünə qarşı separatçı şüarlar səsləndirilə bilər. Bunu da kimsə cahilliyindən edir. Başqa hallarda isə bunlar İran və Rusiya tərəfindən idarə olunur. Hər halda Azərbaycanın müstəqillik yolu ağır yoldur və bu yolda da bu cür halların baş verməsini təbii qarşılamaq lazımdır. Bunun qarşısını almaq üçün Azərbaycanda fundamental şəkildə islahatlar aparılmalıdır. O zaman İranın, Rusiyanın və digər Azərbaycanı istəməyən qüvvələrin fəaliyyətlərinə rəvac vermiş olmarıq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları