Yuxarı

İslahat adı altında talan?

İslahat adı altında talan?

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sərəncam ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə daşıyır.

Təhsil Nazirliyin 2000-2014-cü tədris illərini əhatə edən rəsmi statistikasına əsasən nazirliyin tabeliyində olan ilk peşə ixtisas təhsili müəssisələrinin və həmin müəssisələrdəki şagirdlərin sayında kəskin azalma və ya artım müşahidə olunmur.

2000-2001-ci ildə ilk peşə ixtisas təhsilli müəssisələrin sayı 110, şagirdlərin sayı 22944

2001-2002-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 109, şagirdlərin sayı 21619

2002-2003-cü ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 109, şagirdlərin sayı 20753

2003-2004-cü ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 110, şagirdlərin sayı 21677

2004-2005-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 110, şagirdlərin sayı 21563

2005-2006-cı ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 107, şagirdlərin sayı 22189

2006-2007-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 107, şagirdlərin sayı 23813

2007-2008-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 107, şagirdlərin sayı 24455

2008-2009-cu ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 108, şagirdlərin sayı 25184

2009-2010-cu ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 108, şagirdlərin sayı 25604

2010-2011-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 108, şagirdlərin sayı 27672

2011-2012-ci peşə ixtisas təhsilli müəssisələrin sayı 107, şagirdlərin sayı 28587

İşğal olunmuş rayonlarda yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrində  isə

2012-2013-cü ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 106, şagirdlərin sayı 29906

2013-2014-cü ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 108, şagirdlərin sayı 27745

2014-2015-ci ildə peşə ixtisas təhsilli müəssisələrin sayı 107, şagirdlərin sayı 24328 nəfər peşə təhsili alıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən ilk peşə ixtisas təhsili müəssisələri statistikaya salınmayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə nə vəd edir?

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya bildirib ki, “Təhsil haqqında” qanuna görə təhsil pillələrindən biri də peşə ixtisası məktəbləridir: “Təəssüf ki, Azərbaycan gəncləri daha çox texnikum və kolleclərə, daha sonra ali məktəblərə meyl edirlər. Amma təhsili başa vurduqdan sonra onlar əmək bazarında özlərinə yer tapa bilmirlər. Dünyanın ən nüfuzlu ölkələrində fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin böyük əksəriyyəti heç də ali təhsili şəxslər deyil. Əmək bazarında daha çox ali təhsillilərin işlə təmin olunmamasının səbəbi onların peşə bacarıqlarının aşağı səviyyədə olmasıdır.

Peşə məktəbləri bitirmiş şəxslərdən kimi tanıyırıq? Geniş araşdırmamdan sonra gördüm ki, əmək bazarında 2013-cü ilə qədər demək olar ki, işləyəni yoxdur. Müstəqillik dövründə peşə məktəblərinin fəaliyyətini iki hissəyə bölmək olar. 2013-cü ilə qədər və bu ildən sonra. 2013-cü ilə qədər peşə məktəblərinin istər texniki bazası, istərsə də müəllim heyəti kifayət qədər dağınıq vəziyyətdə idi. Hansı ki, dövlət büdcəsindən işləyən kontingent üçün kifayət qədər maliyyə ayrılırdı. 2013-cü ildən sonra ciddi şəkildə qanunvericilik bazası yaradıldı. Hətta yeni texniki peşə məktəb binaları və texniki bazaları istifadəyə verildi”.

Ekspert nazirliyin statistikasına əsaslanaraq peşə məktəblərinə tələbin olmadığın vurğulayıb:

“Orada oxuyanlar kimlərdir? Məlumdur ki, dövlət peşə təhsili alanlara həm də təqaüd ayırır. Burda oxuyan kimlərdir? Yaş senzi nə qədərdir? Ora rəhbərlik edən şəxslərin işi daha çox dövlət büdcəsindən ayrılan pulu yeməkdən ibarətdir. Kimlərinsə adını texniki peşə məktəbinə yazırlar, təhsil alanların dərsdə iştirakına heç maraqlı da deyillər. Statistik nəticəyə baxsaq görərik ki, 2013-2014-cü ilə qədər peşə məktəblərinin fəaliyyəti konkret olaraq yoxdur.

Ora açıq şəkildə qəbul həyata keçirilmədiyi üçün çoxları burdan xəbərsizdir. Prezident də bu sahənin inkiaf etdrilməli olduğunu bildiyi üçün bu addımı atıb. Bu gün Texniki Universiteti çıxmaq şərti ilə hansı ali təhsil müəssisəsi peşə yönümlü kadr hazırlayır? Heç biri. Biz elə düşünürük ki, dövlət müəssisələrinə ali təhsilli kadrlar lazımdır. Fransada, Almaniyada texniki peşə o qədər yüksək inkişaf edib ki, işə qəbul zamanı məhz o müəssisələri bitirmişlərə üstünlük verirlər”.

Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda peşə təhsili sahəsinə xüsusi diqqətin ayrılması zərurəti ortaya çıxıb:

“2013-cü ilə qədər avtomobil üzrə kadr hazırlayan peşə məktəbləri var idi, onların da avadanlıqları yox idi. Axı bu, təcrübə üzərində olan bir peşədir. İşə qəbul zamanı məlum olur ki, şəxsin bacarığı yoxdur. Əslində yeni yaradılan agentlik gecikmiş bir qurumdur. Ümumilikdə Azərbaycanda 109 peşə məktəbi fəaliyyət göstərir. Məzunlarının sayı ali təhsilli şəxslərin heç 1 faizini təşkil etmir. Amma Fransada, Almaniyada, Gürcüstanda peşə təhsili təhsil alanların ümumilikdə 25-30 faizini təşkil edir. Sovet dövründə idarə, müəssisə, fabriklərdə işləyənlərin 65-70 faizi peşə məktəblərinin məzunu idi. Amma bu gün Azərbaycanda texniki işlərlə məşğul olanlar belə ali təhsillidir. Axı bu, qanunvericiliyin tələblərini pozur. Ona görə də bu sərəncam çox vacib idi”.

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında sözügedən sərəncamın keyfiyyətli peşə təhsilinə keçilməsi üçün vacib addımlardan biri olduğunu bildirib:

“Azərbaycanda digər ölkələrdə olduğu kimi peşə yönümlü ixtisaslaşmanın daha da güclənməsinə ehtiyac var. Məqsəd olaraq bu, doğru addımdır. Sadəcə dövlət qurumlarının nəzdində yeni agentliklərin, strukturların yaradılması əlavə büdcə xərclərinin artırılmasına xidmət edəcək. Səhv etmirəmsə, Təhsil Nazirliyinin nəzdində peşə təhsili ilə məşğul olan xüsusi idarə var idi. Bunun ayrıca bir agentlik kimi yaradılmasında məqsədin nədən ibarət olduğu qaranlıq qalır. Ümumiyyətlə, peşə ilə bağlı gələcəkdə keyfiyyətli işçi qüvvəsinin yaradılması ilə bağlı addımların atılması çox vacibdir”.

Ekspertin sözlərinə görə, peşə təhsilində əsas elementlərdən biri bizneslə birbaşa əlaqəlidir: “Hansı peşələrə ehtiyac yarandığını iqtisadiyyat müəyyən etməlidir. İqtisadiyyatda dirçəliş olmadan sənaye müəssisələri, istehsal sahələri yaradılmadan formallıq xatirinə peşə təhsilini gücləndirmək heç bir effekt verməyəcək. Türkiyədə böyük şəhərlərin ətrafında sənaye bölgələri var. Həmin bölgələrin nəzdində sənayeçilərlə bir yerdə peşə təhsili ilə məşğul olan xüsusi qurumlar yaradılıb. Hətta bir çox hallarda dövlətə aidiyyəti də olmur. Sadəcə biznes tərəfindən maliyyələşdirilən tələblərini ödəmək üçün peşə fəaliyyəti ilə məşğul olan qurumlar yaradılır. Sadəcə iqtisadiyyatdan və istehsalçılardan sifariş gəlmədən bunu formal xatirinə etmək ciddi effekt verməyəcək. Bunun üçünsə, sənayeni inkişaf etdirmək və bu sahədən gələn sifarişləri artırmaq lazımdır. Belə olan halda atılan addımlar müəyyən effekt verəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları