Yuxarı

Binəqədi yanğınında Mahmudov izi

Binəqədi yanğınında Mahmudov izi

Qəza, yoxsa siyasi məqsədlərə xidmət edən təxribat?

Sülhəddin Əkbər: “İstintaq sistemi korrupsiyalaşıb və tamamilə icra hakimiyyətindən asılıdır”

Ərəstun Oruclu: “Bu cür təxribatlar obyektiv araşdırılmır”

Binəqədi rayonunda 16 nəfərin həlak olmasıyla yadda qalan yaşayış binasının yanmasından bir il keçdi. Keçən dövr ərzində istintaq qrupu olayın sirrini aça bilmədi, yaxud açılsa da cəmiyyətdən gizlədildi. Hadisənin Bakıda keçirilən I Avropa Oyunlarından əvvələ təsadüf etməsi hadisənin qaynağını şaxələndirdi. Yanğının icraçıları arasında Rusiya, İran, ABŞ və Ermənistan xüsusi xidmət orqanlarının adları hallandırıldı. Hadisənin 1-ci ildönümündə isə tamam ilginc iddialar ortaya çıxır.

Kibriti Mahmudov çaxıb?

İddiaya görə, yaşayış binasının yandırılmasında keçmiş milli təhlükəsizlik nazirliyinin başçısı Eldar Mahmudov və “çete”sinin rolu olub. Mənbələr sabiq MTN generalının bu planının sırf siyasi məqsədlərinə xidmət etdiyini və xarici dövlətlərdən birinin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyini bildirirlər. Bu, iddia o məntiqə bağlanılır ki, Eldar Mahmudov istefaya göndərildikdən sonra istintaq qrupu demək olar ki, araşdırmaları dayandırdı. Gələn məlumatlara görə, araşdırmanın dayandırılmasına səbəb də Mahmudovun binanın yandırılması üçün kibrit çaxmasının sübut olunmasıdır. Generalın bu işi hansı məqsəd üçün gördüyünə gəlincə, bildirilir ki, bu birbaşa siyasi məqsədlərə xidmət edən təxribatdır və xarici dövlətdəki dəstəkçiləri ilə siyasi sistemdə yüksəlişini təmin etmək üçün bu və digər vasitələrlə hakimiyyət daxilində qarşısına çıxan əngəlləri zərərsizləşdirmək istəyib. Qeyd olunur ki, keçmiş nazirin bu yolda atdığı ilk addımlardan birinin də 2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qətliam törətməsi olub. Siyasi məqsədləri üçün sahibkarlar və zəngin iş adamlarından şantaj, təzyiq və həbs etmə yollarıyla özünə kifayət qədər maliyyə resursu toplayan qorxulu generalın son təxribatı isə sonda “qələm”inin qırılmasına gətirib çıxardı.

“Məsələ siyasiləşib və təşkilatçıları gizlədilir”

Keçmiş MTN əməkdaşı, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə yanğın hadisəsində Eldar Mahmudovun izinin olması iddiasının fərziyyələrdən biri olduğunu deyib. S.Əkbər hesab edir ki, hadiəsinin detallarını üzə çıxarmaq üçün obyektiv istintaq araşdırması aparılmalıdır: “Araşdırma qrupu bu və digər iddialar üzərindən həqiqətləri ortaya çıxarmalıdır. Obyektiv istintaq aparılmayanadək, bu hadisənin icraçıları, təşkilatçıları və planlaşdıranlarını üzə çıxarmaq mümkün olmayacaq. Buna görə də, kənardan hansısa ssenari, hansısa fərziyyə irəli sürmək mümkündür. Amma obyektiv istintaq aparılmalı və günahkarlar ortaya çıxarılmalıdır. Bu gün də istintaq aparılmadığına və cəmiyyətə açıq informasiya verilmədiyinə görə, müxtəlif fərziyyələr ortaya çıxır”.

Sülhəddin Əkbər hesab edir ki, demokratik və müstəqil məhkəmə sistemi olmayan dövlətlərdə obyektiv istintaqın aparılması da mümkün deyil: “Bu da siyasiləşmiş məsələ olduğuna, yaxud hansısa dövlətin xüsusi xidmət orqanı ilə bağlı ortaya çıxdığına görə, araşdırmanı obyektiv aparmaq mümkün olmur. Azərbaycanda istintaq sisteminin korrupsiyalaşması və tamamilə icra hakimiyyətindən asılı olduğu üçün obyektiv istintaqın aparılmasını da gözləmək sadəlövhlük olar”.

“Eldar Mahmudovun rolu...”

Keçmiş MTN əməkdaşı, “Şərq – Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə hələ hadisə baş verdiyi vaxt bunun təxribat olduğunu dediyini bildirib. Ə.Oruclu təxribat üçün bu binanın təsadüfən seçilmədiyini deyib: “Təxribatın əsas hədəfi daha çox insan itkisi və cəmiyyətdə effekt doğurmaq idi. Burada Eldar Mahmudovun rolunun olub, olmamasını deyə bilmərəm, amma hər halda hadisələrin təhlili göstərir ki, Azərbaycanda bu tip hadisələr, terror aktları, təxribatlar obyektiv araşdırılmır. Vaxtilə ADNA-da baş verən terror da obyektiv araşdırılmadı, Elmar Hüseynovun qətlinin üstü də açılmadı. Həmin binayla bağlı olan təxribat da qapalı qaldı. İstinaq bunun üzərini açmadı. Bildiyim qədər bununla bağlı qurulmuş istintaq qrupu yetəri qədər peşəkardır və hadisənin detallarını aça bilər. Görünür, bununla bağlı siyasi qərar yoxdur”. Mənsur





Həftənin ən çox oxunanları