Yuxarı

Bakıda hicab monopoliyası

Bakıda hicab monopoliyası

Hicab... Ərəbcədən tərcümədə “arakəsmə”, “pərdə”, “örtük”deməkdir. Çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınlarının küçəyə çıxarkən geyindikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir.

Əvvəlcə hicab örtmək Məhəmməd peyğəmbərin (S.A.S) zövcələrinə əmr edilmişdi, sonra isə bütün müsəlman qadınlarına şamil edildi. “Nur” surəsinin 31-ci ayəti və “Əhzab” surəsinin 59-cu ayətlərin enməsiylə müsəlman qadınlara Allah tərəfindən əmr olunub. Hicab müsəlmanlar yaşayan şəhərlərin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişdilər. Hicabın müxtəlif növləri var: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. Hicab gəzdirməkdən imtina etmək müsəlman ölkələrində həyatı demokratikləşdirmək uğrunda mübarizənin şüarlarından biri olmuşdu. İlk dəfə olaraq hicabdan nümayişkaranə surətdə Misirdə XIX əsrin 70-ci illərində imtina edilib. Azərbaycanda bu proses XX əsrin əvvəllərində baş vermiş, bu hadisəylə əlaqədar sovet dövründə çadrasını başından atan qadın təsvir olunan "Azad qadın" heykəli ucaldılıb. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar. Lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır.

Statikstikaya görə, Azərbaycan əhalisinin 95%-i müsəlman, ondan 85%-i şiə, 15%-i sünni məzhəbinə ibadət edir. Konstitusiyanın 48-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir və dini azadlığı təmin edir. Ölkəmizin 95% əhalisinin müsəlmanlar olmasını və əhali arasında dinə meyin getdikcə artması da dini mağazaların sayının artmasını şərtləndirir. Lakin dini mağazalarda satılan əşyaların və yaxud dini geyimlərin, hicabların qiymətləri heç də hər kəsin cibi ilə uyğunluq təşkil etmir.

Hicabların fantastik qiymətləri

Cebhe.info-nun Bakıdakı dini mağazalarda apardığı müşahidələr heç də ürəkaçan olmayıb. Öncə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Məryəm” hicab dünyası mağazasına daxil olduq. Satıcılar içəri girər-girməz qarşımızı kəsdi:

-Nə lazımdır?

Sadəcə qiymətlərlə maraqlanmaq istədiyimizi bildirib içəri daxil olmağa nail olduq. Qiymətlər həqiqətən o qədər baha idi ki, hicablıların vəziyyətini bu qiymətlərdən yaxşı anlamaq olurdu. Dəst geyimlər 300-370 AZN, hətta mərasimlər üçün paltarlar daha fantastik qiymətə təklif olunur. Hicab 220AZN , niqab 50-80 AZN, çarşab 110-180 AZN, örtük 90-110 AZN, şal 120-180 AZN...

Qiymətlərin baha olması mağazadakı alıcılardan birinin də narazılığına səbəb oldu.

“Çörək pulumu hicaba verirəm”

Sahib Hüseynov adlı alıcının sözlərinə görə, qiymətlərin baha olması onları din yolundan döndərməyə xidmət edir: “Xanımıma hicab alıram. Qiymətlər elə bahadır ki, mən çörək pulumu hicaba verirəm. Nə edək, hicabı ataq? Bir dəst paltar 300 manata başa gəlir. Mən bir dəst xanımıma aldım, bir dəst də qızıma aldım, bu da edir 600 manat. Mən 600 manat pul qazanmaq üçün 2 ay işləyirəm. Olmaz axı bu qədər qansızlıq... Adların dini mağaza qoyublar, imanları, dinləri yoxdur bunların. Heç o sinəsi açıq paltarların qiymətləri bu qədər baha deyil. Nə edək, gedək düşək pis yollara? Dinimizə belə mağazalar, belə alverçilər xələl gətirir. Dövlətimiz bizi belələrindən qorusun, xahiş edirik, Qafqaz Müsəlmanları İdarəsi bizi bu yezidlərdən qorusun”.

Xuraman Şuşalı: “100 manatla mağazaya gedirsən, heç nə ala bilmirsən”

Qeyd edək ki, daim fərqli dini geyimlərlə sevənlərinin qarşısına  çıxan müğənni Xuraman Şuşalı da qiymətlərdən narazıdır. Ancaq Cebhe.info-ya açıqlamasında Allaha eşqin qiymətlə ölçülmədiyini bildirdi, hərçənd ki, öncəki açıqlamasında qiymət bahalığından şikayətlənmişdi: “Bu dəqiqə heç nə ucuz deyil. 100 manatla mağazaya gedirsən, heç nə ala bilmirsən, geri dönürsən. Hər sahədə qiymət bahalığı müşahidə edilir. İstər ərzaqda, istər ədviyyatda, istərsə də dini mağazalarda. Amma mən hesab etmirəm ki, qiymətlərin belə bahalığı insanların dinə bağlılığını, hicaba sevgisinin qarışısını alsın. Əgər insanlar toya getmək üçün 400-500 manat pul xərcləyirsə,  təbii ki, bu qiymətə normal şəkildə hicab, çarşab ala bilərlər”.

Natəvan Şeyxova: “Düşünmyə vaxtım olsa...”

“Onun böyük ürəyi” filmində Lalə obrazını canlandıran tanınmış müğənni Natavan Şeyxova isə hicaba keçməyi düşünmür və bunun üçün vaxtının olmadığını bildirir: “Bilirsiniz, hal-hazırda buna heç vaxtım yoxdur. Əgər bunu düşünməyə vaxtım olarsa, o zaman mən sizə dəqiq bir söz deyə bilərəm. Bu, qəti bir qərardır, bu qərarı vermək üçün düşünmək lazımdır”.

Nəzakət Teymurova: “Bizim sənət hicabla bir araya gəlmir”

Tanınmış müğənni, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, prezident mükafatçısı Nəzakət Teymurova isə hicaba keçmək istəmədiyini bilirib: “Allaha ibadət öz yerində, amma mən hicaba keçmək istəməzdim. Bizim sənət ağırdır, ona görə də hicabla bir arada uyğun gəlmir, ona görə istəməzdim hicaba keçim”.

“Hicab da monopoliyadadır”

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa cəhd etsək də idarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova toplantıda olduğu üçün suallarımızı cavablandıra bilmədi. Dini ekspert Vaqif Cəliloğlu isə xarici görünüşün heç də inanca bağlı olmadığını qənaətini bölüşdü:

“Təsəvvür edin ki, auditoriyada müəllim korrupsiyanın günah olmasından danışır, lakin semestr vaxtı tələbələrə tapşırıq verir ki, 5-5 atışın. Bu məsələ də eyniylə bunun kimidir. Nə qədər dini geyim geyinsən də, əsas əməldir, namazdır. İman geyimdə deyil. Həmçinin də geyimlər nə qədər baha, nə qədər ucuz olsa belə əməl və namaz daha önəmlidir. O ki qaldı qiymətlərin bahalığına, bu, bir qrup insanların monopoliyasında olduğu üçün belə bahalıqdır. Onların hamısı yalançı möminlərdir, möhtəkirliklə məşğuldurlar. Dini libasları baha qiymətə satanları mən "maünafiq" adlandırıram. Peyğəmbər Əleyhissəlam buyurur ki, münafiqlər iki sürü arasında qalan qoyunlardır. Onlar  da münafiqdirlər. Onlar üçün bu dəqiqə dindən, imandan çox biznes maraqlıdır. Qafqaz Müsəlmanları İdarəsi bu məsələni diqqətdə saxlamalıdır. O ki qaldı bu kimi amillərin dindarları dinindən döndərmək amacına, məncə, bunlar sırf biznes və qazanc mahiyyətlidir. Onların dinindən döndərilməsi ilə bağlı söhbət belə gedə bilməz”.

Rövşən Əsədov

 





Həftənin ən çox oxunanları