Yuxarı

Şimaldan böyük köç: Azərbaycanı nə gözləyir?

Şimaldan böyük köç: Azərbaycanı nə gözləyir?

İşsiz azərbaycanlıların vətənə böyük qayıdışı

Elşən Manafov: “Sosial narazılıq artacaq”

Ötən ilin sonlarında Rusiya Federal Statistika Xidməti yoxsulluq həddində yaşayan əhalinin sayının 2015-ci ilin ilk yarısında 14,8% artaraq 21,7 milyon nəfərə çatdığını bəyan etmişdi. Hazırda isə Rusiyada yoxsulluq həddindən aşağı yaşayanların sayı daha 5 milyon nəfər artaraq 27 milyona çatıb. Belə ki, neftin qiymətlərinin düşməsi və milli valyuta olan rublun devalvasiyası sözügedən ölkədə əhalinin böyük bir hissəsinin yoxsullaşmasına səbəb olub. Bunu Rusiya prezidenti Putinin köməkçisi Andrey Belousov deyib. Onun sözlərinə görə, bu, ölkə üçün ən böyük problemdir.

“Hazırda Rusiya əhalisinin 13%-i yoxsulluq həddindən aşağı yaşayır. Böhrandan əvvəl bu rəqəm 10% idi. Bu isə əlavə 5 milyon yoxsul insan deməkdir. Bunların arasında müxtəlif yaş qruplarına aid insanlar var” - deyə A.Belousov vurğulayıb. Rusiyada azərbaycanlıların da yaşadığını nəzərə alsaq, Federasiyada artan yoxsulluğun ölkəmizə də təsiri qaçılmazdır. Federasiyada baş verən yoxsulluqdan əziyyət çəkən həmvətənlərimiz vətənə üz tutur.

Bunun nəticəsində isə Azərbaycanda da yoxsulluq səviyyəsi artır. Belə ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumatda isə, cari ilin ilk dörd ayında ölkə əhalisinin gəlirləri 9% artaraq 13,7 mln-a çatıb. Gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,6%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər isə 12,4 mln. manat olub. Bu isə əhalinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 9% artması deməkdir. Hansı ki, 2015-ci ilin dörd ayında ölkə əhalisinin gəlirləri 12,6 milyard manata çatıb. Gəlirlərin 74,4%-i son istehlaka, 9,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 13,7 %-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Belə aydın olur ki, əhali bu il qazancının 85 faizdən çoxunu gündəlik qida və geyim xərclərinə, kommunal və vergi ödəmələrinə istifadə edib.

Rusiyada hər 8 nəfərdən 1-i yoxsuldur

Politoloq Elşən Manafovun sözlərinə görə, Rusiyada əhalinin maddi güzəranının ağırlaşması, yoxsulluğun artması ilə bağlı baş verən tendensiyalar daha çox Rusiya- Qərb konstektində baş verən iqtisadi olaylarla bağlı olub. Rusiya Krım məsələsi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) təşəbbüsü ilə Avropa Birliyinin (AB) və qərb şirkətlərinin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsinə səbəb olub. Bu sanksiyalar bir tərəfdən Rusiyanın maliyyə, enerji bazarını və bank sistemini hədəfə götürmüşdü. Rusiyada rublun məzənnəsinin dollara nisbətdə aşağı düşməsi əhalinin maddi durumuna təsir göstərməyə bilməzdi. Xüsusilə sosial təminata ehtiyacı olan əhalinin maddi durumu ağırlaşıb və qısa zaman kəsiyində ölkədə kasıblıq səviyyəsində yaşayan əhali qeyd olunduğu kimi, 27 mln-a çatıb.

Bu, Rusiya üçün kifayət qədər ciddi bir rəqəmdir. Yəni, Rusiyada əhalinin hər 8 nəfərindən 1-i yoxsulluq səviyyəsində yaşayır. Ancaq güman edilir ki, Rusiya öz iqtisadi potensialından səmərəli istifadə edə bilsə və bu müddət ərzində qeyri-neft sektorunun inkişafı ilə bağlı Putinin təşəbbüsü ilə başlamış islahatlar qısa zaman kəsiyində özünü doğrultsa, dünya neft bazarında neft qiymətlərinin düşməsi ilə bağlı mənfi tendensiyalardan qurtula bilsə və ya OPEC-də təmsil olunan dövlətlərlə sövdələşərək dünyada neftin qiymətinin artması istiqamətində hansısa irəliləyişə nail olsa, əhalinin maddi durumunun nisbətən yüksələcəyi ilə bağlı məsələləri istisna etməmək olmaz.

Rusiyadan Azərbaycana göndərilən müavinət azalır

E.Manafov bildirib ki, rəsmi məlumatlara görə Rusiyada 2,5 mln-dan çox azərbaycanlı var. Amma ümumiyyətlə, qeydiyyatdan keçmədən, vergidən yayınaraq işləyən azərbaycanlı 750 -800 min nəfərə çatır. Rusiyada yaşanan hadisələr heç şübhəsiz ki, həmvətənlərimizin xərclərinin artmasına, gəlirlərinin isə azalmasına səbəb olub.

Bu isə həmvətənlərimizin Azərbaycana göndərdikləri müavinətlərın azalmasına səbəb olub. Amma güman olunur ki, əhalinin gəlirlərində müşahidə olunan artım 9% sosial partlayışın qarşısını ala bilər. Bütün bunların kontekstində kütləvi şəkildə Rusiyada işləyən həmvətənlərimizin ölkəyə qayıtması ilə bağlı prosesləri hələ ki, izləmirik. Hər nə qədər də olsa, Rusiya bazarı azərbaycanlılar üçün cəlbedici olaraq qalmaqdadır və güman edirik ki, ölkəyə göndərilən müavinətlərin sayı 1 mlrd.-dan 750 mln. dollara ensə də, başqa seçim yolu yoxdur.

Azərbaycanlılar vətənə qayıdaraq investisiya yatırmaq, sahibkarlığın inkişafı istiqamətində hansısa addımlar atmaq imkanına malik deyil. İndiki vəziyyətdə onların Rusiyada qalıb işləməsi təmamilə anlaşılandır. Bundan başqa Azərbaycan-Rusiya münasibətlərində Rusiyanı narahat, yaxud qane etməyən məqamlar olarsa, Moskva bir qayda olaraq həmişə bundan istifadə etmək üçün müəyyən detallara eyham vurub.

Ən əsası onunla bağlıdır ki, zaman-zaman Rusiya miqrant siyasətini sərtləşdirib. Güman edirik ki, Azərbaycan və Rusiya münasibətlərində ciddi problemlərin yaşanmadığı təqdirdə Rusiya ciddi miqrant təzyiqinə getməyəcək. Bunun olmayacağı təqdirdə həmvətənlərimizin ölkəyə qayıdışı və sosial narazılığın olması istisna olunur. Bütövlükdə Rusiyada yaşanan hadisələrlə bağlı azərbaycanlıların ölkəyə göndərdikləri müavinətlərin, pul vəsaitlərinin həcminin azalması ölkəmizdə həmin müavinətlərə ümidli olan ailələrin sosial güzəranına, maddi durumuna kifayət qədər mənfi təsir göstərir.

Azərbaycanda son iki ildə 2 dəfə baş verən manatın devalvasiyaya uğraması ölkədə kasıblıq həddində yaşayanların faiz göstəricilərinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. İqtidar işsizliyin 5% həcmində olması məsələsini qabartsa da, təbii ki, bu 5% deyil, güman edirik ki 14-15%-dir. İqtidarın bəyanatları reallığa ziddir. “Əhalinin gəlirlərinin artması ilə bağlı rəsmilərin səsləndirdiyi bəyanatlar ölkədəki sosial-iqtisadi gerçəklikləri ehtiva etmir. Bu cümlədən ölkədə məşğulluq mərkəzində qeydiyyatdan keçmiş vətəndaşların sayı qeyd olunduğu kimi, 40 mindən bir qədər yuxarıdır.

Onların isə 14 mini Bakının payına düşür. Amma bilirik ki, ölkədə işsiz əhalinin sayı kifayət qədərdir və sahibkarlığın inkişafı və dəstək sahəsində ölkə iqtidarının həyata keçirdiyi müəyyən addımlara baxmayaraq, ölkədə sahibkarların ciddi problemləri mövcuddur, ölkə sahibkarlığı ayrı-ayrı müvafiq qurumların və məmurların qanuna zidd hərəkətləri nəticəsində ciddi problemlər yaşayır. Güman edirik ki, sahibkarlığın mövcud problemləri kontekstində ölkədə əhalinin artması ilə bağlı söylədiyi fikirlər əksər hallarda reallıqları ehtiva etmir”, - deyə E.Manafov bildirib.

E.Manafov, həmçinin bildirib ki, beynəlxalq institutlar Azərbaycandakı müəyyən prosesləri ciddi nəzarət altında saxlayırlar. Həmin insitutların ölkədə əhalinin gəlirlərinin indiki durumu ilə bağlı səsləndirdiyi fikirlər, faktlar ölkə iqtidarının səsləndirdiyi fikirlərdən əhəmiyyətli dərəcədə fərqlənir. İctimai fikirdə məhz iqtidarın maraqlarına xidmət edəcək ümumi ab-havanın və mənzərənin yaradılmasına hesablanmış bir siyasətdir. İqtidarın bütün maraqları baxımından tamamilə anlaşılan bir siyasətdir.

İqtidar əhalinin gəlirlərinin artdığını qeyd edir, eyni zamanda da etiraf edir ki, ölkədə problemli kreditlərin həcmi 2 mlrd. dollardan yuxarıdır və son bir neçə ayda əhalinin banklara ödədiyi faizlərin hesabı 400 mln. manatdan yuxarı olub. Əgər əhalinin gəlirləri artıbsa, istehlak kreditləri almış əhali həmin borcları qaytarmaq iqtidarında deyil?! Problemli kreditlərin artması ilə bağlı iqtidarın səsləndirdiyi fikirlər, əhalinin gəlirlərinin artması ilə bağlı səslənən fikirlər arasında çox ciddi ziddiyyət var və bu fikirlərin biri digərini tam mənada inkar edir. Güman edirik ki, əhalinin gəlirlərinin artması ilə bağlı iqtidar rəsmilərinin söylədiyi fikirlər bütün hallarda ölkədə mövcud reallığı ehtiva etmir”.

Odər Qəni





Həftənin ən çox oxunanları