Yuxarı

İmperiyanı çaşdıran Kələki gedişi

İmperiyanı çaşdıran Kələki gedişi

Oqtay Məmmədov: “O, düşmənin ssenarisini pozdu”

Tofiq Seyidov: “Elçibəy Kələkiyə getməklə...”

Fərəc Quliyev: “O, vətəndaş müharibəsinin qarşısını almaq üçün getdi”

23 il öncə Azərbaycan Xalq Cəbhəsinin lideri, məhrum prezident Əbülfəz Elçibəy iqtidarının apardığı geridönməz müstəqillik siyasətindən təşvişə düşən xarici və daxili düşmənlər birləşərək Azərbaycanda hərbi qiyam təşkil etdilər və ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Öz xalqını labüd faciələrdən qurtarmaq istəyən Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə getdi və burada 4 il 4 ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi.

O, getməyi seçdi

Mərhum prezidentin şəxsi mühafizə xidmətinin rəisi Oqtay Məmmədov öz kitabında Elçibəyin Kələkiyə getməsinin təsadüf olmadığını bildirib:

“Böyük ehtimalla prezidentin Kələkiyə getməsi haqda fikrini ilk bilən şəxs mən oldum. Həmin dövrdə vəziyyət çox gərginləşmişdi. Artıq iyunun 16-da bizə məlum olurdu ki, Bakıda qalmaq çətin olacaq. Əlbəttə, söhbət bizim və prezidentin taleyi ilə yanaşı ölkədə baş verəcək vətəndaş müharibəsindən gedirdi. Azərbaycanın düşmənləri bunu istəyirdi. İyunun 17-də əlimizə müəyyən məlumatlar daxil olmuşdu”.

Bəli, həmin vaxt Azərbaycan öz ictimai-siyasi dövrünün ən kritik mərhələsini yaşayırdı. Elçibəy Bakını tərk etməzdən 13 gün əvvəl Gəncədə dövlətə qarşı qiyam baş vermiş, hərbi müxalifətlə siyasi müxalifət birləşmişdi. Əsas məqsəd Elçibəy hakimiyyətini devirmək, ölkəni bir neçə yerə parçalamaq, Azərbaycanı düşməni Ermənistan qarşısında pis vəziyyətdə qoymaq idi. Elçibəy bütün bunları bildiyi üçün belə ssenariləri prezidentlikdən getmək bahasına da olsa, poza bildi. Onun iki seçimi vardı, ya ölkəni vətəndaş müharibəsinə sürükləməklə hakimiyyətini saxlamaq, ya da bunun qarşısını almaq üçün kənara çəkilmək. Elçibəy də getməyi seçdi.

Həmin vaxt AXC İcraiyyə Komitəsinin sədri, millət vəkili Fərəc Quluyev bir neçə gün sonra - artıq Kələkidəykən belə açıqlama verir:

“Təxminən gecə saat 1-in yarısında bizə sənəd gətirdilər. Orada SSENARİ var idi. 18 iyun səhər saat 6-da prezidentin rezidensiyasına hücum etməli idilər. Hücum edənlər tərəfindən atəş açılandan sonra mühafizəçilər cavab atəşi açmalı idilər. Təbii ki, qvardiya da bu işə qoşulacaqdı. Məhz bundan sonra şəhərə qarışıqlıq düşəcəkdi. Bakı kəndlərində saxlanılan motosikletçilər qrupu şəhərə çıxmalı, pərakəndə şəkildə atəş açmalı idilər. Bununla da qarşıdurma başlanmalı idi. Bunun qarşısını almaq üçün bir saatlıq məsləhətləşmələrdən sonra yeganə çıxış yolu kimi bura gəlməyi qərara aldıq”

Prezident Əbülfəz Elçibəyin onun öz kabinetində qəbul etdiyi sonuncu şəxs ARDNŞ-nin prezidenti Sabit Bağırov oldu. Sabit bəyin sonralar danışdığına görə, Bəy yəqin ki, aldığı mühüm bir xəbərdən son dərəcə dilxordu.

Prezident mühafizəsinin rəisi general Vaqif Axundovun müavini olan polkovnik Oqtay Məmmədov «Elçibəy ilə otuz il» kitabında yazır: «1993-cü il iyun ayının 17-də gecə saat 24.00 idi. Mən prezidentin qəbul otağında dayanmışdım. Prezidentin kabinetinin qapısı açıqdı. Heydər Əliyev, Rəsul Quluyev və Etibar Məmmədov çıxıb getdilər. Sonra Elçibəy kiçik iclas zalına keçərək orada toplanmış Xalq Cəbhəsi rəhbərliyi ilə qısa bir iclas keçirdi. İclasdan sonra prezident mənə dedi ki, səninlə işim var. Bu işin nədən ibarət olacağını mən təxminən hiss edirdim və dedim ki, nə işdirsə iqamətgahda danışmaq daha yaxşı olar. O razılaşdı və bir az sonra iqamətgaha gəldik. İqamətgaha getməmişdən əvvəl mən iclasdan çıxan Fərəc Quluyevə dedim ki, sən məni görməmiş getmə, ola bilsin ki, səninlə işimiz oldu. İqamətgahın həyətində prezident vəziyyətlə maraqlandı. Mən bildiklərimi ona məruzə etdim… O dedi ki, bəlkə bir neçə günlük Bakı kəndlərinin birinə gedək. Mən dedim ki, Bakı kəndlərinin birinə getmək, mənə elə gəlir ki, düz deyil. Gediriksə daha güvənli bir yerə getməli, ya da iqamətgahda qalıb sona qədər vuruşmalıyıq. Bir neçə gündən sonra vəziyyətin necə olacağı bilinmir. Əgər Bakı kəndlərinin birində olsaq oranı mühasirəyə alıb bütün kommunikasiya xətlərini kəsəcək və dünya ilə əlaqəmizi yox edəcəklər. Gələcəkdə də əgər çıxmaq istəsək o kənddən heç cürə çıxa bilməyəcəyik. O dedi ki, sən bir az gəziş, mən fikirləşim.

Təxminən on dəqiqə sonra məni və Fərəc Quluyevi yanına çağırıb Naxçıvana getmək barədə qərarını dedi...”

“...Bizim hava limanına getməyimizi məndən başqa Vaqif Axundov və bizimlə Naxçıvana uçacaq olan üç mühafizə işçisindən başqa heç kim bilmirdi. Təxminən saat ikidə uçağa mindik. Vaqif Axundov da minmək istəyəndə dedim ki, sən qalırsan. […] Beləliklə, təyyarəyə qalxdı, prezidentlə vidalaşaraq aşağı enəndə məndən soruşdu ki, birdən Heydər Əliyev (o, ayın 15-dən Məclisin sədri idi) məndən prezidentin hara getdiyini soruşsa nə cavab verim? Dedim ki, deyərsən bilmirəm, ya Naxçıvana getdi, ya da Türkiyəyə. Təxminən saat üçdə Naxçıvanda yerə endik»

Oqtay Məmmədovun kitabında bir çox fikirlər var. O, yazır:

«Rusiya qiyamı nə şəkildə dəstəkləyəcəyini planlaşdırmışdı. Bu məqsədlə Bakıya gizli yollarla 100, 30 və 17 nəfərlik xüsusi təlim görmüş qruplar göndərmişdi. Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məsul işçisi polkovnik Nəriman İmranov və başqaları üç aya yaxın idi ki, Bakıda bu məsələlərlə məğğul olurdular. Həmin təxribatçı qüvvələr əgər vətəndaş müharibəsi başlarsa şəhərdə müxtəlif inzibati və yaşayış binalarında partlayışlar törətməli, çoxlu insan tələfatına səbəb olmalı, imkan olarsa prezident Əbülfəz Elçibəyin həyatına qəsd etməli və hakimiyyətsizlik yaratmalı idilər. Bu məsələnin həllində onların daxili köməkçiləri də az deyildi. Ayın 17-dən 18-ə keçən gecə səhər saat 06.00-da bu əməliyyatlar başlamalı idi. Bu qarşıdurmadan istifadə edən S.Hüseynovun adamları saat 8-9 arası Bakıya girib QRAD qurğuları ilə Prezident Aparatı və ətrafını vurmalı idilər...”

Beləliklə Əbülfəz Elçibəy iyunun 17-dən 18-ə keçən gecə 5 nəfərlə - AXC İK sədri Fərəc Quluyev, Oqtay Məmmədov, mühafizəçilər Ədalət Məmmədov, İlqar Qədirquliyev və sürücü Xəlil Qəniyevlə birlikdə Binə hava limanından təxminən saat 2-yə qalmış prezident təyyarəsində Naxçıvana uçub. Uçuş elə məxfi təşkil edilib ki, hətta liman işçilərinin də ondan xəbəri olmayıb. Ancaq təyyarə göyə qalxandan sonra Azərbaycan Hava Yollarının rəisi Ədalət Əliyev bu haqda Ali Sovetin sədri Heydər Əliyevə məlumat verərək Elçibəyin Naxçıvana uçduğunu bildirib. Naxçıvanda təyyarədən düşən Elçibəyi Asəf Quluyev və digər cəbhəçilər qarşılayıblar. Daha sonra Elçibəy Kələkiyə yola düşüb.

“Elçibəy Rusiyanın işğal planını pozdu”

AXC İcraiyyə Komitəsinin sabiq sədri, Elçibəyin ən yaxın silahdaşlarından biri Tofiq Seyidov “Cümhuriyət”ə bildirib ki, Elçibəy Kələkiyə Azərbaycanı fəlakətdən qorumaq üçün getdi. T.Seyidov qeyd edib ki, o, hakimiyyətə gələndə prezidentliyinə məqsəd kimi baxmamışdı:

“Amma Elçibəyin yürütdüyü milli siyasət kənar güclər, Rusiya və digər dövlətlər, o cümlədən bəzi daxili qüvvələr tərəfindən bəyənilmirdi. Onun hakimiyyətini yıxmaq üçün bütün qüvvələr hərəkətə keçmişdi. O, getməklə Azərbaycan xalqını vətəndaş müharibəsindən qurtardı. Bu, xalqa böyük xidmət idi. Çünki həmin vaxt ölkədə baş verən davaların kökündə “kreslo” dururdu. Bu adam ömrünün əsas hissəsini həbsxanalarda keçirib. O, canından qorxub getdi? Yox, belə deyil. Elçibəy millətini, vətənini çox sevirdi. Seçim qarşısındaydı: ya hakimiyyətini, ya da vətəndaş müharibəsini seçməliydi. Çünki böyük qüvvələr millətçi, vətənpərvər olan, ölkəsini hər şeydən çox istəyən bir şəxsin hakimiyyətdə qalmasını istəmirlər. İngiltərə, ABŞ, İran və Rusiya onu hakimiyyətdə qalmağa qoymazdı. Ona görə ki, Elçibəy bütün sərvətlərin xalqın olduğunu deyirdi. Xalq ayağa qalxmadı. Ölkəsinin fəlakətlə üz-üzə qaldığını görən Elçibəy özünü qurban verdi. O, vətəndaşlarının biri-birinə silah qaldırmasını həzm edə bilməzdi. Elçibəyin ən böyük xidməti o idi ki, Azərbaycanı qorxulu vətəndaş müharibəsindən xilas etdi”.

Tofiq Seyidov bildirib ki, Rusiya ordusu sərhəddə Azərbaycanda vətəndaş qırğınının çıxmasını gözləyirdi:

“Ruslar gözləyirdilər ki, Azərbaycanda vətəndaş müharibəsi başlasın və 1920-ci ildəki kimi öz ordusunu “Azadlıq Ordusu” kimi Azərbaycana yeridib buranı yenidən işğal etsin. Elçibəy

 Kələkiyə getməklə Rusiyanın planını pozdu. Bilirdi ki, bu getməklə onu təhqir edəcəklər, incidəcəklər. Özü də dedi ki, “Kreslo sizindi, mən vətəndaş müharibəsi istəmirəm”. Faktlarla araşdırılsa, Elçibəyin həmin vaxt Kələkiyə niyə getdiyini bilərlər”.

“Gecə 1-in yarısında bizə sənəd gətirdilər”

23 il sonra həmin hadisələrlə bağlı həmin vaxt Əbülfəz Elçibəylə Kələkiyə gedən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Elçibəyin Kələkiyə getməsi zərurətdən doğmuşdu: “Cəmiyyət tərəfindən qəbul olunub ki, Elçibəy Azərbaycanda vətəndaş müharibəsinin baş verməməsi üçün getdi. O, hakimiyyətdən imtina edərək getdi və bunun nəticəsində ölkədə vətəndaş müharibəsi baş vermədi. Bu, tarixi bir addım idi”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları