Yuxarı

Elçibəyə qarşı qərəz

Elçibəyə qarşı qərəz

Oqtay Qasımov: “Absurd və yalandır, Əbülfəz bəy protokollara əməl edən bir adam idi”

Tofiq Seyidov: “Hürriyət” kommunistlərin qəzetidir”

Türkiyənin “Hürriyyət” qəzeti Azərbaycanın mərhum prezidenti, xalq hərəkatının lideri Əbülfəz Elçibəylə bağlı absurd iddia ilə çıxış edib. Mənbə qeyd edir ki, Elçibəy prezident seçildikdən sonra 1992-ci il iyunun 24-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq üçün İstanbula səfər edib:

“Səhər tezdən qonaqlar qaldıqları nömrələrdən çıxaraq, sammitin keçiriləcəyi zala toplaşmağa başlayırlar. Amma Elçibəy zalda görünmür. “Çırağan” sarayı axtarılır, prezidentin harada olduğu Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşulur. Ancaq heç kim Elçibəyin yerini bilmir. Dövlət naziri Ercan vəziyyəti dərhal dövlət naziri Cavid Çağlara bildirir. Çağlar təcili olaraq baş nazir Süleyman Dəmirəlin yanına gedir deyir: “Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Onu müşayiət edənlər də harada olduğunu bilmir. Sammit başlamaq üzrədir, Elçibəysiz bu iş olarmı? Əfəndim, nə əmr edirsiniz?” Dəmirəl soyuqqanlı şəkildə bildirir ki, məsələni hələlik açıb-ağartmasınlar. İstanbul polisinin rəisi, sammitin təhlükəsizliyinə məsul Necdet Menzirə Elçibəyin harada olduğunu araşdırmaq üçün göstəriş versinlər. Polis rəisi əmri alandan dərhal sonra araşdırmaya başlayır, otel personalından ilk ip ucunu alır. Məlum olur ki, Elçibəy səhərin erkən saatlarında otağından çıxıb birbaşa “Çırağan” sarayının giriş qapısına yönəlib, küçədəki taksilərdən birinə minərək harasa gedib”.

Sifariş haradan gəlib?

İddianın absurd olduğu məlum məsələdir. Ümumiyyətlə, Türkiyədəki erməni və kürd iş adamlarının nəzarətində olan və bir qayda olaraq, türkdilli dövlətlərə qarşı əsassız iddialarla gündəmə gələn bu qəzetin sifarişli əsaslarla fəaliyyət göstərdiyi də hər kəsə məlumdur. Görünən odur ki, Elçibəyə qarşı olan bu absurd iddia da, xalq hərəkatı liderinə qarşı qərəzi olan dairələrin işidir. Sifarişin Türkiyədəki həmin dairələrdən gəldiyini iddia etmək doğru olmazdı. Çünki Türkiyənin siyasi gündəmi tamam başqadır və burada əsasən tarix yox, günümüzün mövzuları müzakirə mövzusudur. Çox güman ki, bu Elçibəy vəfat etdikdən sonra da ona qarşı Azərbaycanda qara piar kampaniyası başlayanların işidir.

“Hürriyyət”dən  “Azadlığ”a

Məsələnin başqa ilginc tərəfi özünü Elçibəyin guya davamçısı elan edən “Yurd” sədri Əli Kərimli və onun kurasiyasında olan media qurumlarının buna verdikləri reaksiyadır. İddia Türkiyə mediasında görünər-görünməz bunu Azərbaycanda ilk tirajlayan “Yurd”un rəsmi orqanı “Azadlıq” qəzeti və eyniadlı sayt oldu. Prinsipcə, bu Əli Kərimlinin elan etdiyi strategiyaya zidd bir hərəkət idi. Və “Azadlıq” həqiqətləri üzə çıxarmalıydı, araşdırma aparmalıydı. Lakin bunu Elçibəyin adına ləkə yaxacaq jarqonda təqdim etməsi isə göstərir ki, məsələnin başqa tərəfləri var. Digər yandan mahiyyətinə də uyğun idi. Şübhəsiz ki, Əli Kərimli Elçibəy vəfat etdikdən sonra bir dəfə də olsun, AXC liderinin prinsiplərinə sadiq qalmayıb. Dəfələrlə öz mahiyyətinə və şəxsi çıxarları üçün oynadığı oyunla özünü əsl Elçibəy düşməni olduğunu sübut edib. Elə 28 May Respublika günü münasibətilə qatıldığı tədbirdə AXCP-nin rəmzlərini tapdalatması bunun sübutudur. Görünən odur ki, AXCP-dəki iqtidarını qoruya bilməyən “Yurd” sədrinə Elçibəy də lazım deyil. Azərbaycan siyasətində axırıncı nəfəsini verən Əli Kərimli üçün Elçibəy düşmənliyi nəfəsinin sonunu gətirəcək.

“Gecə saat 3-də oteli tərk etdi”

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Cümhuriyət”ə bildirib ki, bu iddia absurddur və məntiqi əsasları yoxdur: “Qəzetdə gedən yazıda hadisələr həm təhrif olunub, həm də jurnalist özfəaliyyətə yol verib. Hadisələr olduğu kimi qələmə alınmayıb, materialda şişirtmələr var. Yazıda qeyd olunur ki, Elçibəy Türkiyədə hava limanından enən kimi torpağı öpüb, belə bir hadisə olmayıb. Digər yandan Elçibəy oteli gecə 3-4 radələrində tərk edib. Yanında iki mühafizəçisi olub, biri mərhum İlqar Qədirquliyev, biri də prezident iqamətgahının mühafizəsinə cəlb olunmuş türkiyəli mühafizəçi idi. Həmin mühafizəçilərlə boğaz körpüsü, otel yaxınlığındakı kafeyə gedib. Yarım saat orada olub və torpağı da orada öpüb. Bunun da iki şahidi olub, başqa heç kəs olmayıb. Yarım saat Əblüfəz bəy orada İstanbula tamaşa etdikdən sonra otelə qayıdıb. Səhəri gün də toplantıya vaxtında qatılıb. Bundan başqa olan iddiaların hamısı yalandır. Bunların hamısı jurnalistin özfəaliyyətidir. Əbülfəz bəy protokollara əməl edən bir adam idi”.

“Elçibəy hara qaçıb Amerikaya, yoxsa Azərbaycana?”

AXC İcraiyyə Komitəsinin keçmiş sədri Tofiq Seyidov “Cümhuriyət”ə açıqlamasında, Azərbaycanın ictimai rəyində də rezonans doğurmuş bu iddiaları əsassız hesab edir: “Bunların hamısı iftira və böhtanlardan başqa heç nə deyil. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını yaradanın özü Əbülfəz Elçibəydir. Bu qurumu Elçibəy Türkiyə prezidenti Turqut Özalla birlikdə yaradıb. Bu iddia boş nağıldır. Belə məsələlərə baş yormaq, fikir vermək lazım deyil. “Hürriyyət” qəzetinin kimlərə məxsus olduğunu guya biz bilmirik? Bu qəzet kommunist və solçuların qəzetidir. Onlar türk sözünü deyəndə öz nifrətlərini çölə qusan adamlardır. Belə qəzetlərin nə yazdıqlarına fikir verməyin. Onların Elçibəydən də narahatlıqları var. Bunların hamısı əfsanələr, nağıllardır. Elçibəy hara qaçıb Amerikaya, yoxsa Azərbaycana? Başa düşə bilmirəm, necə yəni qaçıb? Nə yazırlar-yazsınlar. Hamı bilir ki, Elçibəy o əqidənin adamı deyildi”.

Mənsur





Həftənin ən çox oxunanları