Yuxarı

İdeoloji qarşıdurma güclənir

İdeoloji qarşıdurma güclənir

Bir qrup radikal islama, bir qrup ateizmə meyllənir

Sərdar Cəlaloğlu: “Bu gün bizim gördüyümüz müsəlmanların İslama heç bir aidiyyatı yoxdur”

Əli Orucov:“Din adamları sosial problemlərdən ustalıqla istifadə edirlər”

Manatın iki devalvasiyası Azərbaycanda davamlı sosial-iqtisadi böhranın əsasını qoydu. Gözlənilməz böhranla üzləşən cəmiyyət yoxsulluq səviyyəsinə yuvarlandı. Zatən, buna qədər siyasi sistemin rüşvət və korrupsiyaya bulaşması ölkədə sosial ədaləti pozmuşdu. Devalvasiyalar isə xalqı gözlənilməz və dərin problemlərin içinə atdı.

Böhran yoxsullaşma ilə yanaşı, ortaya başqa problemləri də çıxardı. Davamlı sosial-iqtisadi böhran insanları müxtəlif dini cərəyanlar, təriqətlər və ideologiyalar arasında parçaladı. Hətta sosial və iqtisadi problemlərinin həlli üçün terror təşkilatlarına üz tutanlar da oldu. “İŞİD”, “əl-Qaidə”, “ən-Nüsra” və “Hizbullah” kimi terror təşkilatlarına üz tutanlar bunun müqabilində külli miqdarda maddi gəlirlər əldə etdilər. Paralel olaraq, daxildə də maddi və iqtisadi təhlükəsizlik müqabilində müxtəlif dini cərəyanların nümayəndələrinə çevrilənlər də oldu. Vəhabilik, sələfilik, şiəlik, sünnilik, satanizm, ateizm, buddizm və digər qeyri-nənəvi dinlər, təriqətlər boy göstərməyə başladı. Daha çox da qoşulmaq müqabilində maddi vəsait təmin edən vəhabilik təriqətinin nümayəndələrində artım oldu.

Hesab olunur ki, insanların məqsədsiz və pərakəndə formada zərərli ideologiyalar və təriqətlərə qoşulmaları bir sıra təhlükələri ortaya çıxarır. Bu vəziyyətlərdə qarşıdurma riski də yüksək olur. Burada dideologiya və cərəyanlar arasındakı fikir və bağlandığı mərkəzlərin fərqliliyi, eyni zamanda məqsədləri əsas rol oynayır.

Mübahisəli iddia

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə bildirib ki, insanların müxtəlif dini cərəyanlar arasında parçalanmaları bu günün məsələsi deyil. S.Cəlaloğlu qeyd edib ki, bu böhranla bağlı olan məsələ də deyil: “Məhəmməd peyğəmbər öləndən 50 il sonra İslam dininin içində yenidən bütpərəstlik inkişaf etməyə başladı. İki cür bütpərəstlik var: inanmadan və inamın içində bütpərstlik. Təriqət və məzhəblər İslamın içində bütpərstlik kimi meydana çıxıb və inkişaf edib. İslam tarixində meydana çıxan təriqət və məzhəblərin sayıyla İslamdan qabaqkı Kəbədə bütpərəstlərin sayına baxsaz, həmin bütlərlə İslam daxilindəki məzhəblərin əqidələri ilə müqayisə etsəz, görəcəksiz ki, heç bir fərq yoxdur. Bu əqidələr ətrafında inanmaq insanları bütpərəstliyə aparır. Bu parçalanma “Quran”a yaxınlıqla bağlı deyil. İslamda təriqətlərin meydana gəlməsi və biri-birləriylə qarşıdurma vəziyyətinə gəlməsi “Quran”dan uzaqlaşmaqla bağlıdır.  Heç bir məzhəb və təriqət İslam dininə uyğun deyil. Müsəlmanlar getdikcə, İslam dinindən uzaqlaşırlar. Müsəlmanlıq başqa anlayışdır, İslam başqa. İslamda 3 din var: Yəhudilik, Xristianlıq və Müsəlmançılıq. Bu dinlərin üçündə də təhrif var. Məhəmməd peyğəmbər ona görə göndərildi ki, insanlar İslam dinindən uzaqlaşmışdılar. Peyğəmbər öldükdən 50 il sonra da insanlar yenə də İslamdan uzaqlaşdılar. Bu gün bizim gördüyümüz müsəlmanların İslama heç bir aidiyyatı yoxdur. Yeganə doğru yol Allaha, İslama yenidən qayıtmaqdır. Bunun üçün də məzhəb və təriqətlərdən imtina etmək lazımdır”.

“Onların əsas vəzifələri pul yığmaq deyil”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə deyib ki, insanların müxtəlif ideologiyalar və dini cərəyanlar arasında parçalanmasının bir səbəbi də təhsillə bağlıdır. Ə.Orucov hesab edir ki, burada əsas məsələ iqtisadi və sosial vəziyyətin çətinliyi ilə şərtlənmir: “Tam yetkinləşməmiş və lazım olan səviyyədə təhsil almamış insanlar həmin qüvvələrin təsirləri altına asanlıqla düşürlər. Çünki onlar reallıqla qeyri-reallığı, həqiqətlə yalnışı ayırd edə bilmirlər. Sosial-iqtisadi və maddi, həmçinin digər problemlərin həllini insanlar əsasən dini cərəyanlar və müxtəlif ideologiyalarda axtarırlar. Bu problemlərdən də din adamları çox ustalıqla istifadə edirlər. Düzdür, iqtisadi məsələlər də burada önəmli rol oynayır. Sosial ədalət nə qədər çox pozulursa dini radikalizmə və radikal təşkilatlara meyillilik o qədər də artır. Bu sahədə din adamları və dini qurmların üzərinə böyük vəzifə düşür. Bu sahədə məsul olan adamların əsas vəzifələri kabinetlərində oturub pul yığmaq olmamalıdır. İnsanları maarifləndirmək işini həyata keçirməlidirlər ki, dini qruplaşmaların təsirinə düşməsinlər. Çünki bu qruplaşmaların uzantıları xarici kəşfiyyat orqanlarına gedib çıxır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları