Yuxarı

Söküntüdən də qazanan Abid Şərifov

Söküntüdən də qazanan Abid Şərifov

Aytəkin İmranova: “Elə bil bütün məsələlər üzrə dövləti Abid Şərifov təmsil edir”

“Sovetski” ətrafında mübahisələr nəinki bitmir, əksinə zaman-zaman gündəmə gələrək, etirazların yenidən baş qaldırmasına təkan verir. Narazılar onlara ödənilən məbləğin azlığından şikayətləndikləri bir zamanda köçməyə razılaşan ailələrə ödəniləcək vəsaitin məbləği də nədənsə tez-tez dəyişir.  Belə ki, martın 3-də “Sovetski”də aparılan söküntü işləri ilə bağlı keçirilən görüşdə baş nazirin müavini Abid Şərifov hökumətin 1 kvadratmetr üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.

Bu günlərdə isə Abid Şərifovun dediyi “Sovetski”dən köçənlər sevinə-sevinə gedirlər” sözləri kəskin etirazla qarşılanıb. Az qala bütün həyatlarını keçirdikləri məhəlləni tərk etmək, üstəlik də bunun müqabilində alacaqları vəsaitin onları təmin etmədiyini bildirən sakinlər Abid Şərifovun açıqlamasını özlərinə qarşı təhqir kimi qiymətləndirirlər. Görünən odur ki, Bakının mərkəzindən daha ucqara getməyə razılaşmaq məcburiyyətində qalan, tarixi-memarlıq abidələrinin də söküntüsü ilə razılaşmalı olan sakinlər həm də dövlət rəsmisinin kinayəli sözlərini də qəbul etməlidirlər.

“Cümhuriyət”ə açıqlamasında “Tarixi-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova Abid Şərifovun dediklərini qeyri-ciddi adlandırıb. Onun sözlərinə A.Şərifovun sözləri hər zaman ziddiyyətli olub:

“Sovetski”də qalanlar hamısı abidə sayılan evlərdə yaşayırlar. Onlara vəd vermişdilər, onlar da rahat evlərində otururdular. Köçənlər hamısı məcburiyyət qarşısında qalıb getdilər, qalanların isə 3 aya yaxındır ki işığı, qazı, suyu, telefonu kəsilib. Hökumət rəsmilərinin çıxıb bu cür açıqlama vermələri nəinki “Sovetski” sakinlərinə, bütün millətə hörmətsizlikdir. Konistitusiyada yazılır ki, mülk bütövlükdə Azərbaycan xalqına məxsusdur. Təbii ki, Abid Şərifovun dedikləri qeyri-ciddidir. Onsuz da onun indiyə qədər dedikləri də davamlı olaraq ziddiyyətli olub. Orada yaşayan insanlar nə qədər tələb ediblər ki, onlara dövlətin ehtiyacının nədən ibarət olduğuna dair  rəsmi sənəd göstərisin. Çünki bu, sakinlərin haqqıdır. Onlar bilməlidir ki, bu ehtiyac nədir və nəyi ehtiva edir. Əgər onlar evlərini vermək məcburiyyətindədirlərsə, bunu nə üçün etməli olduqlarını onlara söyləmək, əsaslandırmaq lazımdır. Ancaq İcra Hakimiyyətinin vəkili vətəndaşlara deyir ki, “Sovetski”nin sökulməsi dövlət ehtiyacıdır. Dövlət ehtiyacı olanda insanları şəhərin mərkəzindən sürgün eləməlidirlər? Bu sökuntülərin necə aparıldığından heç kimin xəbəri yoxdur. Nə ictimaiyyətin nümayəndəsi, nə QHT, nə KİV nümayəndəsi var ki, insanlar öz dərdini deyə bilsinlər. Çıxsınlar açıq efirə, yaxud telefonlarını desinlər ki, o “xoşbəxt” gedənlər də, burda qalanlar da zəng edib öz suallarını versinlər. Şəffaflıq indi dünyanın idarə olunmasında əsas prinsiplərdir. Təəssüf ki Azərbaycan hökuməti üşün şəffaflıq ancaq sözdən ibarətdir”.

Aytəkin İmranova qeyd edib ki, insanların əllərində olan yeganə yaşayış yerini də qanunsuz olaraq sökürlər:

“Elə bil ki, bütün məsələlər üzrə dövləti Abid Şərifov təmsil edir.

Zəlzələ oldu, Kür daşdı, köçürmə komissiyası yarandı pula nəzarət etmək, qazanmaq üçün Abid Şərifov rəhbər oldu. Maliyyə Nazirliyi hara baxır bəs? Maliyyəni ayıran qurum niyə kənarda dayanıb? Ümumiyyətlə, maraqların toqquşması məsələsi var, ona görə də dünyada qanunlar qəbul edilir. Kim razı olar ki, şəhərin mərkəzində olan evinin kvadratmetrini 1500 manata satsın? Heç bu qədər də vermirlər. Hər kvadratmetrə 1250 manat, köçürülmə üçünsə 250 manat verirlər. Böyük pullar olan yerdə, hətta alqı-satqı olmadan nə qədər gözümüzün önündə evləri sökdülər. “Sovetiskidə” elə ailələr var ki, imkanı olmadığı üçün hüquqşunasa müraciət edə bilmir. İnsanlar var ki, gedir xəstəxanaya, qayıdanda görür ki, evi sökülür. Deyir ki, yaxşı, sökmüsünüz, heç olmasa mənə ev verin, cavabında deyirlər ki, gedin məhkəmədən istəyin. Amma  30 kvadratmetrə qədər olan evlər üçün onlar özləri ödəniş eləməlidirlər. “Sovetski”də özbaşınalıq baş alıb gedir. Azərbaycan vətəndaşı inflyasiyadan, devalvasiyadan, davamlı böhrandan əziyyət çəkir, bir tərəfdən də evini əlindən alıb sonrakı həyatı ilə maraqlanmırlar. Neftin qiyməti düşəndə dünyada ucuzlaşma baş verir, bizdə isə əksinə hər şeyin qiyməti qalxır. İnsanların olan- qalan 4 divarı var idi, onları da qanunsuz olaraq sökürlər. Nazirlər Kabineti adam göndərir ki, gedin flan evin kalonlarını sökün, müzeydə saxlayacağıq. Elə bundansa evləri qoruyub saxlayın, axı o evlərin hamısı tarixdir. Burada sadəcə olaraq maraq məsələsidir. İndi də tarixi abidə kimi qeydiyyata götürülən abidələr kütləvi surətdə qeydiyyatdan çıxarılır. Birinci növbədə dövlət üçün abidələrin mühafizəsi, ekologiyanın qorunması, insan haqları olmalıdır. Bakı ancaq yollardan ibarət olacaq? Niyə bu qədər tarixi olan şəhəri bu günə qoydular? Dövlət bu qədər möhtacdır ki, vətəndaşın axırıncı qəpik-quruşuna gözünü dikib?”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları