Yuxarı

“Xalq drujinaları” çimərliklərdə: Sevgililərə yeni nəzarət

“Xalq drujinaları” çimərliklərdə: Sevgililərə yeni nəzarət

“Xalq drujina”ları nəhayət ki, gözə görünməyə başlayıb. Belə ki, onlar son günlər dəniz mövsümü ilə əlaqədar dənizkənarı çimərliklərdə “gizlin” fəaliyyətə başlayıblar. Xüsusilə istirahət günlərində çimərliklərdə yüzlərlə insanın istirahətə gəlməsi “xalq drujinaları”nın işini artırıb.

Onlar dənizə gələn sakinlərə, daha dəqiqi cütlüklərə, dənizkənarı qumluq ərazilərdə maşınlarla əyləncəli tryuklar edən sürücülərə yaxınlaşır və onlardan sənədlərini tələb edirlər. Belə bir hal dünən axşam radələrində Mərdəkan çimərliyində “xalq drujinası”nın üzvü ilə dəniz kənarında istirahət edən gənclər arasında baş verib. Mübahisə gənc sürücünün əyləncəli truklar etməsi zamanı mülki vətəndaşın onun sürətlə idarə etdiyi maşınının qarşısına keçməsi ilə başlayıb. Dərhal maşını saxlayan sürücü ondan niyə belə etdiyini soruşub. Cavabında mülki geyimdə olan vətəndaş “Polis əməkdaşıyam” deyərək vəsiqəsini göstərib və gənc sürücüdən sürücülük vəsiqəsini tələb edib. Söhbət əsnasında gənc sürücü bunun üçün onun səlahiyyətlərinin olmamasını əsas gətirsə də, mübahisə dərinləşib və gənc sürücü özünü polis əməkdaşı kimi təqdim edən şəxsə məhəl qoymayaraq maşını sürərək oradan uzaqlaşıb. “Polis əməkdaşı” isə maşının nömrəsini məlum olmayan şəxslərə məruzə edib.

Keçmiş polis rəisi Mahmud Hacıyev baş veərn hadisə ilə bağlı Cebhe.info-ya şərhində bunu “ictimai nəzarət” adlandırıb:

“Onlar Sovetlərin hakimiyyəti dövründə də vardı, “xalq drujina”ları deyirdilər. Dəstə-dəstə qollarına qırmızı bağlayıb polislərə kömək edirdilər. İctimai yerlərdə, stadionlarda. Amma onların kimdənsə sənəd tələb etmək ixtiyarı, səlahiyyəti yoxdur. O, adi vətəndaşdır, adi vətəndaş da kimsə məhləsində sürətlə kimsə maşın sürürsə, gedib saxladır ki, kimsən, niyə möhkəm sürürsən qəsəbənin içində? O da adi vətəndaşdır, onlara yaxınlaşıb onu saxlada bilər. Əgər o, həqiqətən qanunu, yol- hərəkəti qaydalarını, sakinlərin istirahət hüququnu pozursa, müdaxilə üçün icazə verilir. Amma o cəza tətbiq etmir, sadəcə soruşur, onu tərbiyəyə, düz yola dəvət edir. Ola bilər desin, “sənədini ver baxım”, amma o sənədi onun əlindən almır ki... Bunu adi vətəndaşlar da edə bilər. Bilirsiniz, əvvəllər bu olub. İndi niyə camaata qeyri-adi gəlir ki bu? İctimai nəzarətdir bu. Bunu hər bir vətəndaş edə bilər. Əvvəl insanlar küçədə söyüş söyəndə, maşını sürətlə sürəndə, qanun pozanda polisdən qabaq vətəndaşlar müdaxilə edirdilər, dərhal qarşısını alırdılar. Amma indi insanlar laqeydləşib deyə məcburiyyətdən zərurət doğur. Ona görə də belə drujinalar fəaliyyət göstərir ki, ictimai nəzarət funksiyasını yerinə yetirsin. Əgər həmin mülki vətəndaş sürücüdən sənəd tələb edirsə, yaxud hansısa səlahiyyətlərini aşırsa, o zaman sürücülər və belə hallara məruz qalmış şəxslər fakt üzrə rəsmi müraciət etməlidir ki, sizin işə cəlb etdiyiniz mülki vətəndaş özünü polisdən də səlahiyyətli hesab edir. Araşdırmalar aparılsın. Belə fakt olmadan heç nə demək olmaz”.

Həmsöhbətimiz bildirib ki, əgər vətəndaş belə hala məruz qalırsa, ancaq bu barədə rəsmi aidiyyatı strukturlara məlumat vermirsə, sui- istifadə halları da artacaq:

“Polisə çalışan mülki vətəndaşın işi ictimai nəzarət funksiyasını yerinə yetirmək, vətəndaşı düz yola dəvət etməkdir. Əgər bundan da böyük hadisələr, məsələn avtoxuliqanlıq və s. baş verərsə, o zaman maşının nömrəsini, rəngini, markasını dərhal yaxınlıqdakı polis bölməsinə, Yol Polis İdarəsinə məlumat şəklində ötürməlidir”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları