Yuxarı

Xəstəxanaların “cib yandıran” qiymətləri

Xəstəxanaların “cib yandıran” qiymətləri

Azərbaycanlılar müalicə üçün xaricə üz tutur

Musa Quliyev: “Kim istəyirsə, komfortlu şəkildə müalicə olunsun, o, özələ müraciət edir”

Dövlət və özəl xəstəxanalarda cib və can yandıran qiymətlər səbəbindən xəstələrin xaricə üz tutması məsələsi yenidən gündəmə gəlib. Azərbaycanda fəaliyyət göstərən özəl xəstəxanalarda bir kurs müalicə götürmək üçün xəstə 500 manatdan yuxarı vəsaitindən keçməlidir. Onu da qeyd etmək lazımdır ki, bu məbləğə analiz daxil deyil.

“Cümhuriyət” qəzetinin bəzi özəl və dövlət xəstəxanalarında apardığı araşdırmadan xəstələrin niyə xaricə üz tutduğunu aydın sezmək olar.

Nəsrəddin Tusi Klinikası terapevtin qəbuluna 25 manatdan başlayır. Qarın boşluğunun UZİ-si 55 manatdır. Kompüter tomoqrafiyası isə 60 manatdır.

Ömür Klinikasında müayinə terapevtin qəbulu üçün 20 manatdan başlayır, bu qiymətə ancaq həkimin diaqnozu daxildir. Qarın boşluğunun UZİ-si 30 manat, beynin kompüter tomoqrafiyası 65 manatdır.

Bakı Medikal Plaza ginekoloqun konsultasiyası 30 manatdan başlayır. UZİ isə 30 manatdır.

Grand Hospital terapevtin qəbulu 30 manatdır. Qarın boşluğunun UZİ-si 40 manat, çanaq nahiyəsinin UZİ-si 95 manatdır. Əgər həkim həmin gün orda yoxdursa, evdən gətirmək 25 manat, rentgen 65 manatdır. Beyin Kompüter tomoqrafiyası 91 manat, MRT 129 manatdır. Uşaqlar üçün də həkimlərin qəbulu 30 manatdır.

Mərkəzi Klinikada terapevtin qəbulu 40 manatdan başlayır. Həkimlərin qəbulunda qiymət fərqi var. UZİ-də iki həkim var, onun biri 45 manata, digəri isə 60 manata baxır. Beyin Kompüter tomoqrafiyası 80 manatdır, Maqnit Rezonnas Tomoqrafiyası (MRT) 130 manatdır.

Avrasiya Klinikası terapevtin qəbulu 30 manatdır. Daxili orqanların UZİ-si 38 manatdır. Beyin Kompüter tomoqrafiyası 70 manatdır, Maqnit Razonnas Tomoqrafiyası (MRT) 110 manatdır.

Araşdırma zamanı məlum oldu ki, dövlət xəstəxanalarındakı vəziyyət özəl klinikalardan heç də fərqli deyil.

Milli Onkologiya Mərkəzinə yeni bir aparatura gətirilib ki, həmin aparaturadan müayinəyə ildə bir dəfə məsləhət görülür. Bu aparatura şəxsdə xərçəngin olub-olmamasın əvvəlcədən müəyyən edir. Yüksək və müasir texnologiya ilə quraşdırılmış bu aparatdan istifadəsi ona görə ildə bir dəfə məsləhət görülür ki, həmin qurğu insan bədəninə güclü şüa buraxır. Əldə etdiyimiz məlumata görə, həmin aparaturadan müayinə keçilməsi ən azı 1000 manata başa gəlir. Onu da qeyd edək ki, sözügedən aparatura Bakıda fəaliyyət göstərən heç bir xəstəxanada yoxdur.

Onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət edən xəstələr müayinəyə müxtəlif analizlər üçün 500 manata yaxın pul verməli olurlar. Kimyaterapiya 300 manatdır. Həmçinin, xəstə əlavə olaraq bəzi müayinələrdən keçmək üçün 60 manatdan 100 manata qədər vəsait ödəməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyindən əziyyət çəkənlər hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni məbləği ödəməlidirlər. Həmçinin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Bu cür xəstələrin şüa qəbul etməsi də qaçınılmazdır. Onun da 28 seansı 1000 manatdır. Əldə etdiyimiz digər faktlar bunu deməyə əsas verir ki, onkologiyada çalışan mütəxəssislər xəstəyə düzgün diaqnoz qoya bilmir. Məhz bu səbəbdən onkoloji mərkəzdə düzgün müalicə almayan kifayət qədər xəstə xaricə üz tutmaq məcburiyyətində qalır.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xəstə terapevtin qəbulu üçün 20 manatdan 50 manata qədər vəsait ödəməlidir. Fərq həkimlərin elmi dərəcələrinə görə müəyyən olunur. Daxili orqanların UZİ-si 25 manatdır. Beyinin Kompüter tomoqrafiyası 60 manatdan başlayır. Rentgen 15-25 manat arasında dəyişilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin I hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində deyilir:

“Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir.Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər.Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir. Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ vardır. Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər. Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin, karantinlə əlaqədar müavinət almaq hüququ vardır”.

Göründüyü kimi əhalinin sağlamlığının qorunması haqqında Konstitusiyada qanunlar var ki, var. Amma əminliklə deyə bilərik ki, reallıqda bu qanunların Azərbaycanda yaşayan əhali üçün heç bir əlaqəsi yoxdur. Xəstəxanalarda xəstələrə heç bir güzəştdən söhbət belə gedə bilməz. Hələ icbari tibbi sığortanı demirəm.Əlbəttə, son günlər səhiyyə sistemində baş vermiş ağlasığmaz hadisələri bir yazıda təsvir etmək qeyri-mümkündür.

Qanunla Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır.

Hardasa özəl klinikaları sahibkarlığın inkişafı baxımından başa düşmək olar. Təbii ki, bu, onlara haqq qazandırmır. Bu cür yanaşma yanlışlıq olardı. Bəs dövlət xəstəxanalarına nə deməli?

İcbari-tibbi sığorta bu ilin sonunda pilot şəklində tətbiq olunacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat, ixtisaca həkim Musa Quliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, onkoloji xidmət haqqında qanuna görə Azərbaycanın ərazisində öz xəstəlik profili üzrə və bütün müayinə və müalicələri ilkin olaraq almalıdır və alır:

“Amma ola bilsin ki, orda yanaşı xəstəliklərin müalicəsi və yaxud da müayinəsi ilə bağlı müəyyən xərclər var. Amma sırf onkologiya ilə bağlı dərmanlar pulsuz verilməlidir, verilir, müayinələr də pulsuz aparılmalıdır, aparılır. Qaldı ki, özəl klinikalarda müayinələrin qiymətinin təxminən 500 manat olmasına, bu, normaldır. Həmin xərclər dövlət klinikalarında çıxır, sadəcə dövlət onu ödədiyinə görə bizim gözümüzə görünmür. Bu ilin sonunda Azərbaycanda icbari tibbi sığorta işə düşəndən sonra görünən problemlərin böyük əksəriyyəti həll olacaq. Çünki icbari tibbi sığorta bunları qarşılayacaqdır. İcbari-tibbi sığorta bu ilin sonunda pilot şəkilində tətbiq olunacaq”.

Deputat həkim qəbulunda fərqli qiymətlərin olmasına da münasibət bildirib:

“Əlbəttə, fərqli qiymətlər olmalıdır. Birinin elmi dərəcəsi var, birinin təcrübəsi çoxdur, biri savadlıdır, birinin başqa yerlərdə işləri var. Bu, hər yerdə belədir və bizim üçün yeni bir şey deyil. Kimə tələbat çoxdursa, təbii ki, onun qiyməti də baha olmalıdır. Bu, normaldır. Tələbi və təklifi bazar müəyyənləşdirir. Kimin hara ehtiyacı var, hara imkanı var, gedib orda da müalicə alır. Dövlət xəstəxanası ondan ötəridir ki, dövlət öz əhalisinə bu xidmətləri göstərsin. Özəl isə tamam fərqli bir xidmətdir. Kim istəyirsə, komfortlu şəkildə müalicə olunsun, o, özələ müraciət edir. Kim istəyir ki, minimum müalicə və müayinə standartlarına uyğun xidmət alsın, o zaman dövlətə müraciət edir. Dünyanın hər yerində belədir. Sadəcə, Azərbaycanda icbari-tibbi sığorta tətbiq olmadığına görə, bu xərcləri vətəndaş cibindən ödəməli olur. Buna görə də bu, vətəndaş üçün ağır bir yükdür. Amma tibbi sığorta bu xərcləri qarşılayanda problemlər aradan qalxacaq. Özəl klinikalarda xidmət də, qiymət də fərqli olmalıdır. Məsələn, özəl bağça ilə dövlət bağçasında xidmətlər eynidirmi? Eyni deyil. Belə olsaydı, özələ ehtiyac olmazdı”.

İki və daha çox müəssisədə çalışıb eyni xidməti fərqli qiymətlərə görən həkimlərin olmasına gəlincə, Musa Quliyev bildirib ki, əmək məcəlləsi və şəxsin sağalmlığı buna imkan verirsə, burda heç kim məsuliyyət daşımır:

“Əmək məcəlləsinə görə, bir vətəndaş 2-3 yerdə işləyə bilər. Əvvəllər müəyyən qadağalar var idi, amma indi o aradan qaldırılıb. Həkimlər dövlət xəstəxanalarında pulsuz xidmət göstərməlidir və maaş almalıdır. Əgər aldığı maaş onu qane etmirsə və həkimin sağlamlığı, vaxtı, biliyi imkan verirsə ki, gedib özəl klinikada işləyib daha çox pul qazansın, bunun nəyi pisdir ki? Müəllim orta məktəbdə dərsin deyib daha sonra repetitorluqla məşğul olur. Buna pis baxmaq olmaz”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları