Yuxarı

Mollalar üçün vahid tarif

Mollalar üçün vahid tarif

Tural İrfan: “Elə mollalar var ki, müğənnilərdən çox qazanır, ancaq vergi vermir”

Zaman-zaman müxtəlif dövlət qurumları tərəfindən dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı yeni qaydaların tətbiqi ilə bağlı müxtəlif müzakirələr gündəmə gəldi. Bunlar əsasən yas mərasimində israfçılığın qarşısını almaq məqsədi daşıyırdı. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydaların tətbiq olunacağı da deyilirdi. Bu qaydaların yubanması məsələnin başqa tərəfidir. Yeni qaydalar hələ qüvvəyə minməmiş ortaya yeni bir müzakirə mövzusu da atılıb. Belə ki, yas mərasimlərində iştirak edən mollalar yas sahiblərindən fərqli qiymətlər tələb edir. Hətta bəzi mollalar özlərinə 150 manata qədər qiymət qoymaqdan belə çəkinmirlər. O da var ki, nə Qafqaz Müsəlmanlar İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimində iştirak edən mollalar üçün vahid “əmək haqqı” müəyyən edib. Onlara vahid qiymət qoyulmadığı üçün və ya müdaxilə etmək mümkün olmadığından adətən mollalar yaslarda canfəşanlıq edirlər. Nəticədə yüksək qiymət müqabilində fəaliyyət göstərən mollalar həvəslənir, ruhlanır. Sanki bir-biri ilə yarışa keçiblər. Kim qəbiristanlıqda nə qədər Quran oxudu, kimi neçə yasa aparıblar və sair...

Dini ekspert Tural İrfan “Cümhuriyət”ə bildirib ki, islamın tələbinə görə, müsəlmanlar hamısı dini ayinləri icra etməsələr belə, bu ayinləri bilməlidirlər: “O cümlədən insan dünyasını dəyişəndə ölüyə vacib olan qüsl-kəfən, cənazə namazı və dəfn etməyi. Ölü üçün vacib olan şeylər bunlardır. İslamda ruhanilik, molla, axund anlayışı yoxdur. Bu xristianlıq və digər dinlərdən bizə keçib. Dini bilən hər bir müsəlman önə keçərək lazımi ayinləri yerinə yetirə bilər. Peyğəmbər və imamların dönəmində olduğu kimi. Bunu sonralar xüsusiləşdiriblər və lazımsız qoşqu əməllər qoşublar ki, ruhani adlanan şəxslər qazana bilsin. Guya bunu molladan başqa heç kəs edə bilməz. Dəfnə görə pul almaq haramdır. Əgər alınırsa, bu, rüşvətdir. Lakin bizdə artıq mollalaşma ənənəsi formalaşıb. Ona görə də digər müsəlman ölkələrindəki kimi həmin mollalara baş idarədən maaş ayrılmalıdır”.

Ekspert onu da qeyd edib ki, Qafqaz Müsəlmanlar İdarəsi ancaq axundlara maaş ayırır: “Lakin maaşla yanaşı, axundlar rüşvət də alırlar. Konkret olaraq mollalıq bir biznesdir. İstədiyi məbləği ölü sahibindən tələb edir və alır. Heç bir vergi də vermir. Elə mollalar var ki, müğənnilərdən çox qazanır, ancaq vergi vermir. Mollalarla QMİ məşğul olur və olmalıdır. Mollaların əksəriyyəti aldıqları rüşvətdən bir hissəni fəaliyyət göstərdikləri məscidin axunduna verirlər. Axundlar da öz növbəsində həmin məbləğdən baş idarəyə verir. Mollalara nəzarət mexanizmi yoxdur. Əksər qəbiristanlarda Qurandan xəbəri olmayan insanlar mollalıq (əslində, dələduzluq) edirlər. Qafqaz Müsəlmanları İdarəsi də buna göz yumur. Kifayət qədər savadlı ilahiyyatçılar vardır ki, onlara yer verilmir”.

Tural İrfan Bakı İslam Universitetinin tələbələrinin 90 faizi işsiz olmasına diqqət çəkərək bildirib ki, məscidlərin əksəriyyətində xaricdə zərərli, təfriqəçi təhsil görmüş insanlar axundluq edir: “Bu bir qərəzdir. Hesab edirəm ki, məscidlərə bu universitetin tələbələrini yerləşdirmək lazımdır. Çünki həmin universitetdə məzhəb ayrı-seçkiliyi yoxdur və tələbələr də bu yöndə təhsil alıb. Ancaq görünür, ruhani idarəsinə ixtilaf salan və əcnəbi təhsil alan adamlar sərf edir ki, bu işi görmürlər. Hesab edirəm ki, yaslara ancaq maaş alan və idarədə rəsmi işçi hesab olunan rəsmi mollalar getməlidir. Yas yerindən pul almaması üçün aidiyyəti idarə nəzarət etməlidir. Əgər artıq pul alarsa, bunun müvafiq vergisini ödəməlidir. Rəsmi mollalıq statusu olmayanlar isə uzaqlaşdırılmalıdır. Bu işlərə də Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət etməlidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları