Yuxarı

Ərəbləri Bakıya gətirən səbəblər

Ərəbləri Bakıya gətirən səbəblər

Turistləri ölkəmizə kim və niyə gətirir?

Natiq Cəfərli: “Tələb artdıqca qiymətlər bahalaşacaq”

Son günlər paytaxt Bakıda ərəb turistlərin kəskin artdığını müşahidə etmək olar. Demək olar ki, şəhərdə önümüzdə, arxamızda, sağımızda, solumuzda ərəb turistlərə rast gəlirik. Əvvəllər Azərbaycanı ancaq beynəlxalq oyunlar zamanı gələn turistlər seçirdi. İndi sanki Bakı küləkləri yerini “ərəb baharı”na verib. Adətən ölkələri ziyarət edən turistlərin maraqları, gözləntiləri və zövqləri dəyişik olur. Turistlər səyahət etdiyi ölkəni seçərkən ilk növbədə onun tarixinə, ölkənin siyasi inkişafına, günəşli və gözəl havasına, füsunkar təbiətinə, dənizi və qumu olan sahillərinə, paket turlarının ucuzluğuna, gecə klublarına, yay festivallarına, ailəvi istirahət etmək üçün seçənəyin çox olmasına diqqət edir.

Razılaşaq ki, Azərbaycanda turizm geniş inkişaf etməyib. Nə olsun ki, Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-u Azərbaycandadır?! Azərbaycanda belə bir tendensiya var ki, sanki turist ölkəyə yeməyə gəlir. Amma belə bir nüans da var ki, turist səhralıq Misirə yeməyə yox, onun qədim piramidalarını görməyə gedir. Ölkəmiz turizmə dünya bazarında neft ucuzlaşandan və milli valyutası dəyərdən düşəndən sonra maraq göstərib. Bu halda ərəblər Azərbaycanın hansı turizminə heyran qalıb? Ərəblərin Azərbaycana axın etməsinin bir çox amilləri var. Birincisi, devalvasiyadan sonra manat iki dəfə dəyər itirdiyindən xarici valyuta ilə gələn ərəblər üçün qiymətlərin çox münasib olmasıdır. Bu isə onları çox razı salır. Digər tərəfdən Azərbaycanın müsəlman ölkə olması və rahatlıqla hər yerdə halal qidalana bilmələri. Viza rejiminin sadələşdirilməsi. Həmçinin qısaca qeyd etmək yerinə düşər ki, burada Türkiyə amil də böyük rol oynayır. Belə ki, əvvəllər tətil üçün xüsusilə İstanbulu seçən ərəblər, iyulun 15-də ölkədə baş tutmayan hərbi çevrilişdən sonra 3 aylıq fövqəladə vəziyyət səbəbindən Azərbaycana üz tutur. Ərəb turistlər ümumiyyətlə, ailəliklə və sıx qruplar halında gəlir. Aparılan sorğu zamanı məlum olub ki, ərəblər Azərbaycana hansısa tur şirkəti vasitəsilə gəlib. Onların əksəriyyəti də Bakıdan və Qəbələdən başqa heç bir rayonda olmayıb. Ərəblərin ölkəyə gəlməsi onu göstərir ki, deməli, başqa ölkələrdən də turist cəlb etmək olar. Deməli işləmək, maraq lazımdır. Özü də tək Qəbələyə yox, Azərbaycanın digər rayonlarına da turist cəlb etmək olar. Niyə Şəki, Qusar, Qax, Zaqatala, Masallı və sair kimi rayonlar yox? Niyə məhz Qəbələ? Bir Qəbələ ilə ölkə turizmi inkişaf edərmi?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında ötən ilə nisbətən bu il Azərbaycana gələn ərəb turistlərinin sayında xeyli artım olduğunu deyib:

“Rəsmi statistikaya görə, bu say 25 dəfəyə qədər artıb. Bu, böyük bir göstəricidir. Ötən il ölkəyə gələn turist sayı o qədər az idi ki, indi kütləvi artımın olması bizə böyük sayda turistlərin gəldiyi təsəvvürünü yaradır. Amma rəsmi statistikaya əsasən ilin əvvəlindən bu günə ərəb ölkələrindən Azərbaycana təqribən 35 minə yaxın turist gəlib. Bu ilin 8 ayı ərzində qonşu Gürcüstana ərəb ölkələrindən gələn turist sayı bundan təqribən 3-4 dəfə çox olub. Doğrudur, Azərbaycanda turistlərin sayında ciddi artım var. Bunun da kökündə viza rejiminin sadələşdirilməsi və Azərbaycanın ərəb ölkələrindən birbaşa turist dəvət etməsi dayanır. Ərəb ölkələrindən gələn turistlərin spesifik xüsusiyyətləri var. Onlar tarixi məkanlardan daha çox əylənməyi, yeməyi və təbiəti seyr etməyi xoşlayır. Çünki onların ölkələrinin böyük hissəsi təbiətdən çox kasaddır. Belə ki, səhralıq, isti iqlim qurşağı mövcud olduğuna görə, fərqli təbiəti olan yerləri seçirlər. Həmçinin onların Bakıya axın etmə səbəblərindən biri də öz ölkələrində qadağan olunan əyləncə növlərindən Azərbaycanda istifadə etməkdir”. İqtisadçının sözlərinə görə, Qəbələdə keyfiyyətli otellərin sayının çox olması bu regionun önə çıxmasına şərait yaradıb: “Yəqin ki, buradakı hotellərin rəhbərləri turizm şirkətlərilə əlaqəli çalışırlar. Azərbaycana gələn turistlərin Qəbələyə yönlənməsini ya tapşırırlar, ya xahiş edirlər. Artıq burasını demək çətindir”.

“Hökumətin məsələyə baxışı dəyişməlidir”

Natiq Cəfərli Azərbaycana gələn ərəb turistlərinin say çoxluğuna diqqət çəkərək bir məqama da toxunub. O bildirib ki, ərəb turistlər ölkənin bütün regionlarına yayılacaq qədər çox sayda deyil:

“Avropadan gələn turistlər daha çox tarixi məkanları sevirlər. Məsələn, Şəki şəhərinə daha çox avropalı turistlər ziyarət edir. Çünki orda ən azından Kiş kilsəsi var. Yaxşı ki, vaxtilə norveçlilər o abidəni təmir etdilər. Turistlər Şəkiyə gəldikdə mütləq o abidəni ziyarət edirlər. Bu bir daha sübut edir ki, ölkəyə turist cəlb etmək üçün hansısa olimpiadaların, idman yarışlarının keçirilməsi, müasir tipli şüşə üzlüklü binalar tikməklə yox, tarixi abidələrin qorunub bərpa olunması daha vacibdir. Çünki tarixi abidələr daha çox turist cəlb edir. Bakının Sovetski adlanan ərazisində söküntü işləri gedir, burada ən çox da tarixi abidələrə ziyan dəyir. Məsələyə hökumətin baxışı dəyişməlidir. XXI əsrin turisti beton divarlara, şüşə binalara baxmağa gəlmir”. Azərbaycanda turizm sahəsində xidmətdən də danışan ekspert qeyd edib ki, turizmin qiymətində də ciddi problemlər var: “Dünyanın hər yerində tələb artdıqca təklif artır, təklif artdıqca da qiymətlər ucuzlaşır. Azərbaycanın iqtisadi qanunları tərsinə işləyir. Ehtiyat ediləsi məqam ondan ibarətdir ki, turistlərin sayı artdıqca onsuz da baha olan qiymətlər daha da arta bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları