Yuxarı

SOCAR "gülənçilər"dən təmizlənəcək"

SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə əsas səhmdarı olan “Petkim”də (Petrokimya) “Fətullah Gülən” əməliyyatları davam edir.

15 iyul tarixində Türkiyədə baş verən uğursuz çevriliş cəhdindən sonra dövlətin bir çox strukturlarında həbslər və dövlət işindən uzaqlaşdırmalar davam edir. Bir müddət öncə bu həbs və işdən çıxarılma tendensiyası Petkimə də çatdı.

Qeyd edək ki, "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Türkiyə mətbuatının yaydığı məlumatlarda isə göstərilir ki, Türkiyənin "Petkim" neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir. Daha öncə Direktorlar Şurasının sədri Vaqif Əliyev bildirmişdi ki, iyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.

Qeyd edək ki, SOCAR-da Gülən tərəfdarlarının çox olduğu barədə daha əvvəl də məlumatlar yayılmışdı. Yayılan bu cür məlumatların fonunda SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyəyə rəsmi səfər edərək, prezident Rəcəb Tayyib Ərdoğan və energetika naziri Berat Albayrakla görüşlər keçirdi. Qeyd edək ki, Berat Albayrak Ərdoğanın kürəkənidir. SOCAR rəhbərilə keçirilən görüşlərdən sonra Berat Albayrak mətbuata açıqlama verərək bildirib ki, Petkimdə aparılan yoxlamaların Fətullah Gülən əməliyyatları ilə heç bir əlaqəsi yoxdur. Bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşən nazir Albayrak SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi birbaşa investisiya layihələrinin Türkiyədə əlavə dəyər, ixracat, məşğulluq və müasir texnologiyalar sahəsində xüsusi yeri olduğunu vurğulayıb. Daha sonra Albayrak “Türkiyədə 18 milyard dollarlıq investisiya qoyuluşu ilə ölkənin ən önəmli investorlarından biri olan SOCAR-ın baş verən proseslərdə yanımızda olduğunu, türk millətinə və iqtisadiyyatına güvəndiklərini görmək bizim için çox önəmli idi. Türkiyənin digər layihələri kimi, bizim birgə strateji layihəmiz olan TANAP da heç bir problem yaşanmadan nəzərdə tutulan müddət və büdcə planlaşdırması çərçivəsində davam edir”-deyə bildirib.

Yuxarıda da qeyd etdiyimiz kimi, SOCAR-da Fətullah Gülən tərəfdarlarının olması məlumatı uzun zamandır ki, var. Ancaq bu günə qədər bununla bağlı heç bir addım atılmayıb, heç kim məhz nurçu olduğuna görə işdən uzaqlaşdırılmayıb.

Bu proses Türkiyədə də eynilə davam edirdi. Ancaq 15 iyulda baş verən hadisələrdən sonra gülənçilərin həbsinə start verildi. Bu məsələnin SOCAR-a da gəlib çatacağı heç kimdə şübhə doğurmurdu. Elə gözlənilən kimi də oldu. Türkiyə iqtidarı bu məsələyə ilk olaraq Petkimdən başladı və son məlumatlara görə də artıq 27 nəfər saxlanılıb. Türkiyənin energetika naziri Albayrakın isə Petkimdə aparılan əməliyyatların Fətullah Gülənlə heç bir əlaqəsinin olmadığını bildirərək ortada hər hansı bir razılaşmanın olmasına işarədir.

Hər halda SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə gözlənilmədən səfər etməsi gəzmək xarakterli deyildi. Xatırladaq ki, bir müddət öncə də SOCAR rəhbərliyinə gülənçilərlə bağlı Türkiyə hakimiyyəti siyahı göndərmişdi. O, zaman da bu məsələ gündəmə gəldi, ancaq bir müddətdən sonra bu söhbətlər tamamən unuduldu. Bu dəfə isə vəziyyət daha da mürəkkəbdir. Belə ki, Türkiyə prezidenti və energetika nazirilə Rövnəq Abdullayevin görüşündə SOCAR rəhbərliyində olan Gülənçilərin təmizlənməsi haqqında razılaşma əldə olunub. Bu əməliyyatların isə mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Ancaq bu cür razılaşmadan sonra Türkiyə energetika naziri Berat Albayrak mətbuata bu cür açıqlama ilə çıxış edib.

Nəzərə alsaq ki, Petkimdəki əməliyyatlardan öncə Azərbaycanda Qafqaz Universiteti və 12 dərsanə bağlandı. Bunların da bağlanma səbəbləri Gülən olsa da, bununla bağlı heç bir rəsmi açıqlama verilmədi. Verilən açıqlamada isə bu təhsil ocaqlarının bağlanma səbəbi tamamilə ayrı istiqamətə yönləndirildi. Əgər SOCAR-ın Türkiyə investoru olan “Petkim Holdinq A.Ş”-də aparılan əməliyyatların Fətullah Gülən əməliyyatı ilə heç bir əlaqəsi yoxdursa, o zaman təhsil ocaqlarının da bağlanma səbəbləri şübhəli qalır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları