Yuxarı

“Cümhuriyət” və Cebhe.info - 1 ilin bayram törəni

“Cümhuriyət” və Cebhe.info - 1 ilin bayram törəni

Sentyabrın 1-də Cebhe.info xəbər portalının yaranmasının və 23 illik “Cümhuriyət” qəzetinin nəşrini bərpa etməsinin 1 ili tamam olur.

Bu münasibətlə Cebhe.info və “Cümhuriyət” qəzetinin redaksiyasında mərasim təşkil olunub. Mərasimə hər iki mətbu orqanının kollektivini təbrik etmək üçün AXCP sədri Razi Nurullayevin rəhbərliyi ilə partiya təmsilçiləri də qatılıb.

Bayram törənini giriş sözü ilə açan Cebhe.info və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov ilk yaşla əlaqədar bütün əməkdaşları təbrik edərək, özünəməxsus yeri ilə seçilən Cebhe.info və ”Cümhuriyət“ qəzetinin uzunömürlü olmasını arzulayıb:

“Cebhe.info və “Cümhuriyət” qəzeti müstəqil mediadır, ölkədə söz və mətbuat azadlığının qorunmasında xüsusi yeri var. “Cümhuriyət” qəzeti təkrar nəşrə başlayandan təsisçi kimi AXCP sədri Razi Nurullayev daim bizə dəstək olub. “Cümhuriyət” qəzetinin media məkanında öz yeri və nüfuzu olub, bu gün də həmin nüfuzu qoruyub saxlayır. Bütün bunlara Cebhe.info və “Cümhuriyət” qəzetinin yaradıcı kollektivinin peşəkar əməyi ilə nail olmuşuq. İnanıram ki, bu, belə də davam edəcək və uğurlarımız üzünömürlü olacaq”.

AXCP sədri Razi Nurullayev də təsisçisi olduğu qəzeti və Cebhe.info saytının kollektivini bir il ərzində əldə edilən nəticə və nailiyyətlərə görə təbrik edib:

“Mən də sizləri təbrik edirəm. Portalın baş direktoru və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanova xüsusi olaraq təşəkkürümü bildirirəm. Doğrudan da bir il ərzində media bazarına girmək və özünə yer tutmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Amma bu bəxtəvərlik əzmkar, çalışqan və dəyərli jurnalist kollektivinin səyləri, peşəkar əməyi ilə hasil olub. Yarandığı qısa müddətdə Cebhe.info portalı ilk yerlərə qədər yüksəlib. Arzu edirəm ki, gələcək nailiyyətlərimizlə biz cümhuriyyətçilər ilk onluqda qərarlaşaq”.

AXCP funksioneri Rafiq Daşdəmirlinin sözlərinə görə, bu qısa zaman çərçivəsində ölkə mediasında xüsusi yeri ilə seçilən “Cümhuriyət” qəzeti, eyni zamanda hər gün operativ xəbərləri ilə oxucuların görüşünə gələn Cebhe.info saytının fəaliyyəti göz qabağındadır:

“Hər gün bu mətbu orqanları izləyirik və siyasi, ictimai, iqtisadi, gündəmin nəbzini tutan xəbərlərlə tanış oluruq. Bu gün “Cümhuriyət” qəzeti media bazarında aparıcı qəzetlər sırasındadır. Bundan sonra da daim irəlilərdə olmaq arzusu ilə bütün kollektivi təbrik edir və gələcəkdə daha böyük uğurlar arzulayıram”. AXCP sədrinin müavini Ehtiram Mehdiyev çıxışında hər iki mətbu orqanının rəhbərliyi və əməkdaşlarını təbrik edib. Sədr müavini bildirib ki, qısa zaman kəsiyində əldə edilən nəticələrlə adını aparıcı mətbu orqanları sırasına yazdıran hr iki qurum bundan sonra daha böyük uğurlar əldə etmək əzmindədir: “Əminəm ki, fəaliyyətiniz bu istiqamtdə uğurla davam edəcək və cəmiyyətin informasiya təminatçısı kimi mühüm bir funksiyanın öhdəsindən indiki kimi layiqincə gələcəksiniz”.

“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli çıxışında “Bu uğurlarda qəzetin baş redaktoru kimi Rəfail Becanovun, AXCP sədri Razı Nurullayevin əməyini xüsusilə də qeyd etmək lazımdır. Bir il ərzində kollektivimizlə birgə işimizin öhdəsindən layiqincə gəldik. Düşünürəm ki, növbəti addımlarımız və uğurlarımız daha çox olacaq” - deyə bildirib.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları