Yuxarı

Elçibəyin xatirəsi necə əbədiləşdirilsin?

Elçibəyin xatirəsi necə əbədiləşdirilsin?

Eks-prezidentə heykəl qoyulsun

Fərəc Quliyev: “Eks-prezidentin ev müzeyi, kitabxanası yaradılmalıdır”

Qorxmaz İbrahimli: “İri mədəniyyət evlərindən birinə onun adı verilə bilər”

“Elçibəyin adının əbədiləşdirilməsi üçün Dövlət Komissiyasına müraciət  etmişik. Hələ ki  konkret cavab gözləyirik”. 

Bunu mərhum eks-prezident, Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin qardaşı  Almurad Əliyev deyib. O,  bildirib ki, məsələnin nə yerdə qalması ilə bağlı yenə də komissiyaya müraciət edəcəklər:

“2-3 ay olar ki, ailəliklə qərara gəlib müraciət ünvanladıq. Üstündən bir müddət  keçəndən sonra  məsələnin nə yerdə qalması ilə maraqlandıq. Onda da dedilər ki, “hələ gözləyin. Sizə cavab veriləcək”. Biz də gözləyirik. Bu yaxınlarda yenə də nə vaxt cavab verəcəklərini soruşacağıq”.

Bədii film çəkilsin, heykəli qoyulsun

Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib. Vəfatından 16 il keçməsinə baxmayaraq paytaxt Bakıda, yaxud respublikanın iri şəhərlərdən birində Elçibəyin adına heykəlin qoyulmamasının, küçə, prospekt, yaxud hansısa meydana adının verilməməsinin mövcud hakimiyyətin qərəzindən irəli gəldiyi deyilir. Hesab olunur ki, hakim komanda vəfat etməsinə baxmayaraq, onu hələ də müxalifət kimi qəbul edir. Lakin iqtidarın umu-küsülüyünü bir kənara atmağın vaxtı çatıb, bu özünü bəyin adına bir məkanın olmamasına qarşı artan narazılıqda da göstərir.

Xalq Cəbhəsi lideri Əbülfəz Elçibəyin müstəqil Azərbaycan tarixində göstərdiyi müstəsna xidmətləri nəzərə alan partiyalar təklif edirlər ki, Bakının mərkəzində heykəli qoyulsun. Partiyalar arasında Elçibəy haqqında bədii filmin çəkilməsini təklif edənlər də var.

Elçibəyin nəinki Azərbaycan, bütövlükdə Şərq üçün müstəsna xidmətləri var. O, həm siyasi lider, həm də dövlət xadimi kimi Azərbaycanın çağdaş tarixində bütün stereotipləri dağıtdı. Buna görə də təkcə Azərbaycan üçün deyil, regionda demokratiyanın inkişafı üçün önəmli şəxs olduğunu təsdiqlədi. Əlbəttə Elçibəyi böyük demokrat və dövlət xadimi idi. Elçibəy demokrtik seçkilərin, qadın hüquqlarının qorunmasının, qadınlara dövlət idarəetməsində önəm verilməsinin tərəfdarı idi. Elçibəy barış tərəfdarı idi, Azərbaycanda yaşayan digər xalqlara münasibətdə tolerant idi. Onun etnik qruplarla bağlı sərəncamı MDB məkanında ilk və son mütərəqqi qanun oldu. Onun bu addımı bütün dünya tərəfindən təqdir olundu. Bu və digər xidmətlərinə görə, haqqıdır ki, hakimiyyət adının əbədiləşdirilməsinə imkan yaratsın.

Milli Məclisdə də təklif olunmuşdu

Millət vəkili Fərəc Quliyev də Milli Məclisin plenar iclaslarından birində Elçibəyin adının əbədiləşdirilməsini təklif etmişdi. Bununla bağlı hökumətə müraciət də edib:

“Bu müraciət Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir”. Fərəc Quliyev sabiq prezidentin dövlət səviyyəsində adının əbədiləşdirilməsi ilə bağlı bir sıra təkliflərini açıqladı. Bu sırada eks-prezidentin kitabxanasının, ev müzeyinin yaradılması, adına küçə verilməsi, heykəlinin qoyulması və digərləri var idi: “Elçibəy də milli azadlıq hərəkatının lideri olub. Ölkədə siyasi mədəniyyətin inkişafına imkan yaradılmalı, onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”.

“Elçibəy mənə dedi ki...”

Elçibəyin qaynı Mirmövsüm Mahmudov “Cümhuriyət”ə bildirib ki, Xalq Cəbhəsi liderinin adının əbədiləşdirilməsinə ehtiyac var. M.Mahmudov Azərbaycanın rus müstəmləkəsindən azad olunmasında və ölkəmizin müstəqlilik qazanmasında müstəsna xidmətləri olmuş Elçibəyin buna layiq olduğunu deyib:

“Rəhmətlik mənə dedi ki, adıma bir heykəl qoysunlar, ikincisinə ehtiyac yoxdur, bunun qəti əleyhinəyəm. Şəhidlər Xiyabanının yanında adına heykəl qoyulsa, daha yaxşı olardı. Vaxtilə burada Karl Marksın adına heykəl vardı. İstərdim ki, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə heykəli ucaldılsın. Harada olub-olmamasının da bir fərqi yoxdur, amma buna icazənin veriləcəyinə də inanmıram. Hakimiyyət buna icazə verməyəcək. Əgər Azərbaycanın qurucularından biri olan Rəsulzadə kimi adamın heykəlinin başına torba keçirirlərsə, bu hakimiyyətdən Elçibəyə hörmət gözləməyə dəyməz. İnanmıram ki, bəyin adı əbədiləşdiriləcək. Azərbaycanı qurmuş, ölkəyə demokratiya gətirmiş Rəsulzadəyə qoyulan “hörməti” gördük. Türkiyə bu adamdan örnək götürüb inkişaf etdi, dövlətini qurdu. İndi də qalxıb bu hakimiyyətdən Elçibəyə hörmət gözləmək doğru deyil. Elçibəyə Bakıda, yaxud Azərbaycanın hansısa bölgəsində o zaman heykəl qoyulacaq ki, bu iqtidar və Putin hakimiyyətdən gedəcək”.

“Bakının mərkəzində heykəli ucaldıla bilər”

Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli də “Cümhuriyət”ə açıqlamasında mərhum prezidentin adının əbədiləşdirilməsinin vacibliyinə diqqət çəkib. Q.İbrahimli hesab edir ki, bəyin ailəsinin müraciəti aidiyyatı qurumlar tərəfindən dəyərləndirilməlidir:

“Əbülfəz Elçibəy Azərbaycan tarixinin demokratik yolla seçilmiş ilk prezidenti olub. Onun Azərbaycanda demokratik cəmiyyətin qurulmasında əvəzsiz işləri var. Buna görə də Elçibəyin hansısa küçəyə, meydana adının verilməsi, Bakının mərkəzində heykəlinin ucaldılması mümkündür. Yaxud iri mədəniyyət evlərindən birinə də adı verilə bilər. Hesab edirəm ki, mövcud hakimiyyət və Nazirlər Kabineti bu yöndə olan təklifləri dəyərləndirməlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları