Yuxarı

AXCP-nin sədr müavini “Access Bank”da qanunsuzluqla üzləşib

AXCP-nin sədr müavini “Access Bank”da qanunsuzluqla üzləşib

AXCP sədrinin müavini Ehtiram Mehtiyev “Access Bank”ın Mərdəkan filialında qanunsuzluqla üzləşib. 

Bu barədə sədr müavini Cebhe.info-ya müraciət edib.

E.Mehtiyev kredit götürdüyü “Access Bank”ın Mərdəkan filialının şöbə müdiri Rahib İbrahimovun onu aldatdığını diqqətə çatdırıb:

“İki il əvvəl biznesin inkişafı üçün “Acces Bank”dan kredit götürdüm. Həmin vaxt aptekimiz vardı, bankdan götürdüyümüz vəsait bura xərclənəcəkdi. Əməliyyat 10-15 gün çəkdi. 15000 manat nəzərdə tutmuşduq. 15 gündən sonra qeydiyyata alıb çağırdılar, kassaya yaxınlaşanda dollar deyib, manat verdilər. Halbuki demişdilər ki, ancaq dollarla verə bilərik. İşimiz təcili olduğu üçün onlarla razılaşmalı olduq. Pulu götürüb, işimizi gördük. Birinci devalvasiyada dolların məzənnəsi qalxdıqdan sonra banka yaxınlaşdıq ki, krediti manata çevirək. Bizə bildirildi ki, mümkün deyil. Halbuki, digər banklarda belə əməliyyatlar keçirmişdik: dollarla götürdüyümüz kreditləri manata çevirmişik. Amma bu bank bizim tələbimizi rədd etdi. Bankın şöbə müdiri Rahib İbrahimov müsavatçıdır. Bizimlə də müəyyən münasibət qurmuşdu, O, hər dəfə məni kabinetinə çağırırdı, mən də dollar kreditini manata çevirmək məqsədilə gedirdim. Rahib mənə ölkədə baş verən proseslərdən danışır, “Necə inqilab edək?”, “Necə çevriliş edək?”, “Necə dəstək alaq?” kimi suallar verirdi. Məni maraqlandıran məsələ də kənarda qalırdı”.

“Yenə də inqilabdan, dövlət çevrilişindən danışdı”

Ehtiram Mehtiyev dolların məzənnəsinin 0.78-dən 1.05 manata qalxanda ödəmədə heç bir problemin olmadığını bildirib: “Krediti bir müddət ödədik. 1.05-dən ödəyirdik, amma sonra dolların məzənnəsi 1.50-yə qalxdı. Rahib İbrahimova mənə dediyi sözləri xatırlatdım. Demişdi ki, dolların məzənnəsi qalxarsa, 100-200 manat fərq edəcək, istəsən ödəyərsən, istəməsən ödəməzsən. Onunla belə bir danışığımız olmuşdu. Təəccüblə dedi ki, belə bir söz deməyib. Yenə də məzənnənin qalxmayacağından, bahalaşmanın olmayacağından danışmağa başladı. Söhbəti yenə inqilaba, dövlət çevrilişinə dəyişdi. Facebook profilində də ancaq, siyasi məsələlər barədə yazır. Əsas işi iqtisadi, maliyyə sahəsi üzrədir, amma siyasi proseslərə qarışır. Yenə də söhbəti dəyişib, istəyimizi yerinə yetirmədi. Dollar 0.78-dən, 1.05 manat olanda rahatlıqla ödəyirdik, bir hissəsi qalmışdı ki, məzənnə 1.65-dən 1.70-ə qalxdı, ödəyə bilmədik. İki ayda 10 gün gecikməmiz oldu. Rahib İbrahimov bizdən ödəmənin gecikməsinin səbəbini soruşdu, bizi məhkəməyə verəcəklərini dedi. Qurban bayramından qabaq öz imzasıyla xəbərdarlıq məktubu da göndərdi. Hal-hazırda da məhkəməyə vermələrini gözləyirəm. Bir neçə dəfə də zaminə zəng vurublar ki, krediti onun maaşından çıxacaqlar, evindəki əşyalarını müsadirə edəcəklər”.

“Kassaya yaxınlaşanda bizə dollar verdilər”

Bankdan 15 min manat istədiklərini deyən AXCP yetkilisi qeyd edib ki, işləri təcili olduğu üçün pulları götürərkən, kreditin dollarla rəsmiləşdirilməsindən xəbərləri olmayıb: “Əslində birinci dəfə 10 min manat götürmüşdük. Götürdüyümüz kreditdən cəmi 3-4 min manat borcumuz qalmışdı. Dollar həmin vaxt 0.78 manat idi. Bizə dedilər ki, 15 min manat versinlər, 3-4 min manat borcu bağlayaq, qalanını da kredit kimi götürək. İşimizi bir kənara qoyub, 15 gün bu adamın arxasınca getdik, kreditin qeydiyyata alınması əməliyyatlarının həyata keçirilməsi üçün çalışdıq. İki nəfər də zamin vardı. Zaminlər də işlərini atıb saatlarla bankın qarşısında gözləyirdilər. Biz manat krediti götürdüyümüzü düşünürdük, amma kassaya yaxınlaşanda bizə dollar verdilər. Halbuki, bizə söz xətrinə dollar verdiklərini dedi, faizləri də manatla ödəyəcəyimizi bildirmişdilər. Məzənnə 0.78 manat olanda rahatlıqla ödəyirdik, heç bir gecikmə olmayıb. Dolların məzənnəsi 1.05-ə qalxanda faizin üstünə 50% gəldiyini dedim. Rahib İbrahimov məni arxayın etdi ki, məzənnə bundan yuxarı qalxmayacaq. Dedi ki, mənə düşən krediti ödəyim, qalanını da saxlayım, bu məsələyə sonra baxarıq”.

“Mənə dedi ki, özüm ödəyərəm”

Ehtiram Mehtiyev qeyd edib ki, dolların məzənnəsi 1.05 manatdan 1.45, daha sonra1.50-yə qalxanda növbəti dəfə Rahib İbrahimova yaxınlaşıb: “Dedi ki, narahat olmayım, ümumilikdə 100, 200 manat fərq edir. Hətta “Bu fərqi özüm ödəyərəm” dedi. Dəfələrlə müraciət etdim, amma o, mənim problemimi həll etmək əvəzinə inqilabdan, dövlət çevrilişi etməkdən danışdı. Məzənnə 1.65 olandan sonra da mənə dedi ki, bunu ödəməyə məcbursan. Hələ də məsələ həllini tapmır, problemə nə o baxır, nə də bankın özü”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları