Yuxarı

2 min manatlıq təhsildə kreditli yataqxana: Valideynlərə bir də yataqxana borcu yazılacaq

2 min manatlıq təhsildə kreditli yataqxana: Valideynlərə bir də yataqxana borcu yazılacaq

Azərbaycan təhsil sistemi tələbəyə nə verir? Nəzəriyyələrdən savayı demək olar ki, heç nə. Valideyn illik 2000-3000 manatadək təhsil haqqı ödəyərək övladının gələcəkdə bir peşəyə sahib olmasını istəyir. Bu məbləği ödəmək üçün isə bəzən tələbə də valideyninə dəstək olur, günün bir hissəsini iş başında keçirir. Yorğun-arğın hər hansı dərsi mənimsəməkdən söhbət belə gedə bilməz.  Nə fiziki, nə də zehni yorğunluq buna imkan verir. Təhsil sistemindəki kreditlərlər sırasına daha biri əlavə olunur. Yataqxana krediti…  Azərbaycanda tələbələr üçün pullu yataqxanalar yaradılacaq. Təəssüflər olsun ki, neft və milyonlar ölkəsində yüksək təhsil haqqı ödəyən tələbələrə pulsuz yataqxana yoxdur. Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da mediaya açıqlamasında deyib ki, yeni yaradılan yataqxanalarda yalnız məsrəfləri qarşılaya biləcək tələbələr məskunlaşacaq: “Hələlik ki, bu yataqxanaların qiymət civarı bəlli deyil. Yataqxananın tikintisi üçün Nəsimi rayonu ərazisində yerləşən 6 yataqxana artıq sökülüb”. Bu arada isə tələbələr veriləcək kreditlərə yataqxana kreditinin də əlavə olunacağı bildirlib. Məsələ ilə bağlı münasibət bildirən iqtisadçı ekspert, REAL Hərəkatının icraçı katibi  Natiq Cəfərli bu addımla təhsil sisteminin çökəcəyini proqnoz edib: “Təhsil haqqı yüksək, keyfiyyət isə aşağıdır. Təhsil haqqı ilə yanaşı tələbələr üçün normal mənzil şəraitinin yaradılması da bu gün böyük problemə çevrilib. Ya universitetlər öz büdcələri hesabına yataqxanalar yaratmalı, ya da ki dövlət bu məsələni nəzarətdə saxlayaraq müəyyən işlər görməlidir. Tələbələrin mənzil problemləri həllini tapmalıdır. Dünya Sosioloji Araşdırmalar Mərkəzi də göstərir ki, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması onların keyfiyyətli təhsilinə zəmanət verir. Azərbaycanda aşağı səviyyədə olan təhsilə məişət qayğılarının əlavə olunması tələbəni mənəvi olaraq daha çox yükləyir. Nəticə etibarı ilə tələbənin təhsildən diqqəti  yayınır”.  N.Cəfərlinin sözlərinə görə, bir çox ölkələr təhsildə yataqxana problemini aradan qaldırmaq üçün kampus rejiminə keçib: “Təhsil sisteminin ən böyük problemlərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Bir çox ölkələr təhsil sistemində bu kimi problemləri aradan qaldırmaq üçün kampus rejiminə keçib. Onlar təhsil almaqla yanaşı orada pulsuz yaşayırlar.  Dərsdən sonra yığışıb müəyyən diskussiya, mütaliə edir, yeni nələrsə kəşf edirlər. Türkiyə və Gürcüstan da hazırda bu rejimə keçməyə hazırlaşır. Rustavi ərazisində böyük universitetlərin kompleksi tikilir. Bu tikinti işlərinə təxminən 1 milyard ayrılacaq. Azərbaycan hələ ki, bu rejimə keçməklə əlaqədar hər hansı addım atmayıb”. N.Cəfərlinin sözlərinə görə, 90-cı illərdə bəlli səbəblərlə əlaqədar yataqxanalar qaçqın və məcburi köçkünlərə verildi. Sonradan qaçqın və köçkünlərin  bu məkanlardan köçürülməsi prosesi başlanılsa da proses hələ də yekunlaşmayıb. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları