Yuxarı

İncəlidə bir Məhəmməd var...

İncəlidə bir Məhəmməd var...

Sadə köylü ilə bir halal haqqı-salamı dünyanın varına dəyişmərəm.Çox genlə hərlənmək fikrindən uzağam.Mətləbin üstünə kəsə gəlirəm. Bizim İncə dərəsində mənim Məhəmməd adlı bir dostum var. Əslində çoxlarının dostudur Məhəmməd... Astanbəyli kəndindəndir.Mənim Astanbəyli də Səmədoğlu Məhəmməd kimi tanıdığım Məhəmmədə kənddə “Məxi” deməsən, tanımazlar. Atası Qarabağlıyev Səməd kişi uzun müddət üzüm briqadiri olub. Dağılmış sovetin vaxtında üzüm briqadiri olmaq bir kəndli üçün babat vəzifə sayılarmış.Yaxşı gəlirli yer olub (Düzdür, bu ifadə mənə yaraşan ifadə deyil...). Torpağı qızıl, qızılı torpaq bilən Səməd kişi  o, qədər gözü-könlü tox kişidir ki, camaat döşəyin altına yığanda Səməd kişi də adının altına yığırmış. Məhəmməd də onun oğludur.Maşın ustasıdır. Bir haşiyəyə çıxıram. Deyilənə görə oralarda (İncəlidə) Allah uzağ elləsin, möhkəm toqquşma, qəza səsi gələndə deyirlər ki, Allah eliyə, Məxilik ola. Məxilikdirsə, demək ziyana düşməmisən.Könlündən keçən qiymətə maşının nizam olacaq.Məhəmməddən danışıram.Şərəfli döyüş yolu keçib Məhəmməd. Ağır döyüşlərdə olub. Məhəmməd Vətənin çağırışçı  əsgərlərindən deyil.Məhəmməd ağlı kəsəndən özünü Vətənə əsgər bilir.Hər xırda tıqqıltıya belə yuxarı posta qalxır. Vətən döyüşləri üçün burnunun ucu göynəyir.Düşmənlə döyüşməyə məqam axtarır.Bu xüsusiyyətlər Astanbəylidə çoxlarına məxsusdur.Ancaq Vətən sevdası mənim üçün Məhəmməddə daha səmimi güzgülənib boy göstərir. Bütövləşmiş Türk aydını Akif Səmədlə saysız məclislər keçirmiş adamın Vətən sevgisi başqa cür ola da bilməzdi. Astanbəyli camaatı çörəkli, sazlı-sözlü, qonaqcıl camaatdı.Az qala hər evində çörək kəsmişəm. Ancaq nə xoş Məhmmədin halına ki, Astanbəylidə ən çox çörəyi yeyilən kişilərdəndir.Bu məqamda çoxları gəlib gözlərimin önündə durdu, başda da Şeyxöyünün Akifi. Allah yerini behişt eləsin Akif! Məhəmməddən deyirdim.Məhəmmədin evində kimlər olmayıb? Akif Səməddən, Aşıq Nazimdən, Məmməd İlqardan, Məhbub Xəlilidən, Dəmirçioğlundan, Aşıq Maksuddan belə? Hər üzü o tərəfə, bir çəkilişə, bir tədbirə gedəndə ola bilməz ki, Məhəmmədin sazlı-sözlü halal süfrəsinə qonaq olmayaq. Yoxsa İncə dərəsi təkcə şairlərinnən, aşıqlarınnan İncə dərəsi olmayıb ha.İncə dərəsi həm də İncənin adını büttün varlığı ilə dikdə-ürəyinin başında tutan Səmədoğlu Məhəmməd kimi kişilərinnən İncə dərəsi olub.Qazaxda Səməd Vurğuna görə 50 yaşa şair yaşı, Dədə Ələsgərə görə də 105 yaşa aşıq yaşı deyirlər. Bu il noyabrın altısında Məhəmmədin kalendarnan 50 yaşı tamam olur. Mübarəkdir, deyirəm və əziz dostuma aşıq ömrü arzulayıram.Özü də tam varlığımla arzulayıram. Çünkü buna ən çox Vətənin və dostların ehtiyacı var. Tanrı səni və müqəddəs ocağını qorusun Məhəmməd! Həmid Ormanlı  





Həftənin ən çox oxunanları