Yuxarı

“Ağdamın işğalı Surətin günahı idi”

“Ağdamın işğalı Surətin günahı idi”

Qarabağ qazisi Rizvan Əliyev: “Özünümüdafiə batalyonları arasındakı ədavəti, rabitəsizliyo yaratmışdı” O, ilk dəfə silahın sirləri ilə hələ Sovet ordusunun sıralarında tanış olub. Elə ilk hərbi rütbəni də həmin dövrdə sovet bayrağı altında daşıyıb. Sovet ordusunun  hərbi hissəsində hərbi rütbə və vəzifələrə sahib olub. Manqa komandiri və tağım komandirinin müavini vəzifələrini icra edib. Təlimlər keçib, şərti hədəfləri dəfələrlə nişan alsa da ilk dəfə real hədəfə gülləni atasının təkidi ilə Qarabağda güllə atıb. Ömrünün ən gözəl çağlarını barıt qoxusu, ölüm qorxusu fonunda yaşayıb.İndi onun ən şirin gənclik xatirəsi şəhid olmuş döyüş yoldaşları ilə birgə yaşadığı səngər xatirələridir.Müsahibim Qarabağ qazisi Rizvan Əliyevdir. Dosye: Əliyev Rizvan Nadir oğlu 1965-ci ildə Ağdam rayonunun Xındırıstan kənd ərazi vahidliyinin Sarıcoban kəndində anadan olub. O orta təhsilini doğulduğu Xındırıstan kənd orta məktəbində başa vurduqdan sonra 1983-cü ildə həqiqi hərbi xidmətə yollanıb. 1989-cu ildən Qarabağ münaqişəsi başladıqdan sonra könüllü olaraq vətənin yağı düşməndən müdafiəsinə qalxıb.İlk günlər ov tüfəngi ilə postlarda növbə çəkib.Daha sonra Azərbaycanın Milli Qəhramanı Şirin Mirzəyevin yaratdığı könüllülərdən ibarət 836 saylı ilk özünümüdafiə batalyonuna yazılıb.Qarabağ və ətraf ərazilərdə gedən bir çox döyüş əməliyyatlarında iştirak edib.1994-cü ildə Ağdam rayonunda yerləşən “kökəltmə” ərazisində minaya düşərək fiziki sağlamlığını itirib.Və bundan sonra ordu sıralarından tərxis olunub.Ailəlidir.İki övladı, bir nəvəsi var. “Ermənilər xalam oğlunu diri-diri yandırdılar” -Rizvan bəy, hər bir döyüşçünün ilk dəfə döyüşə atılmasına məlum bir səbəbə olurdu. Bəs sizi ilk dəfə Qarabağa yollayan səbəb nə idi? -Düzünü deyim ki, hələ gənc yaşlarımdan böyüklərimizdən, yaşlılarımızdan ermənilərin Azərbaycan xalqına qarşı tarixi düşmənçiliyi haqqında çox eşitmişdim. Mənə məlum idi ki, mənfur qonşularımız zaman-zaman xalqımıza qarşı soyqırımlar törətmiş, silahsız türk xalqının qadınlarına, qocalarına və uşaqlarına qarşı amansız işgəncələr tətbiq etmişdilər. Mən bu hisslərlə  yollanmışdım həqiqi hərbi xidmətə. Hərbi xidmət zamanı boş vaxtlarımı hədər keçirməyib nələrisə öyrənməyə çalışırdım.Bu çalışqanlığım sayəsində mən ilk olaraq çavuş kursuna yollandım. Çavuş rütbəsi aldıqdan sonra tağım komandiri və  digər hərbi vəzifələr icra etdim. İndi də hərbi xidmət zamanı çox çalışıb öyrəndiklərimə görə peşman deyiləm.Çünki həmin hərbi biliklər mənə vətənimizin müdafiəsində böyük kömək oldu.Beləki, mən 1989-cu ildə Qarabağ münaqişəsi daha da qızışmağa başlayanda evimizdən atama aid olan təklüləli ov tüfəngini götürüb könüllü olaraq təmas xəttinə yollandım. Oradakı yerli əhali ilə birgə gecə-gündüz post növbəsinə çıxdım. Orada vəziyyət pillə-pillə ağırlaşmağa başlayırdı. Öncə daşlaşma, daha sonra kütləvi davalar, lap sonra xırda silahlı basqınlar və müharibə… Bir daha deyirəm, məni Qarabağda düşmənlə savaşa yollayan tək səbəb ermənilərə olan nifrət hissi oldu. -İlk döyüş əməliyyatını necə xatırlayırsınız? -Artıq 1992-ci ildən  Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın könüllülərdən ibarət ilk özünümüdafiə batalyonu yaranmışdı. Təbii ki, mən də həmin batalyona ilk yazılanlardan idim.İlk hərbi əməliyyata həmin batalyonun tərkibində Şelli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. -Sizdən öncə həmsöhbət olduğum bir çox keçmiş döyüşçülər müharibənin insanı qəddarlaşdırdığını vurğulayırdılar. Siz necə, bu fikirlə razısınızmı? -Doğru vurğulayıblar. Həmin fikirlə mən də razıyam.Ermənilərin Xocalıda törətdikləri amansızlıqlara, vəhşiliklərə biganə qalmaq mümkün deyil.Mən Xocalı soyqırımı zamanı Ağdam məscidinə gətirilən qızların, gəlinlərin, uşaqların və qocaların meyitlərinə belə edilən işgəncələrin şahidi olmuşam.Ermənilər Rusiya ordusunda xidmət etmiş kapitan rütbəli xalam oğlunu Ağdərə istiqamətində əsir götürərək diri-diri yandırmalarının şahidi olmuşdum.Bütün bunlara görə döyüş meydanında düşmənə hansısa güzəşt etməyə haqqım yox idi. “8 nəfərlə kəndi qoruduq, düşmənin 2 tankını məhv elədik” -Bəs ən uğurlu döyüş əməliyyatınız harada olub?  -Hazırda bizim 20 faiz torpaqlarımız erməni işğalındadırsa, onda biz hansı uğurdan söhbət edə bilərik? Bəlkə də məni yanlış anlayarsınız, amma, bu belədir.Mən demirəm vuruşmadıq, müdafiə olunmadıq.Ancaq uğurlu döyüş əməliyyatı demək də bir qədər düz ifadə olmaz.Bax, misal üçün uğurlu döyüş əməliyyatları bu ilin aprelində baş verən kiçik müharibə zamanı baş tutdu.Və ordumuz işğal altında olan ərazilərimizin kiçik hissəsini düşmən tapdağından azad etdi.Şəxsən mənim iştirak etdiyim ən yaddaqalan döyüş Ağdamın Muğanlı kəndinin ilk dəfə düşmən hücumundan müdafiəsi idi. O vaxt artıq Gülablı kəndi işğal olunmuşdu. Düşmən əsas strateji yüksəkliyi ələ keçirmişdi.Biz o vaxt Muğanlı kəndində postda dayanmışdıq.Həmin vaxt düşmən bizim qarşımızda və sağ cinahımızda qərarlaşmışdı.Biz onlardan Muğanlı kəndinə hücum edəcəklərini gözləyirdik.Lakin onlar bizim solumuzdan hücum edərək Bağbanlar, Novruzlu və Saybalı kəndini işğal etdilər.Bundan sonra bəzi qüvvələrimiz geri çəkilməyə məcbur oldu.Amma biz cəmi 8 nəfərlə yarımmühasirə şəraitində Muğanlı kəndinin müdafiəsində dayandıq. Rəhmətlik Nazim (Qarabala) Sulduz, Gəray, Telman Cəfərov, Akif, Mobil, Əsgər və s. qalmışdıq kənddə. Gecədən ermənilərin hərəkətliyini müşahidə edib müəyyən etdik ki, onlar Muğanlıya hücuma hazırlaşırlar.Onları hücum edəcəyi əraziləri minaladıq və öz döyüş mövqelərimizi möhkəmləndirdik.Səhərə yaxın onlar təxmin etdiyimiz ərazidən tanklar və digər hərbi texnikaların dəstəyi ilə hücuma keçdilər.Atışma başlayandan bir neçə dəqiqə sonra onların tankı bizim basdırdığımız minaya düşüb partladı.Bundan sonra rəhmətlik Nazim onların ən axırıncı tankını qumbaraatanla vurdu.Qızğın döyüşdə xeyli sayda canlı qüvvəsini, həm də hərbi texnikasını itirən düşmən geri çəkilməyə məcbur oldu.Bundan sonra Muğanlı kəndi xeyli müddət bizim əlimizdə qaldı.Orada minaya düşən erməni tankını qənimət kimi ələ keçirdik.Sonra həmin tank təmir edilərək ordumuzda istifadə olundu.Mənim iştirakımla keçirilən ən yaxşı döyüş bax, həmin döyüş idi.Biz cəmi 8 nəfərlə erməninin iki tankını sıradan çıxardıq və xeyli sayda canlı qüvvəsini məhv etdik.Təəssüf hissi ilə qeyd edim ki, sonralar o kənddə gedən döyüşlərdə Nazim şəhid oldu.Biz həmin kəndi də ondan sonra Ağdam şəhərini də itirdik.Bütün bunlar hamısı o zamanlar baş verən hərki-hərkiliyin ücbatından oldu.Mən bir müharibə veteranı kimi Ağdam şəhərinin və şəhərətrafı kəndlərin getməsində Surət Hüseynovu günahlandırıram.Elə özünümüdafiə batalyonları arasındakı ədavəti, rabitəsiziliyi də o yaratmışdı.Ağdam şəhəri işğal olunanda mən yaralı olduğum üçün o döyüşdə iştirak edə bilməmişdim. Hərbi maşınla qəza keçirmişdik və o qəzada ağır yaralanmışdım… Maşınımız Surətin dəstəsinin maşını ilə toqquşmuşdu.Ağdamın getməyini hospitalda eşidib gəlmişdim.Onda artıq şəhər düşmən əlində idi.Mən başımda olan tikişləri döyüş səngərində əlimlə sökmüşdüm. -Döyüş zamanı döyüşçüdə qorxu hissi olurmu? Əgər olursa bu hiss necə önlənilir?  -Maraqlı sualdır. Əlbəttəki söhbət insanın ölümlə qarşı-qarşıya dayandığı meydandan-döyüş meydanından gedirsə bu hiss mütləq olur. Kim desə, ki, qorxmamışam o yalandır.Ancaq qorxu hissini yanındakı döyüş yoldaşlarınla, cəsur komandirlərinlə məhv edə bilirsən.Bundan başqa döyüş meydanında atılan ilk güllədən sonra qalib gəlmək, düşməni məhv etmək istəyi insanı digər hisslərin hamısından məhrum edir. “Aprel döyüşləri göstərdi ki...” -Bəs yaralanmağınızı necə xatırlayırsınız?  -1994-cü ildə Ağdamın kökəltmə adlanan ərazisində minaya düşdüm.Minaya düşdüyüm ərazilərə bir neçə dəfə getmişdim.Hətta o istiqamətdə şəhid olmuş Azərbaycan əsgərinin meyidinə də rast gəlmişdim.Meyiti gətirəndən sonra məlum oldu ki, onun adı Rafiqdir, 3-cü batalyonda vuruşurmuş.Əslən Ağdamın Saybalı kəndindən idi.Bax, belə gedişlərdən birində “OZM” markalı simli minaya düşdüm. Orda sağ qalmağım da bir möcüzədir. Çünki o elə mina növüdür ki, həm yerdən hündürə qalxaraq partlayır, həm də partlayış zamanı ətrafa 2500-ə qədər qəlpə yayır.Partlayış zamanı bədənimin müxtəlif nahiyələrindən 7 qəlpə yarası almışam.Sonrasını xatırlamıram.Gözümü açdım ki, hospitaldayam.Əməliyyat olunmuşdum.Həkimlər əməliyyat zamanı dalağımı və bağırsaqlarımın bir hissəsini kəsib götürmüşdülər.Ondan sonra uzun müddət müalicə olundum.Və beləcə ordu sıralarından təxris edildim. -Keçmiş döyüşçü kimi Azərbaycan ordusunun aprel əməliyyatlarına münasibətiniz necədir? Yəni o zamankı ordu ilə indiki ordu arasında fərq varmı? -Düzünü deyim ki, aprel müharibəsində ürəyim səngərlə, ordakı uşaqlarla döyünürdü. İki dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış məntəqəsinə müraciət elədim.Ancaq məni orduya aparmadılar.Ordunun hazırkı vəziyyətinə gəlincə ordumuz İrəvana qədər gedəcək qüvvəyə malikdir.Aprel döyüşləri bunu sübut elədi.Biz Qarabağ qaziləri isə hər zaman ordumuzun yanındayıq.İstənilən vaxt yenidən silaha sarılıb döyüşə atılacağımız günü gözləyirik. Elgün Gəncimsoy  





Həftənin ən çox oxunanları