Yuxarı

Böhran təhsili də “vurdu”

Böhran təhsili də “vurdu”

Orta məktəblər, liseylər birləşdiriləcək Ölkədə fəaliyyət göstərən orta ixtisas müəssisələrinin birləşdirilməsi təklifi səsləndirilir. Yəni, yaxın gələcəkdə bir neçə lisey, kollec və peşə məktəbləri birləşdiriləcək. Orta ixtisas məktəblərinin birləşdirilməsinə səbəb isə maliyyə çəkinliklərilə bağlıdır. Bu məsələ reallaşarsa, həmin müəssisələrdə çalışan işçi ordusunda da xeyli ixtisarlar gözlənilir. Etibarlı mənbələrdən aldığımız məlumata görə, artıq bir neçə peşə məktəbinin direktoru bu tip müəssisələrin birləşdiriləcəyi xəbərindən təşvişə düşüblər. Təhsil rəhbərləri vəzifələrindən kənarlaşacaqlarından ehtiyat edir, növbəti günlərdə hansı məqamlarla üzləşəcəklərini də dəqiq hesablaya bilmirlər. Ekspertlər isə növbəti ildə müxtəlif sahələrdə xeyli ixtisarların və bəzi müəssisələrin bağlanma ehtimalı ilə üz-üzə qalacaqlarını da istisna etmirlər. Bildirirlər ki, faktiki hazırki iqtisadi böhran yaxın vaxtlarda daha da dərinləşəcək. Ona görə də qeyd olunan təklif əslində məqsədəuyğun və məqbul addım olar. “İxtisarlar qaçılmazdır” Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2017-ci ildə bu tip addımların başvermə ehtimalı çox yüksəkdir: “Ola bilər ki, müəssisələrin birləşdirilməsində keyfiyyət məsələsi ilə bağlı da qərar verilsin. Birləşdirilmə maliyyə resurslarının təmərküzləşdirilməsi üçün ola bilər ki, önəmli hesab olunsun, amma keyfiyyət məsələsini də yaddan çıxarmaq lazım deyil. Ümumiyyətlə, kolleclər, peşə məktəbləri gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün peşəkarlığın hazırlanması lazımdır və bu peşəkarlar vacibdir. Təəssüflər olsun ki, hansı formada idarə olunmasından asılı olmayaraq bu sahədə son illər bərbad bir vəziyyət yaranıb. Belə yerlər sadəcə vaxt keçirməyə çevrilib. Əsas problem budur. İlk növbədə bunu həll etmək lazımdır. Əgər idarəetmədə təkmilləşdirmə aparılacaqsa, ciddi dəyişikliklər olacaqsa və keyfiyyətə təsir edəcəksə, niyə də olmasın. Bunun heş bir ziyanı yoxdur. Sadəcə, maliyyə resurslarına qənaət üçün deyil , keyfiyyəti artırmaq üçün müəyyən addımlar atılsa, bunun gələcəkdə müsbət effekti ola bilər”. “İslahat digər sahələri də əhatə etməlidir” Ekspert təhsil müəssisələrinin birləşdirilməsi məsələsində işsizlər ordusunun yaranmasının qaçılmaz olduğunu da dilə gətirib. O, deyib ki, təkcə bu sahədə deyil, gələn il bütün sahələrdə də bir çox ixtisarların ola biləcəyi ehtimalı yüksəkdir: “Əgər hökumət qənaət rejiminə keçib, maliyyə resurslarına müəyyən qədər qənaət etmək və idarəetmənin aktivliyini artırmaq, bürokratik aparatı daha da kiçiltmək istəyirsə ixtisarlar qaçılmaz olacaq. Sadəcə iqtisadiyyatda və idarəetmədə elə ixtisarlar olmalıdır ki, işsiz qalan şəxslər sosial çətinliklər qarşısında qalmasın. Onların digər sahələrdə özünə iş tapması üçün və kiçik biznes qurması üçün şərait yaradılmalıdır. Burada isə əsas məsələ rəqabətli mühit və iqtisadi artıma hesablanmış bir modelin olmasıdır. Yəni bunlar bir-biri ilə o qədər sıx məsələlərdir ki, tək bir sahədə müəyən addımların atılması yetərli deyil. Digər strukturlarda da sistem islahatları olmalıdır ki, problemlərin həlli üçün şərait yaransın. Düşünürəm ki, gələn il müəyyən ixtisarların və iş yerlərinin itirilməsi qaçılmaz olacaq”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları