Yuxarı

Ziya Məmmədovu bitirmək planı dövriyyədə

Ziya Məmmədovu bitirmək planı dövriyyədə

Azərbaycan Voleybol Federasiyasına yeni prezident təyin olunub. Posta “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti”nin sədri Cavid Qurbanov federasiya rəhbəri seçilib. Federasiyanın əvvəlki prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub. Voleybol Federasiyası Ziya Məmmədovdan alınan ilk qurum deyil. Bura qədər ard-arda “Azəryolservis”, Bakıda sərnişindaşıma, yol çəkilişi, “Azərbaycam Dəmir Yolları”, Sumqayıt şəhər nəqliyyatı, taksi fəaliyyəti üçün lisenziyaların verilməsi nazirin səlahiyyətlərindən alındı. Nəzarətində olan “Transgeyt” şirkətinə məxsus marşrut avtobusları xətdən çıxarılmışdı. Məmmədov Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyində edilən dəyişikliklə bu obyekti itirdi. Həmçinin son verilmiş qərarlardan biri dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunmasını da Ziya Məmmədovun nəzarətindən çıxardı. Sentyabrın 23-də isə nazirə məxsus “Qarant Sığorta” ASC-nin lizensiyası ləğv edildi. Nazirlik daxilində qarşıdurma Məsələ nazirin səlahiyyətlərinin azaldılmasında deyil, məsələ federasiyanın ondan alınıb Cavid Qurbanova verilməsindədir. Bundan əvvəl “Dəmir Yolları” da Qurbanova verilmişdi. Hələ Qurbanov Məmmədovun müavini olanda aralarındakı soyuq münasibət geniş müzakirə mövzusu idi. Bu “soyuq müharibə” zaman-zaman mətbuatın müzakirəsinə çıxarılırdı. Keçmiş müavin və “patron” arasındakı soyuq münasibətlər təsadüf deyildi. Belə ki, Cavid Qurbanovun Ziya Məmmədovun postuna iddialı olduğu və hakimiyyətin yüksək dairələrindəki qəyyumlarının bu işdə ona kömək edəcəkləri ilə bağlı vəd verdikləri məlumatları yayılmışdı. Məlumatların yayılmasının arxasından “dəmir yolları”nı nəqliyyat nazirinin əlindən alması Cavid Qurbanovla Ziya Məmmədov arasındakı soyuq münasibətləri pik həddə çatdırdı. Cavid Qurbanov vaxtilə Nəqliyyat Nazirliyində Ziya Məmmədova qarşı yaranmış qruplaşmada iştirak etməsi təsadüf deyildi. Bu, nazirin qurumda yaratdığı mühitə etiraz formasıydı. Hesab olunurdu ki, aralarında nazirlik yetkililərinin olduğu qruplaşmanın yaranmasına səbəb kimi Ziya Məmmədovun əməkdaşlara kobud davranması və şəxsi maraqlarına görə, hakimiyyətin yuxarı dairələrindəki yaxınları vasitəsilə hədələmələri göstərilirdi. Həmin vaxt Qurbanov əks təbliğatın əsas iştirakçılarından idi. Hətta Cavid Qurbanov nazirin postunu əlindən almaq üçün soyuq münasibətdə olduğu digər müavin Musa Pənahovla da “sülh sazişi” bağladı. Beləliklə nazirlikdə Ziya Məmmədova qarşı başlanmış kampaniyaya bir tərəfdən Musa Pənahov, digər tərəfdən isə Cavid Qurbanov dəstək verirdi. Nəticədə Ziya Məmədovun nazirlikdə hegemonluğu və işçilərə qarşı amansız mövqedə olması nazirə baha başa gəldi. Nazirlikdə ciddi fiqura çevrilən Cavid Qurbanov üçün Məmmədov “boss” postunu itirdi. “Məmmədovu bitirmək planı” Ziya Məmmədova isti münasibətinin olmadığını göstərən əsas faktorlardan biri Cavid Qurbanovun dəmir yollarına rəhbər keçən kimi ilk işindən biri nazirin qardaşı İldırım Məmmədovu qurumda tutduğu vəzifədən azad etməsi oldu. Lakin Ziya Məmmədovun səlahiyyətlərinin azaldılması təkcə Cavid Qurbanovla bağlı olan məsələ deyil. Nəqliyyat nazirinin bir sıra həmkarları və ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevlə ciddi problemləri var. Ziya Məmmədovun yola getmədiyi şəxslər arasında nüfuzlu oliqarx-nazir həmkarları da var. Cavid Qurbanov məhz keçmiş “patron”unun yüksək rütbəli məmurlarla olan konfliktindən səmərəli istifadə edir. Cavid Qurbanov “nəqliyyat şefi”nin “vurulması” əmrini də həmin şəxslərdən alıb. Hətta keçmiş müavini Ziya Məmmədov əleyhinə yönəlmiş təbliğatı mətbuata da çıxarıb. Bir sıra mətbuat orqanlarında Məmmədov əleyhinə silsilə yazılar yazdıran Cavid Qurbanov artıq onu bitirmək üzrədir. Cinayət işi açıla bilər Cavid Qurbanova verilən “devrilmə plan”ı ən xırda detallarına qədər icra olunub, başa çatmaq üzrədir. Artıq hakimiyyətin yuxarı dairələrindən Ziya Məmmədova vəzifəsindən tamamilə azad olunacağı ilə bağlı xəbərdarlıq edilib. Yaxın günlərdə KİV-lərə bu barədə açıqlamanın veriləcəyi bildirilir. Gələn məlumatlara görə, artıq siyasi dairələr və hakimiyyət daxilində uzun illər təmsil olunduğu klan “nəqliyyat şef”inin fəaliyyətində maraqlı deyil. İstefaya göndərildikdən sonra korrupsiya və Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılmış milyonlarla maddi vəsaiti mənimsəmə faktları əsasında Ziya Məmmədovun cinayət məsuliyyətinə cəlb ediləcəyi də ehtimal olunur. İttihamların irəli sürülməsindən əvvəl nəqliyyat nazirinin gizli işləri ilə bağlı bir sıra mətbuat orqanlarında faktların yayımlanacağı da planın tərkib hissəsinə daxildir. Əfqan  





Həftənin ən çox oxunanları