Yuxarı

Əcnəbi sevgisi: nikah çox, boşanma az

Əcnəbi sevgisi: nikah çox, boşanma az

Mehriban Zeynalova: “Əcnəbilər təkrar nikaha önəm verirlər” Son illərin statistikası əcnəbilərlə bağlanan nikahların sayının nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Araşdırmalar onu göstərir ki, azərbaycanlı qızlar daha çox türk və iranlılarla ailə qurmağa üstünlük verirlər. Digər ölkə vətəndaşları ilə də nikah münasibətlərinin sayı az deyil. Bu məsələdə müsbət hal ondan ibarətdir ki, əcnəbilərlə bağlanan nikahlarda boşanmaların sayı, yerli vətəndaşlardan boşananların sayından xeyli azdır. Bu günlərdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla əcnəbilərlə nikah quranların və boşananların statistikasını açıqlayıb. Məlumatda bildirilir ki, 2015-ci ildə əcnəbilərlə 2680 nikah bağlanılıb, onlardan 149-u boşanıb. 2014-cü ilə görə 1816 nikah bağlanıb, 155 boşanma olub, 2013-cü ildə isə 2780 nikah bağlanılıb, 211 boşanma qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, yerli vətəndaşlar arasında 2015-ci il müvafiq dövlət orqanı tərəfindən 17 min nikah və 3 min boşanma halı qeydə alınıb. 2014-cü ildə Azərbaycanda 12100 nəfər boşanıb, 84 900 nəfər isə nikaha girib. 2013-cü ildə nikah və boşanmaların sayı bir qədər artaraq 86852 və 11730-ə çatıb. 2012-ci ildə ölkədə 79065 nikah qeydə alınıb. Bu il üçün olan boşanmaların sayı isə 11087 olub. Ekspertlərin fikrincə, əcnəbilərlə olan boşanma sayının yerlilərə nisbətən az olması məsələsi əcnəbilərə olan etibarın çox olması ilə əlaqələndirilir. Yəni, əcnəbilərlə qurulan nikahlar yerlilərə nisbətən daha etibarlıdır. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə deyib ki, bu məsələdə əsas səbəb əcnəbilərin intellektual səviyyəsinin yüksək olmasıdır: “Boşanma məsələsinin xaricdə və Azərbaycanda olmasının fərqi yoxdur. Ailədaxili münasibətlərdə kifayət qədər problemlər var. Amma əcnəbilərlə nikah və boşanma məsələsində ölkələr də rol oynayır. Məsələn, götürək əgər kimsə türk vətəndaşı ilə evlənirsə və boşanma varsa, burada demək ki, ailə münasibətlərində problem var. Biz hələ qeyri-rəsmi nikahları demirik. Avropa vətəndaşları ilə nikaha girənlərlə digər ölkələrin vətəndaşları ilə nikah quranlar arasında fərq odur ki, avropalılarla ailə quranlarda əmlak məsələləri, nikah müqaviləsi və başqa şərtlər tələb olunur. Boşanmamanın əsas səbəbi bu məsələlərlə bağlı olur. Türkiyənin özündə də rəsmi nikah çox böyük önəm daşıyır. Bu ölkə vətəndaşı ilə də boşanmalar az olur. Amma qeyri-rəsmi boşanmalar daha çoxdur. Bu məsələdə ölkələrin də, intellektual səviyyənin də səbəbi var”.  QHT sədri hesab edir ki, nikah məsələsində intellektual səviyyə çox vacib faktordur: “Nikaha girən şəxsin yaş həddi, onun ailəyə münasibəti, ailə dəyərlərinin önəmi, sosial təbəqə önəmli məsələlərdir. Avropalılarla nikaha girənlərin çoxu orada yaşamış və təhsil almış qızlardır. Onlar öz düşüncə tərzlərinə uyğun şəxslərlə ailə qururlar və qarşılıqlı münasibətdə bir-birlərini tanımağa çalışırlar. Yəni, tələsik nikahlar olmur. Amma boşanma sayına görə hesab etmirəm ki, orada az, burada isə çoxdur”. Mehriban Zeynalova həmçinin onu da əlavə edib ki, əcnəbilərin yüksək xüsusiyyətlərindən biri odur ki, onlar təkrar nikaha önəm verirlər və bu əlaqəni də üstün tuturlar. Yerli vətəndaşlar isə təkrar nikah bağlanan zaman bu məsələni tərəf müqabili üçün başqaxıncı edirlər: “Eyni zamanda xaricdəki ailə dəyərlərinin də necə qurulması vacib şərtlərdir. Ən vacib məqam bu məsələdə şuurlu şəkildə ailə qurmaqdır”. Alçina Amilqızı  





Həftənin ən çox oxunanları