Yuxarı

Keçmiş əfqan döyüşçü: "Azərbaycanda mənim namusum, evim, malım mülküm var..."

Keçmiş əfqan döyüşçü:

" Heydər baba atəşkəs müqaviləsi imzaladıqdan sonra sənədi olanlar geri qayıtdı " O, tam yarım əsr əvvəl Əfqanıstanda dünyaya göz açıb. Ömrünün 50-ci payızındadır. Alın yazısının baharı olan gəncliyini Əfqanıstanda və Azərbaycanın Qarabağ bölgəsində müharibələrdə keçirib. Taleyini ən çox qanlı savaşlar və onlardan qalan acılı-şirinli xatirələr, vücudunu isə  güllə, qəlpə yaraları bəzəyir... İlk dəfə 8-ci sinifdə oxuyanda silahla sirdaş olub. Məktəbli çantasını atıb ölkəsinə təşrif buyuran Sovet Ordusuyla döyüşə gedib... Sonra, tale elə gətirib ki, bir vaxt  onun vətənini tapdaq edən sovet əsgəri olmuş azərbaycanlılarla çiyin-çiyinə söykənərək Azərbaycan torpağına göz dikən erməni-rus hərbiçilərə qarşı vuruşub.   -İcazə verin, Maqsud bəyi tanıyaq... 12053233_10207595930160168_1309948276_n-Seyyid Maqsud Haşimi, 1966-cı ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulmuşam.  Ailədə 4 qardaş 3 bacı olmuşuq. 1973-cü ildə həmin şəhərdə orta məktəbin birinci sinifinə getmişəm. Orta məktəbi yaxşı oxuyurdum.  Amma mənim üçün əsil məktəb 1981-ci ildə başladı... Ruslar gəldi... (gülümsəyir). Orta məktəbin 8-ci sinifindən çıxıb müharibəyə getdim. 1992-ci ildə Azərbaycanda olanları bizim yerli televiziyalarda göstərirdilər. Ermənilərin Qarabağda uşaqlara, qadınlara amansızlıq elədiklərinin şahidi olurduq efir vasitəsilə. Hesab edirdim ki, bunlara ruslar kömək edir. Bu isə Əfqanıstan siyasətçiləri tərəfindən xristian-müsəlman savaşı kimi dəyərləndirilirdi. Kabulda bir nəfər təbliğat aparırdı ki, Azərbaycanda ruslar və ermənilər müsalman qardaşlarımıza zülm edirlər. Kim istəyirsə, könüllü şəkildə Azərbaycan vuruşmağa gedə bilər. Elə mən də həmin vaxtdan bir neçə qohumumla birgə Azərbaycana gəlmək qərarı verdim. Peşman deyildim çünki Allahın, İslamın və peyğəmbərimizin bir hökmünü yerinə yetirməyə gedirdim. Ara sakitləşəndən sonra, 2002-ci ildə Ağdam rayon Xındırıstan kəndindən olan bir xanımla ailə qurmuşam. 3 qız övladım var; böyük qızım Fatimənin 11, ortancıl qızım Zeynəbin 9 yaşı, kiçik qızım Zəhranın 7 yaşı var. -Qarabağda, əsasən hansı döyüş əməliyyatlarında olmusunuz? -Əsas Ağdam və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Ağdamın Çıraqlı kəndi uğrunda gedən döyüşlərdə qıçımdan güllə yarası almışam. Hərbi hospitalda müalicə olunduqdan sonra Füzulinin Horadiz kəndinə getmişəm. Orada döyüşməyə davam eləmişəm... -Hansı döyüş əməliyyatı daha çox yadınızda qalıb? 12047702_10207595930080166_467982463_n -Horadizin azad edilməsi... (dərin düşüncələrə dalır) Orada bir məqam oldu. Dayimoğlu ilə təxminən 45-50 erməninin bir yerdə gizləndiyini görmüşdük. Tez əməliyyat hazırladıq, məqsədimiz onları diri tutmaq idi. 2-2, 3-3 quruplara bölünüb onları mühasirəyə almalıydıq. Amma onlar bu işdən tez xəbər tutdular. Qaçmaq istədilər. Dayım oğluyla 33-ə yaxın erməni öldürdük. Həmin vaxt bir erməni dayım oğlunu yaraladı. Mən idə onu yaralayıb yerə yıxdım. O qədər qəzəblənmişdim ki... Həmin döyüşdə dayımoğlu şəhid oldu. (gözləri kədəri şəkildə məchul bir nötəyə zillənir) - Müharibədən sonra niyə qayıdıb getmədiniz?  -Pasportumu hardasa itirdim. Heydər baba atəşkəs müqaviləsi imzaladıqdan sonra sənədi olanların çoxu dərhal qayıtdı. Amma bəzilərimizin sənədləri yox idi, ona görə dörd ay Azərbaycanda qalıb sənədimizin düzəlməsini gözləməli idik. O, vaxtlar Əfqanstanın Azərbaycanda səfirliyi olmadığına görə sənədlərimizin düzəlməsi problem idi. Sənədlər gələnə qədər Bakıda Malakan Bağının yaxınlığında kirayə ev tutmuşduq. Bir neçə əfqanla orda qalmalı olduq. Cəmi iki aydan sonra xərcləməyə və kirayə haqqını ödəməyə pulumuz qalmadı, məcbur qalıb işləməyə başladıq. Mən inşaatda fəhlə işi tapdım. Bizə söz verilən vaxt gəlib çatsa da sənədlərimiz gəlmək bilmədi... (gülümsəyir) bax beləcə məndə yavaş-yavaş Azərbaycana öyrəşməyə başladım. Sonrada ailə qurdum və qaldım burda -Bəs xanımınızla necə tanış oldunuz?  -Bakıdan Ağdama, onların kəndinə qonaq gəlmişdim. Kənddə gəzəndə onu gördüm və bəyəndim. Burada yaşayan əfqan dostuma o qızdan xoşum gəldiyini dedim, o da sağ olsun, düzüb qoşdu. Allahın əmri ilə ailə qurub götürüb apardım Bakıya. Amma kənd qızı olduğuna görə, çətin şəraiti olan bir otaqlı bina evində qala bilmədi. Biz də köçüb gəldik onların kəndinə. Elə o vaxtdan Xındırıstanda yaşayırıq. -Bəs yerli çamaatla dil tapıb yaşamaq çətinlik yaradırdımı? -Əfqanstan illərdi müharibə aparır, müharibə şəraitində olan insanların psixolojisi mənə yaxşı tanışdır. Ona görə camaatla dil tapmaq o qədər çətin olmadı. -Vətənin üçün darıxırsan?  -Hə, çox darıxıram. Xüsusilə də, qohumlarımla "skype"da danışandan sonra qanadlanıb Əfqanstana uçmaq istəyirəm. Amma qonaq kimi gəzməyə... Çünki artıq bura da mənim vətənimdir. İllərdir burdayam, burada  isti bir ocağım və ailəm var. -Əgər Əfqanstan və Azərbaycan eyni vaxtda başqa dövlətlərlə müharibə aparsa hansının tərəfindən döyüşərsən? -Hansına daha çox kömək lazım olsa, onun yanında olaram. -Bəs ikinci Qarabağ savaşı başlasa yenə döyüşəcəksənmi? (bərkdən gülür...) Mən ilk dəfə Azərbayacana gələndə sizin dövlətinizin adını cəmi 3-4 dəfə eşitmişdim. Bir müsəlman qardaş kimi yardım etməyə gəlmişdim. Amma indi Azərbaycan mənim ailəmin vətənidir. Həmçinin mənim ikinci vətənimdir. Burada mənim də evim var. Cibimdə bu dövlətin verdiyi sənədləri daşıyıram. Əmin olun ki, savaş əmri verilsə, mən Qarabağın işğaldan azad edilməsi üçün şəhid olana qədər savaşacam. Allahu- təala "Namusunuza, vətəninizə, malınıza təcavüz edənlərlə savaşın" deyir! Azərbaycanda mənim namusum, torpağım və malım-mülküm var! Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları