Yuxarı

Nazirlikdən SOS siqnalı

Nazirlikdən SOS siqnalı

Bakının bu ərazisində uçqun başlayıb  “Son günlər yağan yağışlar nəticəsində həm Bakı-Abşeronda, həm də respublika ərazisində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Əsasən sürüşmə aktivliyi Masazır ərazisinin Qır gölünü əhatə edir. Həmçinin həmin ərazi uçqun təhlükəsi ilə üz-üzə qalıb”. Bu sözləri Cebhe.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, yağışlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Bakıda Abşeron yarımadasında və respublika ərazisində geoloji proseslər üzərində daimi olaraq monitorinq işi aparır: “Son günlər respublika ərazisinə düşən yağışlar nəticəsində həm Bakı-Abşeronda, həm də respublika ərazisində sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Nisbi o deməkdir ki, sürüşmə bütün ərazisini əhatə etmir. Bu da qırılma çatlarında qırılma xətlərinin hardasa 1-2 sm genişlənməsində göstərir. Əsasən sürüşmə aktivliyi Masazır ərazisinin Qır gölünü əhatə edir. Burada qurunt sularının səviyyəsinin qalxması müşahidə olunur ki, sürüşmənin şökmə, oturma prosesinin dinamikasında, lokal sahələrdə nisbi aktivləşmə var. Eyni zamanda çatlarda nisbi genişlənmə də özünü göstərir. Qır gölünün ətrafında həmçinin uçqun prosesləri də müşahidə olunur. Yamac iki hissədən ibarətdir. Yamacın biri qopub düşüb. Düzdür, təsərrüfata heç bir ziyan vurulmasa da, bu ərazidə geoloji proses kimi aktivlik mövcuddur. Bundan əlavə bəzi digər sahələrdə yağışla bağlı qurunt sularının səviyyəsi qalxıb. Bu da əsasən Sabunçu rayonunun Şuşa şəhərciyi və Savalan qəsəbəsində, eyni zamanda həmin rayonun Daş karxanası deyilən ərazisində özünü göstərir. Ərazini tamamilə su basıb”.  Rafiq Həsənov qeyd edib ki, digər sürüşmə zonaları olan Bayıl, Badamdar, Əhmədli, Nərimanov heykəlinin ətrafı olan ərazilərdə isə son aylarda hər hansı bir dəyişiklik hiss olunmayıb: “O ərazilərdə reyterlər və mayaklar quraşdırmışıq. Bu ərazilər daimi nəzarətdədir. Çünki mərkəz də olmasa, göz qabağında olan ərazilərdir. Hər gün ərzilərə çıxırıq. Hər ayın sonu isə aparılan monitorinq və müşahidələr əsasında xüsusi bülletnlər hazırlanır. Bütün sürüşməyə meylli və sürüşmə olan ərazilərdə ay ərzində olan dəyişikliklər barədə məlumatlar bütün aidiyyatı dövlət orqanlarına göndərilir”. Qeyd olunan proseslərin qarşısının alınması məsələsinə toxunan nazirlik rəsmisi deyib ki, sürüşmənin qarşısının alınmasının hansı həcmə görülməsi, nə vaxt işlərin aparılması onların səlahiyyətləri daxilində deyil: “Biz sadəcə müəyyən tövsiyələri və sürüşmə təhlükəsi ilə qarşılaşan ərazilər barədə həmin qurumları məlumatlandırırıq. Onun qarşısının alınması başqa qurumların səlahiyyətindədir. Bizim təsir mexanizmimiz, səlahiyyətimiz də yoxdur ki, deyək ki, gedin bunun qarşısını bağlayın.Prezident Aparatına, Fövqaladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə qədər bütün qurumlara bu məlumatlar bülleten şəklində çatdırılır. Dövlət tərəfindən tədbir görülür, yəqin baxılır”.  Alçina Amilqızı





Həftənin ən çox oxunanları