Yuxarı

İctimai Fikir Akademiyasında müzakirə: Azərbaycanın müstəqillik tarixi

İctimai Fikir Akademiyasında müzakirə: Azərbaycanın müstəqillik tarixi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) bu gün Müstəqillik günü mövzusunda növbəti ictimai müzakirəsini keçirib.  Cebhe.info xəbər verir ki, tədbirin eksperti Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Bütöv Azərbaycan Ocaqları İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay olub. İFA-nın bugünkü tədbirində  Azərbaycan Ali Sovetində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulu, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda müzakirəyə çıxarılan məsələlər, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası və istiqlalçı 43 deputat haqqında fikir mübadiləsi aparılıb. Tədbirin ekspert qonağı Bəxtiyar Tuncay Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib. Bildirib ki, 71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tükəndirə bilmədi: “18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Həmin gün respublika parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı”nı qəbul etdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və “soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açdı. Bununla belə, Azərbaycan üçün müstəqilliyə qovuşmaq göydəndüşmə hadisə deyildi. Azərbaycan xalqı illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki Xalq Cümhuriyyəti bu ideyanın gerçəkləşdiyi qısa, amma tarixi əhəmiyyətli zaman kəsiyi idi. 71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilmədi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi”.





Həftənin ən çox oxunanları