Yuxarı

AXCP sədrindən qışa hazırlıqla bağlı təcili müşavirə təklifi

AXCP sədrindən qışa hazırlıqla  bağlı təcili müşavirə təklifi

“Avropa alimləri açıqlayıblar ki, 100 ilin ən soyuq qışı gəlir. Hətta buz dövrünün yaxınlaşması xəbərdarlığını edənlər də var. Ən soyuq qış Avropanın şimal hissəsinə düşsə də, Azərbaycana da 15-20 dərəcə şaxta gəlməsi bəribaşdan aydındır. Oktyabr ayında yağışa təslim olan Bakının 15-20 dərəcə şaxtaya, yolların günlərlə buz bağlamasına, şəhərin günlərlə qar altında qalmasına hazırlığı yoxdur”. Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev əlavə edib ki, prezident təcili müşavirə keçirib problemlərin həlli ilə bağlı tapşırıqlarını verməlidir: “Açığı, bu kimi məsələləri düşünəndə canıma qorxu düşür. İnsanların donacağından qorxuram. Çünki şaxta düşən kimi sular da donur, su və istilik xətləri sıradan çıxır, borular partlayır, hava kondisionerləri fəaliyyətini dayandırır, ictimai nəqliyyat iflic olur, qazın təzyiqi normadan aşağı düşür, elektrik enerjisində fasilələr yaranır və s. Bu dediyim problemlər yaşanır və bunların baş verərək günlərlə davam etməsi də insanların həyatı üçün çox təhlükəlidir. Elə buna görə də çox narahat oluram və neçə gündür çağırış edirəm ki, Prezidentin qışa hazırlıqla bağlı genişmiqyaslı bir müşavirə keçirməsində fayda var. Bəli, Prezident təcili şəkildə müşavirə keçirərərək şəhərdə yaşanan və yaşanacaq problemləri müzakirəyə çıxarmalı və konkret tapşırıqlar olmalıdır. Nə qədər ki, qış tam gücü ilə qapımızı kəsdirməyib, lazimi tədbirlər indidən görülməlidir. Problemləri və çıxış yollarını da bir-bir sadalayım ki, hər kəsə aydın olsun, tədbir görəcək idarələr isə işlərini bilsinlər. Bakıda yağan yağış şəhərin əyər-əskiyini üzə çıxardı. Bu əskiklərin aradan qaldırılması üçün aidiyyatı qurumlara maliyyə vəsaiti ayrılmalıdır. Daxili imkanlarla “altı təzək, üstü bəzək” prinsipi işləyəcək. Daxili imkanlar rüşvət, talançılıq, oğurluq deməkdir. Daxili imkanlar biznes qurumlarında olur, dövlət idarələrində isə daxili imkanlar şəhərin qlobal və illərlə yaranmış problemlərini həll edə bilməz. Həm mərkəzi, həm də məhlədaxili yollarda yaranan problemlərin həlli üçün ciddi işə ehtiyac var. Bələdiyyə sistemi yoxdur. Onlara arxalanaraq məhlədaxili yolları taleyin ümidinə qoymaq yüz minlərlə vətəndaşı öhdəsindən gələ bilinməyəcək məhrumiyyətlərə düçar etməkdir. "AzərİstilikTəchizat" ASC Bakının yaşayış binalarını və ictimai əhəmiyyətli dövlət, iaşə, sosial obyektləri, məktəb və xəstəxanaları istiliklə təchiz edir. Yaranmasından illər keçsə də heç Bakının yaşayış binalarının yarısı istiliklə təchiz olunmayıb. Çıxış yolu olaraq "AxərİstilikTəchizat" ASC-nə ya Prezidentin Ehtiyat Fondu, ya da Neft Fondundan vəsait ayrılmalıdır ki, modul tipli istixanalar quraraq məsələni kökündən həll etsin. Artıq neçə illərdir ki, Avropa İttifaqının da cəlb olunduğu mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri tərəfindən çoxmənzilli binaların idarə edilməsi layihəsi həyata keçirilir. Amma bu iş ölü nöqtədən tərpənmir. Çünki hökumət mənzil-istismar sahələrini - bizim “JEK” kimi tanıdığımız idarəni ləğv etmək istəmir. Təbii ki, hakimiyyətin “JEK”ləri saxlamaqda strateji marağı var. “JEK”lər bu hakimiyyətin bel sütunudur. Seçkidən tutmuş digər məsələlərə qədər hər şeyi onlar həll edir. Bu, başqa məsələdir və heç istəmirsiniz, ləğv də etməyin. Amma imkan verin ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri tərəfindən çoxmənzilli binaların idarə edilməsi məsələsi həllini tapsın. Bu olarsa, sakinlər bina problemlərini özləri çox asanlıqla həll edə bilərlər. Bu dünyada qəbul edilmiş praktikadır və gecikmədən Azərbaycanda tətbiq edilməsinə böyük zərurət var.  Şəhərətrafı qəsəbələrin infrastruktur işlərinə diqqət yetirilsin. Çıxılmaz vəziyyətə düşən insanlara anında səhiyyə və sosial xidmətlər göstərmək üçün yollar normal vəziyyətə gətirilsin. Mümkün qədər kanalizasiya problemləri həll edilsin. Bununla bərabər, yığılan suların kanalizasiya xətlərinə vurulması və ya təhlükəsiz yerə ötürülməsi üçün güclü nasosların elə indidən təchiz edilməsinə ehtiyac var. Yenə də daxili imkanlar bunu edə bilməz. Etsələr də vərəqə "quş" qoymaq üçün ediləcək. Prezident müşavirəsində konkret tapşırıqlar və maliyyə vəsaitləri ilə həll edilməli məsələdir”, -  deyə AXCP sədri təkliflərini bildirib. Vilayət Muxtar





Həftənin ən çox oxunanları