Yuxarı

Qızıl payızın “qara” xəstəlikləri

Qızıl payızın “qara” xəstəlikləri

Uşaqlarınızı payızın təhlükəli infeksiyalarından necə qoruyursunuz? Bakının qəribə iqlimi var, fəsillər qəfil qədəm qoyur paytaxta. Bir neçə saat ərzində ilıq yaz günəşi öz yerini qızmar istilərə verir, bürkülü yay qəfil soyuq, çiskinli payıza çevrilir. Fəsillərin qəfil dəyişkənliyi insanların, xüsusilə də uşaqların səhhətində qalıcı iz buraxır. Payız aylarında daha çox müşahidə edilən xəstəliklər kimini öskürəkdən boğur, kiminə yüksək istiliklə müşahidə edilən qrip gətirir, kiminə isə iştahasızlıq və yorğunluq “bəxş edir”. Bəs xəstəliklərə qarşı daha müdafiəsiz olan uşaqlar yoluxucu xəstəlikdən nə qədər sığortalanıb? İstilik dərəcəsinin hər gün fərqli olduğu oktyabr ayı 3 payız ayı arasında ən şıltaq olanıdır. Bir gün ilıq günəşlə, o biri gün sərt küləklə, başqa bir gün isə leysan yağışla oyanırıq bu ay. Bu səbəbdən səhhətimizi qorumaq da çətin olur. Pediatrlar deyir ki, ən güclü virus infeksiyası məhz payız aylarında yayılır. Bunlar arasında ən çox yayılanı yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Fəsil dəyişiklikliyi olanda, qapalı məkanlarda sürətlə yayılan bu infeksiyanı zərərsizləşdirmək bəzən 2-3 həftədən də çox vaxt ala bilir. Bu infeksiya daha çox burun tıxanıqlığı, ağızda və burunda quruluq, əvvəl şəffaf, sonra bulanıq burun çirki, əvvəlcə yüngül, sonra ağır qızdırma-üşütmə, halsızlıq, iştahasızlıq, əzələ-oynaq ağrıları, bəlğəmli öskürəklə müşahidə olunur. Faringit problemi bu mövsümdə ən çox yayılan problemlərdəndir.Oxucularımız da razılaşar ki, bu mövsümdə məktəbli uşaqlar arasında ən çox bu problemlə üzləşirlər.Əvvəlcə boğazda yanma və ağrı olur, daha sonra boğazın arxa divarında iltihablanma başlayır.Ağrı və yanma hissi ilə başlayan faringit daha sonar udqunmada problem yaradır, üşütmə-qızdırma ilə müşahidə edilir. Analar təbii vasitələrin tərəfdarı dır “Cümhuriyət” qəzeti bu mövsümdə övladını soyuqdan, xəstəlikdən qorumaq istəyən analar arasında kiçik bir sorğu keçirdi.Sorğu təşkil etdiyimiz sosial şəbəkənin qadınlara məxsus qruplarında suallarımızı cavablayan qadınlar özəl reseptlərini də bizimlə bölüşdü. Könül Əliyeva adlı xanım bildirdi ki, övladlarını payızın təhlükəli xəstəliklərindən nə dərman, nə də iynə ilə qoruyur: “Mən mütəmadi olaraq zəncəfil, darcın, limon suyu və balla təbii müdafiə sistemi qurmuşam. Sadaladıqlarımın hərəsindən eyni miqdarda götürüb qarışdırıram, hər gün səhər acqarına uşaqlara bir qaşıq yedirdirəm.Sizi əmin edirəm ki, çox gözəl vasitədir və uşaqlarım heç vaxt xəstələnmirlər. Sevinc Mustafayeva: “Mənim süfrəmdən sarımsaq əskik olmaz. Hər gün iki dəfə - günorta və axşam yeməyində uşaqlara bir diş sarımsaq yedirirəm.Tətil günlərində səhər də verirəm, amma məktəbə gedəndə vermək olmur.Uşaqlarım heç vaxt xəstələnmirlər, adi qrip belə olmurlar.Bir də soğan çox işlədirəm”. Aytən Qocayeva: “2 övladım var, tez-tez xəstələnirlər. Hər gün qrip əleyhinə dərman, hər ay iynə, antibiotik qəbul edirlər. Anam bal və zəncəfildən dərman düzəltdi, içirdə bilmirləm uşaqlara. Amma dərmanı görəndə mən deməmiş özləri ağzını açır, elə bil xüsusi öyrədibsən ki, iynə-dərmanı ye, amma təbii dərmanı yemə.Tez-tez xəstələnirlər, çox yoruluram.Biz xaricdə yaşayırıq, burda qrip peyvəndi də etdirdim uşaqları, yenə xeyri olmadı”. Gülər Məmmədova: “Hər gün cökə dəmləyirəm, Türkiyədə buna ihlamur deyirlər, orda yaşadığım üçün mən də elə deyirəm. Əvvəl bilmirdim bizdə də olduğunu, burdan anama göndərdim bir az, görəndə gülüb deyir ki, bunun vətəni elə bizim ölkəmizdir. Anam deyir biz uşaq olanda hər gün dəmləyib bizə cökə.Özümün də yadımdadır ki, heç vaxt xəstələnmirdik uşaq olanda. İndi də uşaqlarıma dəmləyirəm, içinə də azca bal qatıb içirirəm. Şükür ki, xəstələnməyiblər hələ”. Sahilə Xuduyeva: “Mənim mətbəximdən limon-bal-zəncəfil-sarımsaq qarışığından hazırladığım dərman əskik olmur. Həmişə azalana yaxın yenisini düzəldib hazır qoyuram. Uşaqlarımın 23,14,16 yaşları var, hələ yadıma gəlmir ki, onların şiddətli qızdırması, nəfəs kəsən öskürəyi olsun. Hər gün o düzəltdiyim dərmandan acqarına yedirdirəm.Amma gərək hər gün eyni saatda verim, onda qüvvəti artıq olur dərmanın.Saatı qururam, zəng çalan kimi qalxıb səhər saat 5-də hərəsinə 1 qaşıq yedirdirəm”. Günay Hüseynova: “Hər gün qaraçörək otundan istifadə edirəm, bir də limon və bal çox işlədirəm. Çay dəmləyəndə qaraçörək otunun toxumlarını da atıram çaydana.Sarımsaq, soğan çox işlətdiyim tərəvəzlərdəndir.Düzdü, qrip olur uşaqlar arada, amma çox yüngül keçirirlər”. Mələk Heydərli: “Anam həmişə deyir ki, bal və doşab ölünü də dirildər, ona görə həmişə evimizdə hər ikisi olub. Ağlım kəsəndən bir gün səhər bal içirdib bizə, bir gün doşab. Çox sağlam orqanizmim var, nə qrip olaram, nə öskürərəm.Universitetdə qrup yoldaşlarımın hamısı burnu-səsi tutulmuş gəlir dərsə, yanımda otururlar, öpüşüb-görüşürük, amma heç vaxt yoluxmuram”. Qriplə bu reseptlərlə döyüşün! 1 xörək qaşığı sürvəni 1 stəkan qaynar suya tökün. 5 dəqiqə saxladıqdan sonra süzüb içərisinə bir az qara istiot və 1 çay qaşığı bal qatıb qarışdırın. Bu çaydan gündə 1 dəfə içmək soyuqdəyməni aradan qaldırır və ya qarşısını alır.Əgər öskürəkdən əziyyət çəkirsinizsə bağayarpağı lazım olacaq.2 yarpağı götürüb, əzib, şüşə bankaya yığıb, üzərinə 45 faizli spirt tökün (yarpaqların üstündən 1 barmaq yuxarı olmaqla).Bankanın ağzını möhkəm bağlayıb, qaranlıq yerdə üç-dörd həftə saxlayın.Sonra tənzifdən süzün.Öskürək zamanı bu məlhəmdən qəbul edin. O, həm öskürəyi aradan qaldıracaq, həm də qrip infeksiyasına yoluxmanın qarşısını alacaq. 3 dilim zəncəfil, 3 dilim limon, 3 ədəd döyülməmiş qara istiot, bir neçə yarpaq nanə - hamısını birlikdə dəmlədikdən sonra alınan qarışığa 1 çay qaşığı bal əlavə edib hər gün bir stəkan qəbul edin. Bu qarışıq sizə gün boyu enerji ilə təmin etməklə yanaşı həm də viruslardan qoruyacaq.Əgər təzə zəncəfil tapa bilməsəniz toz zəncəfildən də istufadə edə bilərsiniz.Bu halda ölçü 1 çay qaşığıdır. Bu fəsildə qidalar da sizi qoruyacaq Yaşıl yarpaqlı çiy tərəvəzlərin qida dəyəri çox yüksəkdir.Qan damarlarını qoruyur, iltihabı azaldır və xəstəliklərə yol aça biləcək, ya da xəstəlikləri sürətləndirəcək faktorları uzaqlaşdırır. Hər gün iki boşqab az yağlı salat yeyərək qışı daha asan keçirə bilərsiniz. Yağlı balıqların tərkibində omeqa - 3 və selenium var. Omeqa, 3 bədəndəki iltihabı azaldır, ağciyərlərə hava axınını artırır və qoruyur.Həftədə iki dəfə balıq yeməklə immun sisteminizi gücləndirə bilərsiniz.Soğan, kəvər, sarımsaq, yaşıl soğan zəngin tərkibi ilə immuniteti möhkəmləndirir, infeksiyalara qarşı mübarizə aparır.Qatığı "təbii antibiotik" də adlandıra bilərik.Gündə bir kasa qatıq yeyərək bağırsaqlarınızda olan və bir çox xəstəliyə gətirib çıxaran bakteriyaların sayını azalda bilərsiniz.Yumurtanın bədəndəki, xüsusilə bağırsaqlardakı iltihabi prosesləri qabaqlayıcı təsiri var. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən hazırlanan xörəklərlə qidalanma çox faydalıdır.Xüsusilə uşaqlara günaşırı yumurta, ən çox da bildirçin yumurtası yedirtmək vacibdir. Lalə Mehralı  





Həftənin ən çox oxunanları