Yuxarı

AXCP üzvü: “Azad düşüncə gələcəyimizin qarantıdır”

AXCP üzvü: “Azad düşüncə gələcəyimizin qarantıdır”

Gəncliyimiz niyə azad düşünə bilmir? “Azad və sərbəst düşünən gənclik hər bir xalqın parlaq gələcəyinin qarantıdır. Mental sərhədləri qırmadan və düşüncə geriliyinə sinə gərmədən heç bir inkişafdan danışmaq mümkün deyil. Bu aksiom istər sosial, istər siyasi, istər dini və digər sahələrdə bərabər sürətdə keçərlidir. Dahilərdən birinin də dediyi kimi, insan övladının nail ola biləcəyi ən ümdə şey doğrunu anlamağı öyrənməsidir, çünki doğrunu anlamaq elə azad olmaq deməkdir.  Bu gün dünyada ciddi söz sahibi olan Qərb xalqları hələ tarixən zamanlarının mühafizəkar gedişinə qarşı öz kəskin anti mövqelərini qoymaqla hazırki inkişaf mərhələsinə çatıblar”. Bunu Cebhe.info-ya açıqlamasında Aəzrbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İlkin Qədirov deyib. AXCP üzvü əlavə edib ki, təəssüflər olsun bizim öz gəncliyimizdə azad düşüncə ilə bağlı ciddi problemlər mövcuddur: “Niyə bu gün biz sosial həyatımızda öz instinktlərimizin səsinə qulaq asıb azad yaşamayaq? Məsələn, niyə başqasının sosial baxışını, yaxud davranışını öz problemimiz hesab etməliyik? Niyə avtobusda, yaxud metroda hətta cavan, ya da orta yaşlı qadına öz yerini verməyən birinə qarşı gizli və ya aşkar surətdə təpki verməliyik? Niyə bu gün qısa geyinən birinin problemi onun ailəsinin deyil, bizim problemimiz olmalıdır? Niyə bu gün metroda yaxud avtobusda kitab oxuyan birinə sanki “işi -gücü qurtarıb” deyə yanaşırıq? Böyük qisim bu cür düşündüyü və bizim də bütün bunlardan xəbərimiz olduğu üçün biz də istər-istəməz həyatımızı başqalarına görə qururuq və başqalarının həyatını yaşayırıq. Yəni “camaat nə deyər?!” düşüncəsini öz üzərimizdən atıb, lazım olan hallar istisna olmaqla, fərdiyyətçi (individualist) həyat yaşamalıyıq. Budur bizi azad düşünən xalqlardan ayıran fundamental fərq. Toplum olaraq siyasi düşüncə azadlığımızda da ciddi əksikliklər vardır. Məsələn, bu gün seçkiyə və referenduma gedib öz taleyini müəyyənləşdirən, öz müqəddəratına səs verən birinə niyə də “onsuz da getməyin mənasızdır” deyib həmin insanda demotivasiya yaradaq ki?!  Niyə bir-birimizə seçib-seçilmə azadlığından maksimum yararlanmağı təşviq etməyək? Niyə bu gün öz vətəndaşlıq borcumuzdan çıxıb (əgər aparılan siyasətlə bağlı müəyyən narazılıq varsa) təşkil edilən qanuni və dinc mitinq və toplantılarda öz mövqeyimizi ortaya qoymayaq? Görüşümüz “həmişə daha yaxşısı və daha optimalı vardır”dan yana olmalıdır”.  İlkin Qədriov qeyd edib ki, çoxdinli və multikultiralist ölkə olsaq da, çox təəssüflər ki, daha çox hörmət etdiyimiz qisim (öz dinimizdən) başqa konfessiyalara inanan və ibadət edənlərədir: “Bu gün imanlı və peyğəmbər dühası ilə yaşayan saqqallı insanlara qarşı “vəhabidir” deyə bir görüşümüzün olması bizi ancaq ixtilaflara sürükləyir. Yaxud əhli-şiə birinə qarşı “İranpərəst, yaxud gizlində ixtilafçı” mövqeyimiz bizi daha böyük fəlakətlərə aparan faktordır. Bu qədər məhdud düşünməmiz, hələ cəhalət yuxusundan ayıla bilməməyimiz, fərqliliyə hörmət edə bilmə qabiliyyətimizin çox aşağı olması və bütün bunların sonucu olaraq da azad düşünməməyimiz bizi bəşər sivilizasiyasından onilliklərlə geri salır və inkişafımızı ləngidir. Dostlar, gəlin hansı sektaya, məzhəbə qulluq etməsindən asılı olmayaraq, dindar yaxud ateist olmasında asılı olmayaraq, hər kəsin mövqeyinə hörmət edək və azad olaq. Bu gün biz azad düşünüb azad olsaq, bizim nəsillər də azad olacaq. Qoy cinayətkarı yurisdiksiya və qanunlar cəzalandırsın, biz öz üzərimizə düşəni edək. Biz həm də ona görə azad düşünə bilmirik ki, bizdə insanlar sistemi idarə edir, Qərbdə isə əksinə, sistem insanları idarə edir. Bu model Almaniyada çox geniş tətbiq olunur və effektivliyi də göz qabağındadır. Düzgün ailə tərbiyəsi və oxuduğumuz kitabların da əhəmiyyətini unutmayaq. Gəlin bir-birimizi hansı mövqe tutmağımıza görə deyil, sosiuma nə qədər faydalı olmağımıza görə qiymətləndirək. Gəlin, AZAD düşünək!”  





Həftənin ən çox oxunanları