Yuxarı

Ölkəni xaosa sürükləyən məmurlar

Ölkəni xaosa  sürükləyən məmurlar

 

Tahir Kərimli: “Özünü insanların yerinə qoymalısan ki, onların nə hisslər keçirdiyini biləsən”

Vüsal Qarayev: “Ölkəni xaosa sürükləyirlər”

Əli Orucov: “Onlara öz yerlərini göstərmək lazımdır”

“Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır. İnsanlar qazın “xod”unu almır, əvəzində pəncərəni açıq saxlayır”. Fikirlər ARDNŞ prezidenti Rövnəq Abdullayevə məxsusdur.

Həm məzəli, həm də qorxulu

Baş nazir Artur Rəsizadə ölkədə tərəvəz məhsullarının qiymətlərinin artmasına münasibəti belə bildirilib: “Xiyar bahadırsa, sizə kim deyir ki, dekabrda xiyar yeyin. Biz o vaxt qışda təzə xiyar yemirdik”. 2009-cu ildə də baş nazir bahalaşmaya “Təzə xiyar bahadırsa, insanlar qoy gedib duzlu xiyar yesinlər” kimi ironik bir münasibət sərgiləmişdi. Çörək və unun qiymətinin artmasına spiker Oqtay Əsədov “Mən çörək yemirəm deyə, qiymətini də bilmirəm” cavabını verdi.

2015-ci ildə Binəqədidə yaşayış binası yandı və bunun təxribat olduğu, arxasında da müəyyən dairələrin durduğu iddia olundu. Jurnalist baş nazirin müavini Abid Şərifovun qarşısına çıxır və sual verir ki, təxribatın arxasında kim var? Abid müəllim jurnalistə belə cavab verir: “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Ala bala, sonra?! Müəyyən olunur ki, filankəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”.

Qapı arxasındakılar

Azərbaycanlı məmurlar və nazirlərin dillərindən səsləndirilən bu fikirlər hakimiyyətin xalqa olan soyuq münasibətidir. Xalqı ağır böhranın içinə atan bu məmur ordusu özlərinin yaratdıqları problemlərə münasibət bildirəndə də onu ələ salır, gülür, məzələnir. Çünki məmurlar və övladları xalqın pullarını, mülkiyyət üzərindəki haqlarını ələ keçirib əylənərkən, heç kəs onlardan bunun hesabını soruşmadı. Yoxsul xalqın qarşısında korrupsiya və rüşvətlə məmurlar qarınlarını şişirdikləri, arzulara sığmayan zənginlik içində yaşadıqları halda vətəndaş öz yoxsulluğundan utandı. Etiraz əvəzinə, öz haqqını, ədaləti tələbi əvəzinə şikayət üçün getdiyi kabinetdə məmurla əl verib görüşməsindən hər yerdə fəxarətlə danışdı, yoxsulluğundan utanıb üz qızartdı. Bəli, Azərbaycanda məmur harındırsa, bunda xalqın da günahı var.

Heç bir məmur bu ölkədə kabinetinin qapısını açıb, vətəndaşın problemini öz dilindən eşitmək istəmədi. Heç bir məmur özünü problemlərin hər gün bir az sıxıb, özünü öldürmək üçün “Koroğlu” körpüsünə çıxaran insanları dinləmədi. Rövnəq Abdullayev də, Abid Şərifovun da, Oqtay Əsədov da, Artur Rəsizadə də, aşağıdan yuxarı bütün məmur ordusu insanları kabinetlərinin qapılarından içəri buraxmadılar. Çünki onlar səfalətə məhkum etdikləri vətəndaşların yoxsulluqlarından diksinirlər, iyrənirlər, sevmirlər onları. Hər gün bu xalqı məsxərəyə qoyurlar və özlərinə kin, nifrət qazanırlar. Lakin onlar günahlar üzərində qurduqları səltənətlərində xoşbəxtdirlər, rahatdırlar.

“Xalqdan ummaq lazım deyil, çünki xalqın heç nəyi yoxdur”

Millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə bildirib ki, hamının Sovet nostalgiyası ilə yaşadığını gizlətmək lazım deyil. “Müstəqillik Günündə mənə dedilər ki, nə ilə qürrələnirdim ki, Müstəqillik Aktına imza atmışam, o vaxt qaz və işıqdan su qiymətinə istifadə edirdik, iş yerlərimizi itirmək həyəcanını keçirmirdik. Amma indi bizi nədə ittiham edirlər? Əgər sayğac quraşdırılıbsa, kimə nə dəxli var ki, nə qədər qaz, elektridən istifadə edirik? Nə dəxli var ki, hansı həcmdə xaricə, nə qədər vətəndaşlara qaz satılır? Mən vəzifəli şəxs, yaxud məmurların bu tip izahlarını başa düşə bilmirəm. Onlar ehtiyatlı olmalıdırlar. Əgər vətəndaşlar istədikləri kimi yaşamaq haqqından məhrum olurlarsa, heç olmasa digər tərəfdən bu cür ittihamlar irəli sürülməsin ki, problemlər onların öz təqsiridir. İnsanların dərdlərini başa düşmək lazımdır, nəzakətli olmaq lazımdır. Özünü insanların yerinə qoymalısan ki, onların nə hisslər keçirdiklərini biləsən. Özünə sual verilməlidir ki, “Mənim də qazım, işığım kəsilsə, işim olmasa, hansı vəziyyətə düşə bilərəm?”. Yalnız xalqın ağrısını ürəyində yaşadanda o başa düşüləcək. Təqsiri xalqın üzərinə atmaq lazım deyil. Xalqdan heç nə də ummaq lazım deyil, xalqın nəyi var ki, sənə nə də versin?! Bizim borcumuzdur ki, xalq üçün döyüşək, onun problemlərini həll edək. Məmurlar elə işləməlidirlər ki, xalq dövlətdən narazı qalmasın, işlədilən ifadələrdən də ehtiyatlı olmaq lazımdır”.

“Hökumətə qarşı nifrəti artırırlar”

AXCP-nin sözçüsü Vüsal Qarayev “Cümhuriyət”in diqqətini yüksək çinli məmurların, nazirlərin qeyri-ciddi açıqlamalarını anlamağın çətin olduğuna çəkib. Bakının bir neçə gün içərisində yağışa təslim olduğunu xatırladan V.Qarayevin sözlərinə görə, bir neçə günlük yağış görülən bütün işləri (görülməyən desək, daha doğru olar) yuyub apardı: “Büdcədən ayrılan pulların havaya sovrulması, yeyinti, korrupsiya su üzünə çıxdı. Vətəndaşların onsuz da ağır güzəranı daha da dözülməz həddə çatdı. İnfrastrukturun bərbadlığı bir tərəfə, qaz zəiflədi, işıqlar söndü. Bu havada istilik yoxdursa, bu “yıxıl öl” deməkdir.

Vətəndaşların əsəblərinin pik həddə çatdığı belə bir məqamda SOCAR prezidentinin “pəncərələrinizi açıq saxlamayın” kimi qeyri-ciddi bir fikir səsləndirməsi, anlaşılmazdır. Nə etmək istəyirlər? Bu ələsalmalarla vətəndaş-hökumət münasibətlərini daha da gərginləşdirirlər, insanlarda hökumətə olan nifrəti daha da artırırlar. Bu rəsmən xalqı barmağına dolamaqdır. Erməni kilsələrini pulsuz qazla təmin etməyi humanizm kimi dəyərləndirən məmur ölkədə istiliyin olmamasını, xalqın pəncərələrini açıq saxlaması ilə əlaqələndirir. Bu komediyadır, daha doğrusu tragikomediyadır. Yenə deyirəm, mən burda bir məqsəd görürəm: vətəndaş-iqtidar münasibətlərini kəskin həddə çatdıraraq, ölkəni xaosa sürükləmək”.

Vüsal Qarayev qeyd edib ki, qeyri-ciddiliyi bir kənara atıb, xalqa baş verənlərlə bağlı doğru hesabat vermək lazımdır: “Prezident nazirdən tələb edir, çıxsın xalqa hesabat versin, onun da savadı, qabiliyyəti bura kimi çatır. Bütün bu sərsəmləmələri qoyaq bir kənara, problemin kökündə korrupsiya, yeyinti, məmur özbaşınalığı durur. Məmurlar mərkəzə tabe olmurlar. Bu da ölkəni yavaş-yavaş xaosa aparır. Tək çıxış yolu dəyişiklikdir, yeni, gənc, peşəkar, savadlı və vicdanlı kadrların fəaliyyətlərindən yararlanmaq lazımdır”.

“Onlara öz yerlərinin göstərmək lazımdır”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət”ə deyib ki, vətəndaşların problemlərinə qeyri-ciddi yanaşmaq məsuliyyətsizlikdir. Ə.Orucov əslində bunun günahının məmurlarda yox, xalqın özündə olduğu qənaətindədir: “Belə məmurlar uzun illərdir vəzifədədirlər və xalqın pulunu, malını dağıdırlar, mənimsəyirlər. İndiyədək də xalq heç kimin yaxasından tutub soruşmayıb ki, “sən bu qədər pulu, belə dəbdəbəli şəraiti nəyin hesabına əldə etmisən?”. İlk növbədə insan özünə hörmət qoymalıdır ki, kənardakıların da hörmətini qazana bilsin.

Mən həmin məmurları qınamıram, çünki onlar bu rejimin yetişdirdiyi insanlardır. Məsuliyyət vətəndaşların üzərindədir ki, onların indiyədək vəzifədə qalmalarına şərait yaradıblar. Digər yandan bu, Azərbaycan hakimiyyətinin xalq münasibətinin necə olmasının, iqtidar - xalq münasibətlərinin göstəricisidir. Dəfələrlə bir sıra məmurlar xalqın gözləri qarşısında vətəndaşları təhqir ediblər, edirlər. Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun danışıqları hamının yadındadır, Artur Rəsizadədən də dəfələrlə xalqa qarşı neqativ münasibətlər görmüşük. Ən yüksək pillədən tutmuş, aşağıyadək bütün məmur ordusu xalqa yuxarıdan aşağı baxır, problemlərinə də qeyri-ciddi münasibətlər sərgiləyir. Məmurların islah olunmasının bir yolu var ki, onlara öz yerlərini göstərmək lazımdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları