Yuxarı

Məmurların “ötür-ötür” oyunu və “batan” paytaxt

Məmurların “ötür-ötür” oyunu və “batan” paytaxt

 

Heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir

Nüsrət Qasımov: “Bakıda göydələnlər tikiləndə kanalizasiya sistemində böyük dəyişikliklər aparılmalı idi”

Oktyabr ayı gələr-gəlməz özü ilə yağış da gətirdi. Məlum oldu ki, Azərbaycan nəinki qışa, heç payıza da hazır deyilmiş. Son günlər paytaxt Bakıya, eləcə də regionlara düşən aramsız yağışdan sonra iflic olan yollar, insanlar, qısası həyat belə deməyə əsas verir. Aramsız yağan yağış rayonlarla bərabər, paytaxtda da fəsadlar yaratdı. Bu da hər il olduğu kimi, bu il də Bakının payıza və qışa hazır olmadığını üzə çıxardı.

Bakıya düşən yağıntının miqdarı çox oldu-olmadı bu dəfə də şəhərin bir çox avtomobil yollarında, eləcə də, bəzi kanalizasiya olmayan ərazilərdə yağış suları gölməçələr, bəzi yerlərdə isə iri göllər əmələ gətirdi. Nəticədə magistral yollarda avtomobillərin hərəkətində maneələr yaranıb, bu da tıxaclara səbəb olub. Yaranan gölməçənin aradan qaldırılması üçün əraziyə YPX müfəttişləri və FHN-in suçəkən maşınları cəlb olunurdu. Aparılan müşahidələr zamanı məlum oldu ki, ən böyük göllər yeni tikilən yol ötürücüləri və körpülərin qarşısında meydana gəldi. Aidiyyəti dövlət qurumlarının sözçüləri bu məsələdə məsuliyyətin heç bir dövlət qurumuna məxsus olmadığını bildirib.

Ekoloqlardan sərt xəbərdarlıq

Avropa ekoloqları xəbərdarlıq edirlər ki,2017-ci ildə son 100 ilin ən soyuq qışı olacaq.Onların sözlərinə görə, Günəş buludların arxasında qalacaq, həttabuz dövrünün yaxınlaşmasını xəbərdarlıq edənlər də var. Ən soyuq qış Avropanın şimal hissəsinə düşsə də, Azərbaycana da 15-20 dərəcə şaxta gəlməsi aydındır. Oktyabr ayında yağışa təslim olan Bakının 15-20 dərəcə şaxtaya, yolların günlərlə buz bağlamasına, şəhərin qar altında qalacağını qaçılmazlığını üzə çıxardır.

Gələk məlum vəziyyətdən sonra yaranmış fəsadlara icra orqanları tərəfindən baxışın keçirilməsinə. Nə bir bələdiyyə, nə də rayon icra hakimiyyətlərinin başçıları, vəzifəli şəxslər  yağışdan sonra öz ərazilərini çıxıb gəzmir, vətəndaşlarla, mövcud problemlərlə maraqlanmırlar. Bununla da işlərin bitmiş hesab edirlər. Aramsız yağışdan yaranmış gərgin vəziyyətə görə heç bir dövlət qurumu məsuliyyəti öz üzərinə götürmək istəmir. Faktiki olaraq son 3 gündə sel suları və leysan yağışları Bakı şəhərinin küçələrini yuyub aparmasına və yararsız hala salmasına şahid olduq. Bəziləri bunun “Azərsu”-nun səlahiyyətlərinə aid olduğunu, “Azərsu” isə icra hakimiyyəti orqanlarına, icra strukturları da bələdiyyələrin, bələdiyyələr də məsuliyyəti mənzil-kommunal təsərrüfatlarının üzərinə atır. Bir sözlə, çirkab və yağış sularının axıdılmasına görə, heç bir qurum cavabdehlik daşımır.

Yaxşı, sən ağa, mən ağa, bəs millətə kim baxa?!

Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Cümhuriyət” qəzetinə bildirib ki, yaranmış gərgin vəziyyətə görə bütün dövlət qurumları məsuliyyət daşıyır: “Bakı şəhər İcra Hakimiyyətindən tutmuş, rayon icra hakimiyyətləri və Bakı Su-Kanalizasiya Birliyinə qədər bütün qurumlar məşğul olmalıdır. Təbii ki, bu, təbiət hadisəsidir və bundan heç kəs sığortalanmayıb. Sabah bundan da möhkəm leysan ola bilər. Çünki qlobal istiləşmə gedir, buxarlanma çoxdur. Ancaq gərək paytaxt Bakıda çoxmərtəbəli binalar inşa olunanda kanalizasiya sistemində böyük dəyişikliklər aparılaydı. Sovet dövründə Bakıda təxminən 300 min əhali yaşayırdı. Cəmi iki su kanalı - Ceyranbatan və Şollar su kəməri var idi. İndi isə Ceyranbatan, Şollar, Sabunçu, Bakı, Kür və Oğuzdan gələn suları şəhərə axıdırlar. Bəs bu su hara getməlidir? Bugünkü gündə kanalizasiya sisteminin bu qədər suyu aparmağa gücü çatmır, üstəlik, yağış suları. Digər tərəfdən yolların kənarında yağış suları üçün nəzərdə tutulmuş kanallar yoxdur. Yol çəkilərkən heç kimin ağlına gəlməyib ki, qışda qar, payızda yağış yağacaq yolları təmizləmək lazımdır. Bəzi yerlərdə ümumiyyətlə, kanalizasiya yoxdur. Əlbəttə, bu zaman yağan yağışın gölməçə əmələ gətirməsi təbiidir. Bu çox böyük məsuliyyətli işdir. Görürük ki, Bakı fəlakət qarşısındadır. Vətəndaşın 100 min dollarla aldığı avtomobillərin əksəriyyəti xarab olub. Bundan əlavə yağışın əsirinə çevrilmiş yaşlılar, cavanlar, məktəblilər oldu. Hazırkı kanalizasiya sistemi bugün yağan yağış sularını ötürməyə qadir deyil. Müşahidələr göstərdi ki, təzyiq artdıqca kanalizasiya quyularının qapaqları atıb, nəticədə su şəhərin küçələrinə dolur”.

“Əhali kanalizasiya sistemindən düzgün istifadə etmir”

Ekspertin sözlərinə görə, “Azərsu” ASC-nin 1 milyon yarım abonenti var: “Elə hündürmərtəbəli binalar var ki, orda 200-300 mənzili var. Aidiyyəti orqanlar binanın tikintisinə icazə verəndə sahibkara şərt qoymalı idi ki, bina ilə yanaşı kanalizasiyanı da təmir etsin. Hələ demirəm ki, kanalizasiya suları təmizlənməlidir, yaxud da lay-çirkab sularını dənizə axıtmaq olmaz və. s. Dəniz Azərbaycanın milli sərvətidir. Axıdılan zəhərli sular orda olan canlılar məhv edir. Başları qarışıb ucuz-ucuz reklamlara, şou-biznesə, insanların sosial maraq dairəsində olan problemlər qalır kənarda.Çox güman ki, ölkə başçısı yaranmış vəziyyətin hesabını soruşacaq. Şəhər bir neçə dəfə böyüyüb. Evlər tikilmədən öncə texniki şərt verilir. Tikinti şirkətləri texniki şərti kimdən alıb? Texniki şərt veriləndə niyə nəzərə alınmayıb ki, tikilən evlərin çirkab suları hara axıdılacaq? Bakı relyefinə görə, dərə-təpəli yerdir. Harada alçaq yerləri var, oranı su basır”.

Nüsrət Qasımov onu da qeyd edib ki, bəzi ərazilərdə kanalizasiya sistemi olsa da, ora məişət tullantıları atılır: “Ədalət naminə demək lazımdır ki, burda əhalinin də günahı çoxdur. Əhali kanalizasiya sistemindən düzgün istifadə etmir. Onlar evdə olan müxtəlif məişət tullantılarının hamısını kanalizasiyaya axıdır. Bəzi adamlar var ki, hətta kartofu, soğanı da unitaza tökür. Ancaq elə tullantılar da var ki, onlar təkrar emala getməlidir. Burda icra strukturlarının və kommunal xidmətlərə nəzarət edənlərin də günahı var. Belə ki, onlar zibil yeşiklərinin sayını artırmalı və əhali arasında təbliğat, maarifləndirmə işləri aparmalıdırlar”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları