Yuxarı

Azərbaycanın dini xəritəsi

Azərbaycanın  dini xəritəsi

 

Radikal dindarlar azalsa da...

Sələfilərin artımı təhlükəli həddə

Müsəlmanların yarıdan çoxu ibadət etmir

Gündüz İsmayılov: “Son bir ildə Azərbaycandan Suriyaya gedən olmayıb”

Azərbaycanda dini durum son dövrlər ciddi müzakirə olunan aktual problemlərdən birinə çevrilib. Bu isə Azərbaycanın müsəlman əhalisi arasında dindar kəsimin artması ilə bağlıdır. Hətta bəzi ekspertlər ölkədə mövcud ənənəvi dini balansın dəyişdiyini bildirirlər. Qeyd edilən vəziyyət fundamentalistlərin sayının artmasında və qeyri-ənənəvi radikal dini cərəyanların yayılması ilə müşahidə olunur. ABŞ-ın "Pew" Resurch Center tədqiqat mərkəzinin 2015-ci il 3 aprel tarixli hesabatına görə, Azərbaycan əhalisinin 93,4 faizini müsəlmanlar təşkil edir. Azərbaycanda şiə məzhəbinə aid olanların sayı hələ də üstünlüyünü qoruyub saxlayır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin 2015-ci ilin fevral ayında verdiyi məlumata əsasən, Azərbaycanın müsəlman əhalisinin 65 faizini şiələr, 35 faizini isə sünnilər təşkil edir. Ancaq bu statistikada digər islamçı təriqətlər nəzərə alınmayıb.

Artıq azərbaycanlılar Suriyaya döyüşməyə getmir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda dini etiqada görə əhalinin statistikasının aparılmadığını bildirdi. Lakin G.İsmayılov ölkənin dini mənzərəsini əks etdirən ümumi rəqəmləri belə ifadə etdi: “Qanunvericilikdə də göstərilir ki, heç kim dini inancını açıq-aydın ifadə etməyə borclu deyil. Yəni, heç kim heç kimdən hansı dinə və məzhəbə mənsub olduğunu soruşa bilməz. Azərbaycanda müsəlmanların və qeyri-müsəlmanların sayı ilə bağlı statistika aparılmır. Amma bizim təxmini hesablamalarımıza görə, ölkə əhalisinin 96 faizi müsəlmanlardan, 4 faizi isə qeyri-müsəlmanlardan ibarətdir. Yenə bizim təxmini hesablamalarımıza əsasən ölkə müsəlmanlarının 60-65 faizi şiə müsəlmanlardır, təxminən 35-40 faizi isə sünni məzhəbinə aid olan müsəlmanlardır. Qeyri-müsəlmanlar əsasən, xristianlar, yəhudilər, bəhailər, krişnaidlərdən ibarətdir. Xristianlar da pravoslavalara, katoliklərə, lüteranlara, yeqova şahidlərinə, baptistlərə bölünürlər. Yəni, Azərbaycanın dini palitrası çox zəngindir”.

Gündüz İsmayılov onu da bildirdi ki, Azərbaycanda təfrikçilərin, xəvariclərin sayı həddindən artıq azdır və belə radikal qruplarla mübarizə aparılır: “Azərbaycanda radikal dini qrupların artım tempi dayanıb. Bunun da səbəbləri var. Biz onlarla üç blokda mübarizə aparırıq. Birincisi, maarifləndirmədir. İkinci blok onların iqtisadi dayaqlarını məhv etməkdir. Üçüncüsü, inzibati tədbirlərdir. Bunu hüquq-mühafizə orqanları həyata keçirir. Sosioloji sorğular da təsdiq edir ki, son illər Azərbaycandan Suriyaya, İraqa döyüşməyə artıq getmirlər. Həqiqət bundan ibarətdir ki, nəinki müsəlman, hətta qeyri-müsəlman dövlətlərlə müqayisədə Azərbaycandan Suriyaya gedənlərin sayı çox azdır. Əgər on nəfər getmiş olsa belə biz buna ciddi məsələ kimi baxırıq və mübarizə aparırıq. Görülən işlərin nəticəsidir ki, son bir il ildə belə bir fakt qeydə alınmayıb”.

Cəfərilər üzərində İran təsiri

Dini Qurumlarla İş üzrə Dövət Komitəsinin yaydığı məlumatda Azərbaycan ərazisində 2166 məscidin mövcud olduğu, onlardan 136-sının Bakı şəhərində yerləşdiyi bildirilir. Konfessional baxımdan islam dininə aid olan 692 qurum dövlət qeydiyyatından keçib.  Ekspertlərin fikrincə, Azərbaycanın şiələri iki qrupa bölünür. Bunlar mötədillər, yaxud liberallardan və radikal şiələrdən ibarətdir. Azərbaycanda şiəliyin əsasən Cəfərilik məzhəbi geniş yayıldığından İran İslam Respublikası onlara geniş təsir imkanına malikdir. 2015-ci ilin noyabr ayında aşura günü Nardaran, Şüvəlan, Gəncə və Lənkəranda keçirilən kütləvi yürüşlər Azərbaycanda radikal şiəliyin geniş vüsət aldığını göstərdi. Son illər Azərbaycanda dini radikalizm siyasi islama meylin artması ilə müşahidə olunur. İran tərəfindən dəstəklənən “Qaraköynəklər” hərəkatı, dünyəvi siyasi təşkilatların elektoratı arasında ruhani müsəlmanların sayının artması buna misal ola bilər. Ümumiyyətlə, ötən 10 il ərzində Azərbaycanda müxtəlif dini cərəyanlara meylin güclənməsi dünyəvi siyasi müxalifətin sosial bazasının zəifləməsinə səbəb olub. Ancaq ötən il baş vermiş Nardaran hadisələrindən sonra dini və dünyəvi müxalifətin sosial bazasının birləşməsi diqqəti cəlb edir. Qanunvericilik Azərbaycanda dini təşkilatların siyasi fəaliyyətlə məşğul olmasını qadağan edir. Ruhani müsəlmanların dünyəvi təşkilatlara qoşulması bu maneəni aradan qaldırır. Buhəm şiə, həm də sünni müsəlmanlara aiddir.

Müsəlmanların 1 faizi məscidə gedir

Azərbaycan sünniləri arasında ənənəvi olaraq hənəfilik və şafiilik daha çox yayılıb. Bu da Səudiyyə Ərəbistanı, Qətər, Misir kimi ərəb ölkələrinin Azərbaycan sünnilərinə təsir imkanlarını yaradır. Beynəlxalq Böhran Qrupunun 2004-cü ildə Azərbaycan müsəlmanları arasında apardığı sorğu zamanı respondentlərin 63,4%-i heç vaxt ibadət etmədiklərini etiraf ediblər. 2006-cı ildə aparılan analoji tədqiqat zamanı məlum olub ki, sorğuda iştirak edən respondentlərin yalnız 7,2 faizi dini mərasimləri (adətləri) və onlara riayət etməyi bilir. “Puls” Sosioloji Sorğu Xidmətinin 2004, 2005 və 2006-cı illərdə təkrarən keçirdiyi sorgular nəticəsində belə qənaətə gəlinib ki, dini şərtlərə riayət edən respondentlərin sayı dəyişməz olaraq qalır və 50 faizdən aşağıdır.  2012-ci ilin avqust ayına olan məlumata görə, Azərbaycanda müsəlmanların yalnız 1 faizi ibadət üçün məscidə gedir.

Sələfilərin artımı təhlükəli həddə

Beynəlxalq Böhran Qrupunun 2008-ci ilə dair hesabatında Azərbaycanda sələfilik təriqətinə qoşulanların sayının 10 000 nəfəri keçmədiyi qeyd edilib. Lakin sonrakı illərdə biz bu göstəricinin sürətlə dəyişməsinin şahidi oluruq. Fəlsəfə elmləri doktoru Aydın Əlizadə apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, 2009-2014-cü illərdə Azərbaycanda vəhhabilərin sayı bütün qruplar üzrə 100 % artaraq 70 000 nəfərə çatıb: “Hazırkı artım sürəti saxlanılarsa, yaxın gələcəkdə radikal sələfi cərəyanları dini zəmində cəmiyyət üçün ən təhlükəli qruplar halına gəlib çıxacaq”-deyə mütəxəssis yazır. Sonrakı müddətdə Suriyada baş verən müharibədə radikal islamçı terror təşkilatlarına qoşulan Azərbaycan vətəndaşlarının sayının artması A.Əlizadənin proqnozunun özünü doğrultduğunu göstərdi. 2013-cü ilin statistikasına əsasən İŞİD-in və “Ən-Nüsrə” Cəbhəsinin tərkibində 1000 nəfərə yaxın olub. Onların əksəriyyəti İŞİD-ə qoşulanlardır. 5 il ərzində Azərbaycanda vəhhabilərin sayının minimum 2 dəfə artması və onların 1,5 faizinin peşəkar terrorçu qrupların üzvünə çevrilməsi bu göstəricinin həndəsi silsilə ilə artdğını təsdiq edir. Həmin müddətdə Azərbaycanda dünyəvi müxalifətin və vətəndaş cəmiyyətinin zəifləməsi onun sosial bazasının konfessional birliklərə meyllənməsinə və dini müxalifətin sayının həndəsi silsilə ilə artdığına dəlalət edir. Məsələn, Müsavat Partiyasının 2003-cü ilin oktyabr 12-də “Qələbə” meydanında keçirdiyi mitinqdə 150 min nəfərin iştirak etdiyi bildirilirdisə, 2015-ci ilin oktyabr ayında bu göstərici 500 nəfəri keçməmişdi.

Beynəlxalq Böhran Qrupunun 2007-ci ilin noyabr ayında Quba-Xaşmaz bölgəsində apardığı sosioloji sorğu zamanı ortaya çıxan faktlar Azərbaycanda terrorçuluğa meylli vəhhabilər arasında xəvariclərin üstünlük təşkil etdiyini deməyə əsas verir. Sorğuda iştirak edən xəvariclər İslamın sülh dini deyil, ədalət və qanun dini olduğunu deyiblər. İslam terrorizminə qarşı mübarizə aparan beynəlxalq təşkilatlar və dövlətlər bir qayda olaraq, dinlərarası sülh və dialoq prinsipini önə çəkirlər. Fundamentalist terrorçular isə öz fəaliyyətinə dini (hətta bəzən qeyri-dini) sferada hüquq və ədalətin əldə edilməsi uğrunda mübarizə kimi baxırlar. Əgər sələfilər özlərini “mən sələfi deyiləm”-deyərək əhli sünnə və ya radikal sünni kimi təqdim etmək istəyirlərsə, xəvariclər onlar kimi düşünməyən insanları da kafir sayırlar. Hətta İŞİD-in ideoloji konsepsiyasının əsas müddəalarından birini də “dünyanı kafirlərdən təmizləmək” ideyası təşkil edir. Xəvariclər sələfilərdən fərqli olaraq, terrorla islamı eyniləşdirməyə etiraz etmirlər və bunu ədalət uğrunda mübarizə hesab edirlər. Sələfilər də terrorizmi “cihad” adı altında mübarizə üsulu kimi qəbul edir. Ancaq müsəlmanların hər mübarizəsi “İslami-cihad” deyil. 2013-cü il dekabrın 11-də Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında baş vermiş silahlı qarşıdurma da bunu təsdiq edir. Xatırladaq ki, həmin hadisə zamanı sələfilər xəvariclərin Suriyaya döyüşməyə getmək təklifindən imtina etdiyi üçün yaranmış mübahisə silahlı insidentə çevrilmişdi.

Aydın Əlizadə Azərbaycan müsəlmanlarını dini göstəricilərinə görə 3 kateqoriyaya ayırır:

  1. Əhalinin böyük əksəriyyətini təşkil edən etnik müsəlmanlar. Onlar müsəlman mənşəli olmasına baxmayaraq, islam dinin tələblərinə əməl etmir və onun barəsində təsəvvürlərdən çox uzaqdır.
  2. Əhalinin az hissəsini təşkil edən, ümumilikdə islam dininin müddəalarına əsasən həyat tərzi yaşayan və ona əməl edən müsəlmanlar.
  3. İslamdan imtina edən digər dini-fəlsəfi inancları qəbul edən insanlar. Onların sayı dəqiq bilinməsə də kifayət qədər çoxdur.

BMT-nin İqtisadi və Sosial Şurası yanında “World population” Əhali Sayı Departamentinin proqnozlarına əsasən 2019-cu ildən etibarən Azərbaycan əhalisinin sayı azalmağa başlayacaq.

2015-ci ildə Azərbaycanda ümumi doğum əmsalı 2,27 təşkil edib ki, bu da əhalinin sayında artımın olmasından xəbər verir. 2019-cu ildə isə bu göstəricinin 2,20-ə, 2027-ci ildə 2,10-a, 2037-ci ildə 2,00-ə, 2058-ci ildə 1,90-a, 2080-ci ildə 1,87-ə, 2090-cı ildə 1,86-a, 2096-cı ildə 1,86 düşəcəyi proqnozlaşdırılır.

Bu isə Azərbaycanda müsəlmanların sayının da aşağı düşəcəyini deməyə əsas verir.

Ümumdünya xristian məlumatları bazası nəzdində Todd M. Johnson Gordon-Conwell Dini Seminariyasının apardığı tədqiqatlara görə, dünya əhalisi azalmağa doğru gedəcək və bu prosesin tərkib hissəsi olaraq müsəlmanların da sayı aşağı düşəcək. Yəni, hazırda dünya ölkələrində müsəlmanların gəncləşməsi və artımı prosesi gələcəkdə qocalması və sayının azalması ilə əvəz oluna bilər. Adıçəkilən Seminariyanın tədqiqatlarına görə, əgər 30 il əvvəl hər bir orta müsəlman qadına 6 uşaq düşürdüsə, indi bu göstərici 2-yə enib. Doğuş səviyyəsinin aşağı düşməsinin başlıca səbəbi kimi urbanizasiya prosesi göstərilir.

Rusiyalı şərqşünas Stanislav Qoroxov müsəlman ölkələrinin demoqrafik vəziyyətini belə analiz edir: “Əgər 1989-cu ildə dünyada hər bir müsəlman qadına 5,2 nəfər uşaq düşürdüsə, bu rəqəm 2000-ci ildə 3,7-ə, 2010-cu ildə 2,9 -a düşüb”.Qərb həyat tərzinin demoqrafik standartları və normalarının tətbiqi İran, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ortodoksal islam ölkələrində ənənəvi çoxuşaqlılıqdan imtina edilməsinə gətirib çıxarır. Ona görə də ən çox doğum səviyyəsi (ümumi nəsilvermə əmsalı 5-dən artıq) Afrikanın Niger, Somali, Çad kimi Subsəhra yoxsul müsəlman dövlətlərinə xasdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları