Yuxarı

Bakının əzəli problemi - Zibilliklər

Bakının əzəli problemi - Zibilliklər

Qadın-uşaq bezləri küçələrə səpələnib

Zibilliklər Bakını ağuşuna alıb. Addımbaşı rast gəldiyimiz əsas problemlərdən biri də budur. Şəhərin mərkəzi yerlərində dayanacaq ətrafında zibil qutularının olmaması, insanlarda zibil tullama mədəniyyətinin formalaşmaması hətta ictimai nəqliyyatda da əksini tapır. Kimisi çipsi kağızlarını, kimisi saqqızını, kimisi çırtladığı tumu ictimai nəqliyyatda yerə tullayır. Sanki belə də olmalıdır.

Zibil qutularının vaxtında boşaldılmaması yaşayış məskənlərində üfunətli bir ab-hava yaradır. Yayın istisində isə üfunətdən pəncərələri açmaq belə olmur. Azərbaycandan fərqli olaraq xaricdə zibillik mədəniyyəti deyilən bir anlam var. Hansı ki, İsveç kimi qabaqcıl ölkələrdə zibil qutuları üçün xüsusi qapalı yerlər ayrılır, insanlar zibillərini çeşidlərinə uyğun olaraq qablaşdırdıqdan sonra qutuya atırlar. Yəni, Azərbaycandakı kimi, qadın-uşaq bezləri çölün ortasına səpələnmir. Bu gün Azərbaycanda məişət tullantısının zərərsizləşdirilməsi, təkrar istifadəsi texnologiyası tədbiq edilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalovun sözlərinə görə, ölkədə məişət tullantılarının idarə olunmasını tənzimləyən 20-yə yaxın qanun var. Bu qanunvericilik beynəlxalq normalar səviyyəsində təkminləşdirilib. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmalar bir daha təsdiq edir ki,qanun var, icra yoxdur. Monitorinqlər nəticəsində bəlli olub ki, hüquqi və fiziki şəxslər tərəfindən məişət tullantılarının idarə olunması ilə bağlı qanunlara məhəl qoyulmur. Bu sahədə olan digər əsas problem isə bu tullantıların yığılıb daşınmasıdır: “Əlbəttə, bu məsələdə insan faktoru əsas rol oynayır. Məişət tullantıları bir yerə yığılıb qalaqlanır, vaxtında daşınmır. Kontrollerlərin əhalinin sayına düzgün hesablanmaması, məişət tullantılarının artıq olması qəsəbələrdə eybəcər mənzərəni ortaya çıxarır”.

A.Zeynalovun sözlərinə görə, qrafikin düzgün qurulmaması, zibil daşıyan sürücülərin Balaxanı qəsəbəsinə getmək əvəzinə daha yaxın ərazidə məişət tullantılarını boşaltması yol verilən əsas qayda pozuntularındandır: “Bəzi hallarda tullantıların daşınmasında problemlər ortaya çıxır ki, bunun da əsas səbəbi qrafikin düzgün seçilməməsidir. Bəzən sürücülər tərəfindən bu tullantılar heç Balaxanı ərazisinə çatdırılmadan yoldaca boşaldılır. Sürücülər qayda pozuntusu edərək axşam saatlarında görünməyən yerlərdə zibilləri tullayırlar. Sürücülər diqqətdən kənar olan bu ərazilər haqda bir-birlərinə məlumat verirlər. Nəticədə bir neçə sürücünün qanunsuz olaraq məişət tullantılarını tökdüyü yerlər böyük zibilxanaya çevrilir”. Balaxanı Məişət Tullantıları Poliqonu uzun müddətdir ki, fəaliyyət göstərir. Uzun illərdir bu poliqonda yanğınlar baş verirdi. Nəhayət problem İqtisadiyyat Nazirliyi tərəfindən həllini tapdı. A.Zeynalov qeyri-qanuni olaraq yaradılan zibilxanalarda dəfələrlə yanğınların baş verdiyini deyib: “Qeyri-qanuni olaraq yaradılan zibilxanalarda dəfələrlə yanğınlar baş verib, xüsusən də isti aylarda biz bunun şahidi olmuşuq. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırmalar aparılıb, müvafiq inzibati tədbirlər görülüb. Dünya Bankının layihəsi çərçivəsində qanunsuz zibilxanaların əksər hissəsi yığışdırılaraq Balaxanı Məişət Tullantıları Poliqonunu daşınıb”. Nazirlik rəsmisi ilin birinci yarımilində qanun pozuntuları ilə əlaqədar olaraq bağlanan akt və protokollar haqda da məlumat verib: “2016-cı ilin 6 ayı ərzində “Tullantıların idarə olunması ilə bağlı” qanunvericiliyin icra vəziyyəti araşdırılarkən 259 akt, 111 protokol tərtib edilib. Aşkar olunmuş nöqsanları aradan qaldırmaq üçün hüquqi-fiziki şəxslərə 111 məcburi göstəriş verilib”.

Balaxanı Zibil Poliqonunun illik gücü 500 min tondur. Balaxanı qəsəbəsinin ekoloji təmizliyinin cari durumunu qiymətləndirən A.Zeynalovun sözlərinə görə, illik gücü 500 min ton olan zavodda 21 milyon kilovat saat enerji əldə olunur. A.Zeynalov qəsəbədə bu istiqamətdə digər zavodların da fəaliyyət göstərdiyini deyib: “2012-cı ildə Balaxanı qəsəbəsində məişət tullantılarının yandırılması üçün zavod inşa edilib. Bununla yanaşı qəsəbədə Müasir Çeşidləmə Zavodu da fəaliyyətə başlayıb. Bu zavodun illik gücü 200 min tondur. 1963-cü ildən bəri fəaliyyətini davam etdirən Balaxanı Məişət Tullantıları Poliqonu 2008-ci ildən etibarən Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin balansına daxil edilib”. Zavodda sanitariya qaydalarına əməl olunduğunu deyən A.Zeynalov görülən işlərdən də söz açıb: “Poliqonda bərpaolunma və abadlaşdırma işləri aparılıb. Hazırda Balaxanı Məişət Tullantıları Poliqonu sanitariya qaydalarına cavab verir. Burada nəqliyyat vasitələrinin dezinfeksiya məntəqələri də açılıb, ərazidə yaşıllaşdrıma işləri aparılıb, işçi heyəti xüsusi geyimlərlə təmin olunub”.

A.Zeynalovun sözlərinə görə, poliqonda tullantıların qəbulu və emalı təhlükəsiz şəraitdə həyata keçirilir. Ölkə başçısının sərəncamı ilə Balaxanı Sənaye Parkının fəaliyyətə başlayacağını deyən A.Zeynalov fəaliyyət istiqamətindən söz açıb: “Prezidentin sərəncamı ilə qurulan Sənaye Parkında tullantıların emalı müəssələri qurulacaq”. Ölkə başçısının 2008-ci ildə qəbul etdiyi sərəncama görə, məişət tullantılarının qəbulu və zərərsizləşdirilməsi Təmiz Şəhər ASC-nin səlahiyyətindədir. Tullantıların yığılıb-daşınması isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları