Yuxarı

Hökumətin dərman siyasəti iflasa uğradı

Hökumətin dərman  siyasəti iflasa uğradı

 

Dərman bazarında özbaşınalıq

Aydın Əliyev: “Başa düşmürəm ki, Tarif Şurası nəyə gərəkdir”

Azərbaycanda dərmanların qiyməti dövlət tərəfindən tənzimlənmir. Eyni zamanda Azərbaycanda dərmanların vahid qiyməti də yoxdur. Hərçənd ki, dövlət rəsmiləri bu məsələ ilə bağlı iş getdiyini vurğulasalar da, vahid tarif siyasətinə keçid öz təsdiqini tapmır. İnsanların ala bilməsi üçün dərman preparatlarının qiymətlərinin optimal olmasına biganə yanaşılır. Hətta nəzarətsiz qalan dərman siyasəti də durumu getdikcə bərbad hala gətirir. Bu məsələ ictimaiyyətin də haqlı qınağındadır. Biz apteklərdə tez-tez eyni tərkibli dərmanların dəfələrlə baha qiymətə satılmasının şahidi oluruq.

Yəni, bunların tərkibi eyni olsa da, qiymətlər arasında kəskin fərq var. Dərmanlar insan həyatında önəm kəsb etdiyi üçün kimin nə satdığına və hansı qiymətə satdığına ən ciddi şəkildə nəzarət edilməlidir. Bu baxımdan dərmanların vahid qiymət sistemi çox vacib prosesdir. İnsanlar ən işlək dərmanların qiymətlərində kəskin bahalaşma olmasından gileylənirlər. Bundan əlavə ümumilikdə dərmanların qiymətlərində 50 faiz artım olub. Səhiyyə Nazirliyinin vahid tarif siyasəti birbaşa insan ölümünə səbəb olur.

Farmokoloq Aydın Əliyev “Cümhuriyət” qəzetinə deyib ki, dərman bazarında vəziyyət  idarəolunmaz vəziyyətə gəlib çatıb: “Bunun əsas səbəbi dərmanları xaricdən almağımızdır. Onları xaricdən alırıq. Qiymətlər isə dolların bazardakı  dəyərinə görə dəyişir. Nəticədə dərman biznesi ilə məşğul olan sahibkarlar öz gəlirlərini əsas tutmaqla dərmanların qiymətini müəyyənləşdirirlər. Bu da qiymətlərin günü-gündən atrmasına səbəb olur. Bu günlərdə hökumət və Səhiyyə Nazirliyi tərəfindən qiymətlərin bütün apteklərdə eyni qiymətə müəyyən olunması barədə addımı az da olsa təqdirəlayiqdir. Digər problemlər çoxdur. Bunlardan başlıcası tibbi sığortadır ki, qiymət artımı baş verəndə əhali özünü qismən də olsa qoruya bilsin. Əhalinin sağlamlığı üçün tibbi sığorta vacibdir. Azərbaycanda tibbi sığortanın dekabrdan etibarən tətbiqinə başlanılacağı  deyilir. Hökumət bu məsələ ilə bağlı vədlər verir, amma nəticə hələ ki görünmür. Nə qədər ki, tibbi sığorta olmayacaq, o qədərdən çox da insanlara dərman bazarında ciddi ziyanlar dəyəcək”.

Aydın Əliyev qeyd edib ki, Səhiyyə Nazirliyi vahid tarif siyəsətinə keçsə, o zaman xaricdən gətirilən dərmanlara nazirlik özü nəzarət etməlidir: “Dərmanlar, Çindən, Hindistandan, Türkiyədən və digər ölkələrdən gətirilir. Bizim şirkətlər hansı dərman firmaları ilə işləyirlərsə, onlardan asılıdırlar. Məsələn, ağır xəstəlik daşıyıcısı üçün elə dərman var ki, çox az istifadə olunur, onların qiyməti 5 manat idisə, indi olub 100 manat. İstər işlək, istərsə də az istifadə olunan dərmanlar - hamısının qiymətlərində artım var. Qanunla bu ölkədə statistika aparılmalıdır ki, nə qədər və hansı xəstəliklər var. Onların da dərman təminatı olmalıdır.

Hətta qanunla bu statistika zona üzrə də aparılmalıdır. Azərbaycanda inkişaf var. Amma bu inkişafın artıq konkretləşməyi lazımdır. Müəyyən dərəcədə proqparmalaşdırma və planlaşdırma lazımdır. Bu işlər əvvəl-axır getməlidir. Biz deyirik gücümüz var. Bəs bunu niyə etmirik? Mən başa düşmürəm ki, Tarif Şurası nəyə gərəkdir? Əgər Tarif Şurası qiymətləri tənzimləyə bilmirsə, onda Səhiyyə Nazirliyi neyləsin? Yox, əgər Səhiyyə Nazirliyi bunları edirsə, o zaman Tarif Şurası nəyə lazımdır?”

Alçina Amilqızı





Həftənin ən çox oxunanları