Yuxarı

Ölkə qışa hazır deyil

Ölkə qışa hazır deyil

Bakı kəndləri soyuqdan dona bilər

Havaların ötən ilin cari dövrü ilə müqayisədə soyuq keçməsi qışın soyuq ola biləcəyi ilə bağlı müəyyən təəssüratlar yaradır. Görəsən, bu il qış tez gələcəkmi? Qışa necə tədarük görülür? Aidiyyatı qurumlarla bu mövzunu müzakirə etdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, cari ilin oktyabrı ötən illərlə müqayisədə daha soyuqdu. Bunun səbəbi isə yağışların davamlı olması, daha çox şimal-şərq küləyinin üstünlük təşkil etməsidir:

“Ötən illər oktyabr ayında havanın temperaturu cari illə müqayisədə 15-20 dərəcə aarsında dəyişib. Bəzi illərdə oktyabr ayı üçün havanın temperaturu 13-15 dərəcə arasında dəyişib.  Lakin car ildə havanın temperaturu 10-13 dərəcədir. Havanın temperaturunun aşağı enməsi o demək deyil ki, qış soyuq keçəcək, və ya tez gələcək”.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev isə qaynar xəttə havaların soyuq keçməsi ilə əlaqədar hər  hansı problemin yaranması ilə bağlı şikayət daxil olmadığını deyib: “Borana, şaxtaya yüksək səviyyədə hazırıq. İstər şəhər daxilində, istərsə də şəhər kənarında, xüsusən də Bakı kəndlərində işıqla bağlı hər hansı problem yoxdur”.

Rayonlarda qazlaşma prosesi ləngiyir...

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, qışa hazırlıqla bağlı tədbirlər görülür: “Mütəmadi olaraq qaz xətlərinə nəzarət-baxış keçirili, tənzimləyici qurğular vasitəsilə işlər görülür. Hazırda 2016-2017-ci ilin payız-qış mövsümünə uyğun olaraq müəyyən  işlər görülür. Qaz xətlərinin  yenilənməsi, burada yeni avadanlıqların quraşdırılması ilə bağlı tədbirlər görülür. Qəza və abadlıq işləri istisna olmaqla qazın verilişində hər hansı məhdudiyyət yoxdur. Rayonların qazlaşma prosesi davam edir”.

İ.Kərbalayev qazın verilişi ilə əlaqədar olaraq heç bir problemin olmadığını deyir: “Deyirlər ki, bölgələrdə qazın verilişi ilə əlaqədar olaraq böyük problemlər var. Hansı bölgələrdə böyük problemlər var? Biz bunu görmürük”.

Binəqədi bələdiyyəsi gölləri qurudub torpaq satanda məndən icazə alıb?

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, havaların soyuq keçməsi onların işinə mane olmur. Yalnız bir amil var ki, o “Azərsu” ASC-nin fəlaiyyətində maneələr törədir. Bu da  yağış-kanalizasiya sisteminin olmamasıdır: “Bütün kanalizasiya sistemlərimiz işlək vəziyyətdədir. Sistemdə heç bir problem yoxdur. Bu gün 9 nasosdan 5-ini işlədiriksə, havalar yağmurlu keçəndə bütün nasoslarımız işlək vəziyyətə salınır. Bizim tabeliyimizdə olan kanalizasiya xətləri yalnız məişət tullantıları üçün hesablanıb, yağış suları üçün nəzərdə tutulmayıb. Yağış kanalizasiya sistemləri ayrı olmalıdır. Bu sistemin olmaması bizim işimizə də əngəl törədir. İşimizdə əngəl yarandığı üçün Xırdalan ərazisindən yağış sularını Hövsana tökürük. Bunun  üçün nə qədər əlavə enerji və vəsait sərf edirik. Jiquliyə daş yüklənən kimi yağış suları da bizim xəttimizə yüklənib. Belə havalarda xəttimizin işlək səviyyədə olmasını təmin etmək üçün intensiv iş rejiminə keçirik”.

İsmayıllıda hansısa çobanın fermasını su basarsa yenə də biz məsuliyyət daşımayacağıq...

A.Cəbrayıllının sözlərinə görə, yağış suları ilə bağlı “Azərsu” heç bir məsuliyyət daşımır: “Sabah Biləcəridə su yığılıb qalacaqsa, Masazırda zirzəmi su ilə dolacaqsa, biz buna görə məsuliyyət daşımayacağıq. Yaxud da İsmayıllı da hansısa çobanın fermasını su basarsa yenə də biz məsuliyyət daşımayacağıq.  Bu işə hər bir rayonun icra hakimiyyətində yerləşən Fövqəladə Hallar Komissiyası və bələdiyyələr baxmalıdır. Binəqədi Bələdiyyəsi gölləri qurudub torpaq satanda məndən icazə alıb? Xeyr, torpaqları satıb”.

Yağış sularının axıdılması üçün arx çəkməlidir...

A.Cəbrayıllının sözlərinə görə, bələdiyyə rəhbəri vətəndaşları yığıaraq çıxış yolu tapmalıdır: “Məsələn, yağış sularının axıdılması üçün arx çəkməli, bu arxı da müəyyən gölə birləşdirməlidir. Lakin heç bir bələdiyyə bu işə baxmır. Hamısı pulu alıb gizlənir”.

“Azəristiliy”in proqnozu isə Bakı kəndləri üçün ürəkaçan deyil, Bakı kəndləri soyuqdan donacaq

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Rafiq Əliyev Bakının noyabrın 1-dən qış rejiminə keçməsi ilə bağlı danışıb: “Azəristilik” Bakı şəhərində noyabrın 15-dən, rayonlarda isə noyabrın birindən etibarən qış rejiminə keçir. Azəristilik təchizatın bütün qazanxana və istiliktəchizetmə məntəqələri hazır vəziyyətdədir. Uşaq evləri, xəstəxanalarla bağlı daxil olan müraciətləri nəzərə alaraq bu müəssələrdə ayın birindən etibarən isitmə sistemlərini işlək vəziyyətə salırıq”. R.Əliyevin sözlərinə görə, hər hansı təşkilat qış vaxtına erkən keçmək istədikdə müraciət edir, tərəflər arasında 5 aylıq müqavilə bağlanır, ödənişə təminat verildiyi haqda iş icra olunur.

R.Əliyevin sözlərinə görə, hələlik ümumrespublika ərazisində, xüsusən də Bakıda noyabrın 1-dən qış rejiminə keçidlə bağlı hər hansı məsələ gündəmdə deyil: “Qış vaxtına keçidlə bağlı icra hakimiyyətləri, “Azəriqaz”, “Azərişıq”la birgə qərar qəbul edirik. Qış vaxtına keçidlə bağlı ümumi sərəncam verilməlidir”.  R.Əliyevin sözlərinə görə, ümumrespublika ərazisində daha çox Bakı istilik sistemi ilə təchiz olunub. Regionlarda isə 470-ə yaxın yaşayış müəssəsi istilik sistemi ilə təchiz olunub.

Mətbuat katibi Bakı kəndlərinin istili

k sistemi məsələsinə də toxunub. Vəziyyət ürəkaçan deyil: “Bakı kəndlərində mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Həyət evləri üçün mərkəzləşdirlimiş istilik sistemlərinin qoşulması mümkünsüzdür. Burada hündürmərtəbəli yaşayış binaları olmadığından “Azəristiliy”in qazanxanaları yaradılmayıb.  Bizim qazanxanalar çoxmənzilli yaşayış evləri üçün nəzərdə tutulub. Dünya praktikasında da həyətyanı evlər üçün mərkəzi qazanxana sisteminin olması nəzərdə tutulmur. Bakı kəndlərinin sakinləri  yalnız fərdi şəraitdə isinə bilərlər. Yalnız uşaq baxçaları, məktəblər və xəstəxanalarda mərkəzləşdirilmiş istilik sistemi qoşulub”.

Nigar Məhərrəm

 





Həftənin ən çox oxunanları