Yuxarı

Binəqədi bələdiyyəsindən “Azərsu”nun “gölləri qurudub satıb” ittihamına cavab

Binəqədi bələdiyyəsindən “Azərsu”nun “gölləri qurudub satıb” ittihamına cavab

“Binəqədi bələdiyyəsi gölləri qurudub satanda bizdən icazə almışdı?” 

Bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı Binəqədi ərazisində yaranan problemlə bağlı Cebhe.info-ya açıqlamasında deyib. Hazırda su-kanalizasiya sistemlərində heç bir problemin olmadığını deyən mətbuat katibi açıqlamasında bir sıra bələdiyyələrin fəaliyyətsizliyinə də toxunub. A.Cəbrayıllının sözlərinə görə, yağış suları ilə bağlı “Azərsu” heç bir məsuliyyət daşımır:

“Sabah Biləcəridə su yığılıb qalacaqsa, Masazırda zirzəmi su ilə dolacaqsa, biz buna görə məsuliyyət daşımayacağıq. Yaxud da İsmayıllıda hansısa çobanın fermasını su basarsa, yenə də biz məsuliyyət daşımayacağıq. Bu işə hər bir rayonun icra hakimiyyətinin nəzdindəki Fövqəladə Hallar Komissiyası və bələdiyyələr baxmalıdır. Binəqədi bələdiyyəsi gölləri qurudub torpaq satanda məndən icazə alıb? Xeyr, torpaqları satıb”.

A.Cəbrayıllının sözlərinə görə, bələdiyyə rəhbəri vətəndaşları yığaraq çıxış yolu tapmalıdır: “Məsələn, yağış sularının axıdılması üçün arx çəkməli, bu arxı da müəyyən gölə birləşdirməlidir. Lakin heç bir bələdiyyə bu işə baxmır. Hamısı pulu alıb gizlənir”. 

Məsələ ilə bağlı Cebhe.info ittiham ünvanı olan tərəflə - Binəqədi bələdiyyəsi ilə əlaqə saxlayıb. Cebhe.info-nun suallarına cavab verən bələdiyyənin sədr müavini Sabir Həsənov bildirib ki, bələdiyyə ərazisində su basma hadisəsi qeydə alınmayıb:

“Bu hallar Rəsulzadə və Biləcəri bələdiyyələrinin ərazisində baş verib. Binəqədi rayonunda 5 bələdiyyə var, ancaq Binəqədi bələdiyyəsinin ərazisində elə hadisə baş verməyib. Biz mikrorayonları əhatə edirik. Şəhər bələdiyyəsi: 6-cı, 7-ci, 8-ci, 9-cu mikrorayonlar və Dərnəgül yaşayış massivi. Bizdə elə hal yoxdur. Su basması Binəqədi şossesində olub, Rəsulzadə, Binəqədi qəsəbə və Biləcəri bələdiyyəsinin ərazisidir. Bizdən başqa digər bələdiyyələrin ərazisində subasma halları var, əsasən də, Rəsulzadə və Biləcəri bələdiyyəsində". 

Adıçəkilən Biləcəri bələdiyyəsi ilə əlaqə saxlasaq da, telefona cavab verən xanım bildirib ki, idarədə heç kim yoxdur. Rəsulzadə bələdiyyəsində isə ümumiyyətlə, telefonlarıma cavab verilməyib.

Məcid Həsənli





Həftənin ən çox oxunanları