Yuxarı

Təhsil Nazirliyi susur

Təhsil Nazirliyi susur

Məktəblərdə isə rus dili dərsliyi pulla satılır

Bəzi orta məktəblərdə rus dili fənni üzrə dərslik problemi yaranıb. Bu günlərdə bir sıra orta məktəblərdə rus dili dərsliklərinin olmadığı üzə çıxıb. Bu barədə Cebhe.info-ya valideynlər xəbər verib. Valideynlər rus dili dərsliyini şəxsən almalı olduqlarını bildiriblər. Onların sözlərinə görə, artıq neçə illərdir ki, bu fənnin dərsliyi şagirdlərə verilmir, əksinə, valideynlərə aldırılır.

Halbuki illər öncə bu fənnin tədrisi xarici dil olaraq orta məktəblərin proqramına salınıb. Amma dərslik çatışmazlığı problem olaraq qalır. Maraqlıdır, görəsən, rus dilinin tədris olunması məktəb proqramına fakultətiv məşğələ kimi, yoxsa ayrıca fənn olaraq salınıb? Əgər fənn kimi tədris olunursa, bəs nə üçün şagirdlərə pulsuz dərsliklər paylanılmır? Məsələni Təhsil Nazirliyi ilə aydınlaşdırmağa çalışdıq.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov Cebhe.info-ya açıqlamasında bildirib ki, orta məktəblərdə rus dili fakultətiv məşğələ deyil, fənn olaraq tədris olunur: “Xarici dil tədris olunan məktəblər var. Onlarda dil seçiminə uyğun olaraq hansı keçilirsə, müəyyən olunursa, o dildə tədris aparılır”.

“Rus dili fənn olaraq tədris olunursa, niyə şagirdlərə dərslik verilmir?” sualımıza nazirlik rəsmisi belə cavab verdi: “Hansı məktəb və siniflərə dərslik verilmirsə, bizə sorğu ilə müraciət etməlisiniz. Görək hansı məktəblərdə bu problem var”. Konkret hansı məktəbdə dərslik probleminin mövcudluğunu nazirlik rəsmisinin nəzərinə çatdırmaq istəsək də, o bununla bağlı quruma yalnız sorğu şəklində müraciət edə biləcəyimizi deyib. Qeyd edək ki, artıq bir neçə ildir ki, bütün dərsliklər orta məktəb şagirdlərinə pulsuz verilir.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları