Yuxarı

Əbülfəz Elçibəyi Marqaret Tetçer devirib?

Əbülfəz Elçibəyi Marqaret Tetçer devirib?

1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi Hakimiyyətinin devirilməsi ilə bağlı son günlər mediada yeni informasiyalar səslənir. Söhbət 4 iyun qiyamının təşkilində Böyük Britaniyanın bp şirkətinin rolundan gedir. İndiyə qədər mediada həmin dövlət çevrilişinin Rusiya tərəfindən hazırlandığı, eləcə də hakim komanda daxilində fikir ayrılığının olması ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. Ancaq AXC-nin hakimiyyətdən salınmasında Qərb dairələrinin rolu barədə çox az danışılıb. 

Cebhe.info xəbər verir ki, bu barədə ortaya çıxan son məlumatlarda Britaniyanın baş naziri olşuş Marqaret Tetçerin qiyama dəstək verdiyi xüsusi vurğulanır. Bildirilir ki, M.Tetçer 1992-ci ildə Bakıya rəsmi səfərindən sonra Azərbaycanda hakimiyyət dəyişikliyinin zəruri olmasını təklif edib. “Dəmir Ledi” Bakıdan Londona qayıtdıqdan sonra rəy yaradıb ki, Elçibəy hakimiyyəti devrilməlidir. Azərbaycan prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə Tetçerin portreti əks olunmuş xalça hazırlanıb. Həmin vaxt  Azərbaycan prezidentinin müşaviri işləyən Nəcəf Nəcəfov xalçanı  Tetçerə təqdim etmək üçün 1992-ci ilin dekabr ayında Londona aparıb. Nəcəf Nəcəfov baş nazir Tetçerin mətbuat katibi ilə bir neçə dəfə əlaqə saxlasa da, xalçanı ünvanına çatdıra bilməyib. Nəcəf  Nəcəfov Üç həftə "gələn həftə zəng edin" deyə get-gələ saldıqdan sonra Tetçerin xalçanı qəbul etmək istəmədiyi anlaşılıb. Bu, artıq Britaniya baş nazirinin Azərbaycanm hakimiyyətinə etimadsızlıq göstərməsi demək idi.

Qeyd edək ki, Azərbaycanda 1993-cü ilin dövlət çevrilişində Böyük Britaniya hökumətinin əli olması barədə başqa faktlar da mövcuddur. İngiltərənin  “Daily Mail” qəzetinin 14 may 1997-ci il tarixli sayında 1994-cü ilə qədər bp-nin Azərbaycandakı nümayəndəliyində çalışmış, Avropa Birliyinin müşaviri Les Abrahamsın bir məqaləsi yayımlanmışdı. Məqalədə İngiltərənin Xarici Kəşfiyyat Qurumu ( MI6) ilə birlikdə bp şirkətinin Elçibəy iqtidarının devrilməsini dəstəklədiyi açıqlanmışdı.

1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyətində təmsil olunmuş bir sıra şəxslər də dəfələrlə mətbuata açıqlamalarında çevrilişin bp tərəfindən dəstəkləndiyinin bildiriblər. Buna səbəb Qərb şirkətləri ilə imzalanması gözlənilən neft müqaviləsində Azərbaycanın daha çox pay bölgüsü istəməsi və bu məsələdə güzəştə getmək istəməməsi göstərilir. Təsadüfi deyil ki, Marqaret Tetçer Əbülfəz Elçibəylə bağlı çıxışlarında onun prezidentin neft müqaviləsində hər bir faiz üçün mübarizə apardığını, israr etdiyini vurğulamışdı.

Eyni zamanda, 1993-cü ildə Türkiyənin yeni seçilmiş prezidenti Süleyman Dəmirəlin də Azərbaycan hakimiyyəti dəyişikliyinə dəstək verdiyi də artıq şübhə doğurmayan faktlar sırasındadır.

Müşfiq





Həftənin ən çox oxunanları