Yuxarı

İcra hakimiyyətlərinin səlahiyyətləri alınır

İcra hakimiyyətlərinin  səlahiyyətləri alınır

 

İdarəetmədə islahat olacaqmı?

Sərdar Cəlaloğlu: “Bunun üçün hökumət idarəetmə siyasətini dəyişməlidir”

Vüsal Qarayev: “İcra hakimiyyətləri ümumiyyətlə, ləğv olunmalıdır”

Yerli (rayon, şəhər) icra hakimiyyəti başçılarının iki səlahiyyəti ləğv edilib.  Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb. Fərmana əsasən, yerli icra hakimiyyəti başçılarının mədəni-maarif idarələrinin işini təşkil etmək və Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdıraraq nazirliyin yerli bölmələrinin rəhbərlərini təyin etmək səlahiyyətləri ləğv olunub. Bir müddət öncə isə İcra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmə gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev də bu təkliflə çıxış etmişdi. Ancaq hökumət məsələyə bir az fərqli yanaşır. Belə deyək, hökumət icra başçılarının səlahiyyətlərini azaldaraq vəziyyətdən çıxmağa çalışır. Bir növ islahat görüntüsü yaradır. Ancaq hadisələr fərqli yöndə də inkişaf edə bilər. İcra hakimiyyətləri ləğv oluna və ya regional idarəetməyə keçid baş verə bilər. Bəs İcra hakimiyyətlərinin səlahiyyətləri yeni yaradılacaq Böyük Şəhər Bələdiyyələrinə verilə bilərmi?

“Mahal sisteminə keçilsin”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə şərhində deyib ki, İcra hakimiyyətlərinin ləğv olunması üçün hökumətin idarəçilik sistemi dəyişməlidir. Onun sözlərinə görə mövcud situasiyada bu mümkün görünmür: “İcra hakimiyyətlərinin ləğv olunması prezident institutunun ləğv edilməsi deməkdir. Bunun heç bir əsası yoxdur. Sadəcə, Azərbaycanda inzibati ərazi bölgülərini birləşdirib mahal sisteminə keçmək olar. Məsələn, Azərbaycanı 6 mahala: Naxçıvan, Lənkəran, Şimal, Şirvan, Gəncə və Bakıya bölmək olar. Hər birinə də bir icra hakimiyyəti vermək olar. Türkiyədə olduğu kimi valilik sisteminə də keçmək mümkündür. Bir neçə rayonu da birləşdirib bir valiliklə idarə etmək olar. Bunun üçünsə idarəçilik sistemi dəyişməlidir. Mövcud  situasiyada İcra hakimiyyətlərinin ləğvi mümkün deyil”.

“İşləri yalnız sərvət toplamaqdır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə qeyd edib ki, biz dəfələrlə İcra Hakimiyyətlərinin ləğv olunmalı olduğunu gündəmə gətirmişik. Onun sözlərinə görə, icra başçılarının səlahiyyətlərinin bir hissəsinin alınması heç nəyi dəyişməyəcək:

“Əslində bu geçikmiş addımdır. Biz AXCP olaraq dəfələrlə təklif etmişik ki, bəli, icra hakimiyyətləri ləğv olunmalıdır, çünki icra başçılarının işi yalnız var-dövlət yığmaqdan ibarətdir. Ona görə ki, o vəzifəyə külli miqdarda rüşvət verib gəliblər.

O ki, qaldı icra hakimiyyətlərinin səlahiyyətlərini bələdiyylərə verməyə, məsələ burasındadır ki, axı bugün bələdiyyələrin fəaliyyəti də icra hakimiyyətlərindən fərqlənmir. Onlar da rüşvətlə, saxtakarlıqla gəliblər vəzifəyə, onlar da yeyinti ilə, çapıb-talamaqla məşğuldurlar. Deyək ki, aldılar səlahiyyətləri verdilər bələdiyyələrə.

Nə dəyişəcək ? Axı hamımıza məlumdur ki, bələdiyyələr necə seçiliblər. Deməli, bu olacaq toplananların yerini dəyişmək, nəticə isə dəyişməz qalacaq. Biz partiya olaraq onu təklif etdik ki, istər icra başçıları, istər bələdiyyələr intellektual, idarəetməni, iqtisadiyyatı, güclü bilən,  insanlardan, gənc, vicdanlı kadrlardan seçilsin. Elə kadrlar olsun ki, təmsil etdiyi rayona, şəhərə xarici investisiyalar cəlb edə bilsin. Daha büdcəni talamaqla məşğul olmasın. Yalnız bu halda biz ümumilikdə ölkənin inkişafından danışa bilərik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları