Yuxarı

Hökumət “paket sistemi”ndən” imtina edir

Hökumət  “paket  sistemi”ndən”  imtina edir

 

Nazirliklər birləşdirilir

Vahid Əhmədov: “Nazirlər Kabinetində 40-dan artıq qurum var. Bu, balaca bir iqtisadiyyat üçün ağır  yükdür”

Azərbaycan hökuməti yaxın vaxtlarda birləşdiriləcək nazirlik və dövlət komitələrinin siyahısını hazırlayır. “Cümhuriyət”in hökumətdəki özəl mənbədən əldə etdiyi məlumata görə, bu istiqamətdə yüksək səviyyədə aparılan müzakirələr yekunlaşmaq üzrədir və yaxın vaxtlarda ictimaiyyətə açıqlama veriləcək. Mənbə bildirib ki, biri-birinə paralel sayılan nazirlik və dövlət komitələri birləşdiriləcək.

Plana görə, Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə, Gənclər və İdman Nazirliyi Turizm Nazirliyinə, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdiriləcək. Funksiyası zəif olan Maliyyə Nazirliyinin Vergilər Nazirliyinə birləşdirilib, Gömrük Komitəsinin bu qurum daxilində depratament kimi fəaliyyətinin təşkil olunması da müzakirə mövzusudur. Bildirilib ki, yeni yaradılmış Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının (keçmiş adı Tələbə Qəbulu üzrə Dövlət Komitəsi) Təhsil Nazirliyinə birləçdirilməsi, ARDNŞ-a paralel hesab olunan və fəaliyyətinə ehtiyac hiss olunmayan Energetika Nazirliyinin ləğvi də təklif olunub.

Nazirlərin maaşları azaldılacaq?

Hökumətin büdcəyə qənaət rejiminə keçid planına daxil olan bu islahatların davamı olaraq, nazirlik və dövlət komitələrinin rəhbər heyətlərinin maaşlarının azaldılması da gözlənilir. Qeyd olunur ki, artıq dövlət komitələrində ləğv olunmağa başlanılmış paket sistemi nazirliklərdə də ləğv ediləcək. “Paket sistemi”nin 50%-dək azaldılması nəzərdə tutulur.

İslahatın alternativi yoxdur

Dövlət büdcəsindən maliyyələşən nazirliklərin, komitələrin, şirkətlərin sayı həddən artıq çoxdur. Bunları kəskin azaltmağa ehtiyac var. Digər yandan dünyada neftin qiyməti kəskin aşağı düşüb, dövlət büdcəsinə daxilolmalarda problemlər var. Müəyyən qurumlar ya birləşdirilməli, ya da tamamilə ləğv edilməlidir.

Mütəxəssislər də dövlət büdcəsinin sürətlə azaldığı və gələn ilə kəsirlə getdiyini nəzərə alaraq, nazirlərin maaşlarının azaldılması və paralel sayılan dövlət müəssisələrinin birləşdirilməsini vacib hesab edirlər. Yəni dünya bazarlarında neftin ucuzlaşmasına adekvat olaraq, Azərbaycanın valyuta gəlirlərinin sürətlə azalması ixtisarları labüd edir. Qeyd olunur ki, sosial-iqtisadi böhranın təsirini azaltmaq üçün təkcə iqtisadi islahatlarla ciddi və müsbət nəticəyə çatmaq mümkün deyil. Ölkədə struktur və idarəetmə islahatları aparılmalıdır ki, effektiv nəticələrə nail olmaq mümkün olsun. Hansısa iqtisadi islahatlar keçirməklə, proqramlar irəli sürməklə Azərbaycanın böyük nailiyyətlərə imza atması mümkün deyil. İqtisadi islahatlarla yanaşı, idarəetmə və siyasi islahatlar da həyata keçirilməlidir. Yerli özünüidarətetmədən tutmuş hökumət və parlamentin funksiyalarına yenidən baxmağa qədər siyasi sahələrdə islahatlara ehtiyac var. Əgər bu baş verərsə, iqtisadi islahatlar da effekt verəcək. Azərbaycanın ən böyük problemi sırf iqtisadi məsələlər deyil, idarəetmənin effektiv olmaması problemidir. Uzun illər neft gəlirləri hesabına səmərəsiz idarəetmənin ötürülməsi dövrünü yaşamışıq. İndi nefti qiyməti dünya bazarlarında ucuzlaşır və səmərəsiz idarəetmə özünü açıq şəkildə göstərməyə başlayıb. Arzu edək ki, hökumətin keçirəcəyi islahatlar paralel şəkildə olsun. Əks halda hansısa ciddi nəticəyə nail olmaq mümkünsüz olacaq.

“Bu, balaca iqtisadiyyat üçün ağır yükdür”

Deputat Vahid Əhmədov da strukturların sayının azaldılmasını təklif edir. Deputat o fakta diqqət çəkir ki, Ukrayna və Gürcüstan kimi dövlətlərin Nazirlər Kabinetlərini 20-dək dövlət strukturunu əhatə edir: “Azərbaycanda isə Nazirlər Kabinetində 40-dan artıq qurum var: bir baş nazir, 6 müavin, iyirmiyə yaxın nazirlik, 15-16 dövlət komitəsi və mərkəzi icra hakimiyyəti orqanları. Bu qədər böyük bir makina təbii ki, balaca bir iqtisadiyyat üçün ağır bir yükdür. İlk növbədə, Nazirlər Kabinetinin bu strukturuna əl gəzdirmək lazımdır.

Prezident İlham Əliyev də son çıxışlarından birində o fakta diqqət çəkdi ki, bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verilməməlidir, burada optimallaşdırma siyasəti aparılmalıdır.

Mənsur





Həftənin ən çox oxunanları