Yuxarı

Qarabağda qış müharibəsi

Qarabağda qış müharibəsi

“Aprel sindromu” təkrarlana bilər

Məhəmməd Əsədullazadə: “Azərbaycanın cavabı sərt olacaq”

Son günlərdə erməni tərəfi yenə də atəşkəs rejimini mütəmadi şəkildə pozaraq təxribatçı addımlar atır. Azərbaycan Müdafiə Nazirliyi də rəsmi olaraq Ermənistan tərəfinə artıq 3 dəfə ciddi xəbərdarlıq edib. Ötən gecə isə Ermənistan Silahlı Qüvvələri cəbhənin Ağdam rayonu istiqamətindən atəşkəs rejimini yenidən pozub. Belə ki, düşmən ordusunun minaatanlardan atdığı mərmilər Ağdamın Çəmənli kəndinə düşüb. Artıq erməni tərəfinin cəbhə bölgəsindəki yaşayış yerlərinə mərmi atmaları açıq şəkildə Azərbaycanı savaşa təhrik etməkdən xəbər verir.

Siyasi şərhçilərin dediyinə görə Ermənistan sülhə hazır olmadığından bu cür təxribatlara əl atır və bu təxribatların sayını çoxaltmaqla, Azərbaycan tərəfini qıcıqlandırmaq istəyir. Politoloqlarun qənaətincə, düşmən tərəfin bu addımına Azərbaycanın cavabı çox sərt olacaq. Hətta aprel sindromuna bənzər və bundan daha artıq şəkildə savaş olacağı da gözlənilir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Bundan əlavə Pakistanın Ticarət və Müdafiə Sənayesi Nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq edib. Məsələ ilə bağlı müdafiə sənayesi naziri Yavər Camalov bu günlərdə Pakistana silah almağa gedəcək. Yəni, Pakistanda yeni silahların alınması ilə bağlı görüşlər keçirəcək.

“Ermənistan Rusiyaya güvənir”

Belə ehtimal olunur ki, nəhayət ki, Qarabağ savaşının başlanmasına çox az bir müddət qalıb.

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sentyabrda Ermənistanda məlum hərbi parad və hakimiyyət strukturlarında müəyyən dəyişiklikdən sonra Ermənistan faktiki olaraq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində güzəştsiz mövqe sərgiləyir: “ATƏT -in Minsk qrupunun həmsədrləri səviyyəsində aparılan danışıqlar yenidən etimadı bərpa etməyə söykənib. Amma, bir neçə ay bundan əvvəl Rusiyanın iştirakı ilə aparılan danışıqlar isə konkret işğal olunmuş ərazilərin qaytarılması istiqamətində aparılırdı.Rusiya faktiki olaraq,danışıqlardan çəkildikdən sonra Ermənistan mövqeyində dəyişiklik edərək, heç bir güzəştə getməməyi vurğuladı. Hətta daha irəli gedərək, apreldə Azərbaycan ordusunun nəzarətinə keçən əraziləri qaytarmaq planları qeyd edildi. Danışıqlar mühitindən istifadə edən Ermənistan cəbhə xəttinə Rusiyadan ötürülmüş yeni silah partiyaları yerləşdirərək, müdafiənin ön xəttində möhkəmlənməkdədir. Oktyabrın ortalarından başlayraq, Azərbaycanın mövqelərinə diversiya-təxribatçı həmlələr etməyə və 60 mm artilleriyadan atəşə tutmağa başlayıb”.

Müharibə ehtimalı artır

Politoloq qeyd edib ki, son beş ayda cəbhədə nisbi sakitlik yenidən aktivləşib.Ermənistanın Rusiyaya arxayınlaşıb,təxribatlara əl atmasına Azərbaycan cavabsız qalmayacaq: “Düşmənin bütün hərəkəti izlənilir və lazımı cavablar verilir. Buna baxmayaraq, Azərbaycanın sülh çağırışları və muxtraiyyət vədlərinə düşmən atəşlə cavab verməkdədir. Azərbaycan silahlı qüvvələri hazırlıq səviyyəsindədi. Hesab edirəm ki, cəbhədə Ermənistanın gərginliyi artırması,Azərbaycanın cavab zərbəsi ilə miqyasına görə aprel savaşından böyük müharibəyə gətirib çıxaracaq. Hazırda danışıların dayanması,müharibənin olma ehtimalını artırıb. Azərbaycan ordusu Ermənistana aprelin əvvəlində olduğu kimi bir daha zərbə vursa, ancaq o zaman erməni siyasi hakimiyyəti silkələnəcək. Ermənistanın yenidən cəzalanması, Qarabağ münaqişəsinin həllində böyük dönüş yaradacaq. Buna hazırlıq işləri üst səviyyədədir”.

Alçina





Həftənin ən çox oxunanları