Yuxarı

Kasıb əhaliyə yayım “sürprizi”

Kasıb əhaliyə yayım “sürprizi”

Arifi Əliyev: “Dövlət dekoderləri pulsuz paylamalı idi”

Məlum olduğu kimi, 27 sentyabr 2016-cı il tarixində Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub və iclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.Ancaq bu əhalinin kasıb təbəqəsi üçün sürpriz olub.

Çünki 149 manat maaş alan həkim, 200 manat maaş alan müəllim üçün televizora baxmaq xatirinə 25-30 manat verib əlavə cihaz alması heç də sevindirici hal deyil. Hələ günü 10 manata inşaatda işləyən fəhlələr də var. Keçən illərdə, əsasən də, neftin bahalı vaxtında bu rəqəmsal yayımı təxirə salan hökümət indi ölkənin çətin və ağır, pambığa möhtac qalan günlərində əhaliyə dekoder adlanan cihaz almaq məcburiyyəti yaratıb.

“Kasıb əhali problemlə üz-üzə qalıb”

Tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev deyir ki, Azərbaycan hökuməti problem həll edə bilərdi:

“Bütün dünyada keçid baş verir və hər bir ölkə üçün keçid müəyyən dövrdə baş tutur. Azərbaycan imkanlarının genişliyinə görə Qafqazda daha sürətlə keçid etdi. Xeyli müddətdir ki, bu keçid üçün texnoloji hazırlıq görülür. Bir neçə dəfə bu uzadıldı. Keçid bizə nə verir? Keçid əvvəla təsvirin yüksək keyfiyyətini təmin edir və daha vacibi strateji resursları ölçüyəgəlməz dərəcədə yüksəldir. Çünki analoq yayımda tutaq ki, 10 kanal yerləşdirmək mümkündürsə, rəqəmsal yayımda qat-qat artıq yerləşdirmək mümkündür. İkinci tərəfdən kanalların sayının artması ifadə azadlığının artmasına yardım edir, digər tərəfdən keyfiyyətə. Burada ən çətin məsələ odur ki, maraqlı dövlətlərin efiri idarə etmək imkanları xeyli dərəcədə artır. Məsələn, Ermənistanda rəqəmsal yayıma keçid adı ilə bir neçə kanalı bağladılar. İkincisi, əhalinin maddi vəziyyəti nəzərə alınmalıdır. Qərb ölkələrində tutaq ki, 150-200 dollar böyük bir məbləğ deyil ki, sən dekoderləri alasan. Xüsusən də nəzərə alırıq ki, orada cihazlar, televizorlar bizdən qat-qat sürətlə yenilənir, onlar artıq rəqəmsal yayıma uyğunlaşıb. Amma Azərbaycan kimi ölkədə əlbəttə bu, sual doğurur. Ona görə də bir tərəfdən Azərbaycan dövləti bu problem həll etmək üçün keçid müddətini bir qədər uzatdı və xəbərdar elədi. Bundan əlavə uzun müddət həm rəqəmsal, həm də analoq yayım paralel getdi. Ancaq ekspertlər dəfələrlə Azərbaycna hökumətinə təklif etdilər ki, o dekoderlər biz də istehsal olunsun. Çünki onun hazırlanması Mingəçevirdə mümkündü. Bu böyük bir şey deyil. Hökumət iki yol seçə bilərdi: ya bu dekoderləri hazırlayıb bunu ehtiyacı olanlara paylanılsın, çünki bu könüllü deyil, məcburi dövlət proqramıdır. Azərbaycan Qərbdə katakombaların təmirindən tutmuş onlarla xeyriyyə layihələri həyata keçirir və o xərclərlə müqayisədə bu cihazlarla əhalinin kasıb hissəsini təmin etmək elə də böyük xərc deyil. Yaxud da insanlar cihazlarını dəyişənədək paralel yayım versin. Düzdür, bu o qədər də uyğun üsul deyil, həm də bahalıdır. Hər halda belə bir təkliflər var. Təəssüf ki, Azərbaycan hökuməti problemi aradan qaldırmaq üçün kifayət qədər səy və inadkarlıq göstərmədi. Mənim fikrimcə ən yaxşı variant əhalinin ehtiyacı olan təbəqəsini dekoderlərlə təmin etməkdir. Bu doğrudan da strateji məsələdir. Həmin informasiyanı əldə etmək problem ilə bağlı məsələdir. Bunu sonsuzluğa qədər də uzatmaq mümkün deyil. Bir neçə dəfə Azərbaycanda uzadılıb. Ona görə də, indi əhalinin kasıb təbəqəsi çoxdan bəlli olan həmin problemlə üz-üzə qalıb”.

Məcid Həsənli





Həftənin ən çox oxunanları