Yuxarı

Əli Kərimli-Xədicə İsmayıl davası

Əli Kərimli-Xədicə İsmayıl davası

Siyahı qalmaqalı davam edir

“Yurd” sədri Əli Kərimli və araşdırmaçı jurnalist Xədicə İsmayıl arasında “siyasi məhbus gərginliyi” davam edir. Xədicə İsmayılın Avropa və beynəlxalq insan haqları təşkilatlarına təqdim olunacaq siyahısı Əli Kərimlinin rəhbərlik etdiyi qrup tərəfindən rədd edilib. Bir neçə gün əvvəl Əli Kərimli, Cəmil Həsənli və Oqtay Gülalıyev 166 nəfərlik siyasi məhbus siyahısı hazırlayıb. Siyahı Qərb dövlətləri və beynəlxalq təşkilatlara göndərilib.

Xədicə İsmayılın siyahısında isə 94 nəfərin adı var və o, siyasi məhbus olduğu iddia olunan 45 nəfərin araşdırılmasına ehtiyacın olduğu diqqətə çatdırıb. Həmin şəxslər Nardaran hadisələrində həbs olunublar. Maraqlıdır ki, Əli Kərimlinin təqdim etdiyi 166 nəfərlik siyahıda 120 nəfər Nardaran hadisələrinə görə həbs olunmuş şəxslərdir. Tərəflər arasında narazılıq yaradan da bu məsələdir.

Əli Kərimliyə sifarişi kim verib?

Əli Kərimlinin Xədicə İsmayılın siyahısına etiraz etməsinə gəlincə, bu sırf maddi amillərlə əlaqədardır. Belə ki, “Yurd” sədrinin siyahıda daha çox Nardaran məhbuslarına yer verməsinin sifariş olduğu bildirilir. Qeyd olunur ki, 120 nəfər dindarın adı İran tərəfindən Əli Kərimliyə təqdim olunub. O da İran səfirliyindən aldığı pullar müqabilində həmin şəxsləri “siyasi məhbus” qismində siyahıya daxil edib. İndi də geri addım ata bilmir. Əgər 120 nəfərin “siyasi məhbus” olduğunu sübut edə bilməsə, pulları səfirliyə geri qaytarmaq məcburiyyətində qalacaq.  Keçən il Nardaranda dini-siyasi təxribat baş verəndə də “Yurd” sədri sifariş üzərindən həbs olunan radikalları müdafiə etdi. Hətta bu dəstək müqabilində aldığı pullara görə, müavini Fuad Qəhrəmanlını da təxribata çəkərək həbs olunmasında rol oynadı.

Radikallar arasında dəstək axtarışı

Əli Kərimlinin ölkənin dini kəsiminə üz tutması onun siyasətdə fiaskosunun etirafıdır. Ölkənin dünyəvi və demokratik kəsiminin dəstəyindən məhrum olan “Yurd” sədri özünə real dəstəyi radikal dindarlar arasında axtarır və tapır. Fətullahçı terror təşkilatı FETÖ üzvlərindən tutmuş, İranın Azərbaycandakı uzantıları və təbliğatçılarından özünə elektorat yaratmağa cəhd edir. Elə Milli Şuranın sentyabr mitinqlərində də meydandakı narazı elektoratın 50%-dən çoxunu da radikallar tuturdular. Çıxışında dəfələrlə dindarlara öz təşəkkürünü bildirdi.

Məlumdur ki, xarici dini-siyasi güclərin Azərbaycanda proseslərə müdaxilə imkanları hazırda məhdudlaşıdırılıb. İstər FETÖ, istərsə də İranın dini dairələri Azərbaycanda boy atmaq üçün özünə əlverişli mühit tapa bilmədi. Zaman-zaman Əli Kərimlinin yaxın ətrafından İŞİD kimi sələfi-vəhabi və “Qaidə” şəbəkəsinə daxil olan terror təşkilatlarına dəstək verənlər də tapıldı. Keçən il aprel ayında Milli Şuranın “Məhsul”da keçirilən mitinqində İŞİD-in bayrağını qaldırması, əmisioğlu İnqilab Kərimov Əli Kərimliyə qarşı olan siyasi partiyaları və hakimiyyəti İŞİD-lə təhdid etməsi hələ də müzakirə mövzusudur.

“Yurd” sədrinin unikal proqram siyasəti

Əli Kərimlinin son 2 ildə adının sırf dini məsələlərdə hallanmasının, antiAzərbaycan təbliğatçısı olan ayətullah Şirazi kimi radikalları müdafiə etməsinin bir adı vardı: siyasətdə fiaskoya uğramış və “siyasi meyit”ə çevrilmiş şəxsin gündəmdə qalmaq və maddi qazanc axtarışları. “Yurd” sədri son dönəm fəaliyyətlərində özü haqda o fikri formalaşdırıb ki, bu şəxs öz maraqlarını müdafiə edən və ona maddi gəlirlər təmin edən, ideoloji və baxış bucaqlarındakı fərqliliklərdən asılı olmayaraq, hər bir güclə əməkdaşlıq etməyə hazırdır və edir də. Şübhəsiz ki, ölkədə dini faktorlara əsaslanan proseslər baş versəydi Əli Kərimli buna uyğun davranacaqdı. Yəni onun ölkənin üzləşdiyi situasiyaya uyğun olaraq, hazır unikal proqramı var. Bir növ flüger refleksi: küləyin əsdiyi istiqamətə çevrilmək...

Əfqan

 





Həftənin ən çox oxunanları