Yuxarı

Nəqliyyat “qoçu”ları yenə iş başında

Nəqliyyat “qoçu”ları yenə iş başında

Sürücülərin “qara kabusu” şəhər küçələrində

Ərşad Hüseynov: “Fərqlənmə nişanına görə heç kim cərimələnə bilməz”

Nəqliyyat sahəsində özbaşınalıq davam etməkdədir. Artıq cəmiyyətdə özləri barədə bir qoçu dəstəsi imici formalaşdıran Nəqliyyat Nazirliyinin əməkdaşları yenidən sözün həqiqi mənasında şəhərdə “at oynadır”. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının Bakı şəhərində və ətraf bölgələrdə etdikləri qanun pozuntularının sayı-hesabı yoxdur. Dəfələrlə sürücülərlə etdikləri rəftarda, onlara qarşı zor tətbiq etməkdə adları hallanan bu qurum hazırda da qanun pozuntularına yol verirlər.

Bu əməllərlə məşhurlaşan nazirlik işçilərinin daha bir qanun pozuntusu bu günlərdə qeydə alınıb. Belə ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus avtomobil yolda hərəkət edən yük maşınını saxlayaraq onun sürücüsünü “haqq-hesab”a çəkir. Hansı ki, ekspertlər hesab edir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yük maşınlarını saxlama və onu sorğu-sual etmək kimi səlahiyyəti yoxdur. Yəni “nəqliyyat qoçuları” kimi ad qazanan bu qurum Baş Dövlət Yol Polisi İdarəsi ilə paralel fəaliyyət göstərməlidir. Bu qurumlar birgə hər hansı yük maşınlarını küçədə saxlaya bilərlər.

Qeyd edək ki, 2015-ci ilin 15 oktyabr tarixində ölkə başçısının imzaladığı fərman ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin inzibati xətalara cavabdeh olduğu bəzi səlahiyyətləri əlindən alınaraq Baş Dövlət Yol Polisi İdarəsinə verilib. Bu mənada onlara məxsus səlahiyyətləri hələ də Nəqliyyat Nazirliyinin əməkdaşları həyata keçirir. Hətta səlahiyyətlərindən daha artıq fəaliyyət göstərməyə başlayıblar. Hansı ki bir müddət əvvəl bu qurumun izi-tozu belə görünmürdü. İndi isə “nəqliyyat qoçuları” yenidən “qol-qanad” açaraq sürücülərin başını üstünü alıblar. Bunun isə tutarlı səbəbləri var.

“Qanunvericilikdə boşluqlar var”

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ölkədə yükdaşımalara nəzarət kimi bir səlahiyyəti var: “Normadan artıq yük daşımaq, bəzi yerlərdə fərqlənmə nişanının olması məsələlərinin nəzarəti onlardadır. Amma nəzarətin dəqiq mexanizmi yoxdur. Yəni hazırda qanunvericilikdə müəyyən boşluqlar var. Onlar fərqlənmə nişanını verməli deyillər, amma nəzarət etməlidirlər. Kimdəsə fərlənmə nişanı yoxdursa, buna görə onlar cərimə yaza bilməzlər. Son vaxtlar mən də onların fəaliyyətini müşahidə edirəm. Amma Dövlət Yol Polisi ilə birgə yola çıxırlar. Yəni tək çıxmırlar. Bu dəqiqə dediyimiz kimi o məsələlərə nəzarət var. Amma sürücülərə qarşı hansı tədbirlər görülə bilər, bunun cavabı yoxdur. İnzibati Xətalar Məcəlləsinin 324-cü maddəsi əvvəl lisenziyasız yükdaşımaya görə, lisensiyasız sərnişindaşımaya görə məsuliyyət nəzərdə tuturdu. İndi də lisenziya ləğv olunub. Amma lisenziyanın əvəzində xüsusi icazə var. Fərqlənmə nişanı o icazədədi. Ona görə də məsuliyyət nəzərdə tutulmayıb. Yəni heç kim saxlanılıb, cərimələnə bilməz. Tutaq ki, kiminsə fərqlənmə nişanı yoxdursa, Vergilər Nazirliyinə məlumat verilməlidir ki, bu adam vergidən yayınır. Amma Dövlət Avtomobil Nəqliyyatı Xidməti onun sənədini alsın, nəsə yazsın, belə bir səlahiyyəti yoxdur”.

Ekspert qeyd edib ki, adıçəkilən qurumun konkret səlahiyyətləri Azərbaycanda bütün avtomobil- nəqliyyat yükdaşımalarına nəzarət, bundan əlavə Bakı, Sumqayıt və Gəncə şəhərindən başqa hər yerdə taksilərə, avtobuslara, sərnişindaşımalara nəzarət onların səlahiyyətlərindədir: “Tutaq ki, Yevlax və ya Lənkəranda avtobus marşrutlarının müqavilə ilə daşımalara cəlb olunması, onlara konkret marşurutun verilməsi, yük avtomobillərinə fərlənmə nişanının verilməsi də onların səlahiyyətinə aid məsələlərdir. Amma onlar bu işləri Dövlət Yol Polisi ilə birgə həyata keçirməlidirlər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları