Yuxarı

Ac xalq, acgöz məmurlar

Ac xalq, acgöz məmurlar

İnsanlar çörək tapmır, nazir aya 300 min xərcləyir

Fazil Mustafa: “Məmur deyəndə ağıla korrupsiya və rüşvət gəlir”

Araz Əlizadə: “Mənim heç ağlıma da gəlmir ki, bu qədər xərc necə ola bilər?”

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib. İş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb. Həmin vəsaitlər Vidadi Zeynalovun həmin struktur qurumların rəhbərləri ilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdırdıqları qaydada paylanılıb və digər xərclərə yönəldilib. Sabiq nazir özünün şəxsi ehtiyaclarına aylıq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib.

Maaşı 170-200 manat olan nazirin aylıq xərcinin 300 min manat olmasının hesablanması ağır və qeyri-adi riyazi düstur tələb edir. Xüsusilə, cəmiyyət arasında nüfuzu olan, müxalifətin də loyal münasibət sərgilədiyi, qismən sevilən, vicdan sahibi olduğu deyilən Əli Abbasovun öz dilindən edilən bu etiraf başqa bir ehtimalı yaradır. Əgər hökumətin ən sevilən məmuru dövlət pullarını mənimsəməkdə ittiham olunursa və bunu özü dolayı yolla etiraf edirsə, o zaman oliqarx nazirlərin nələri var? Ölkənin sürətlə yoxsullaşdığı bir zamanda bu düşüncənin altından çıxmaq asan məsələ deyil. Amma məsələ də bu deyil ki, yoxsul cəmiyyətin məmurları zənginlik içində yaşayırlar, məsələ budur ki, hakimiyyət və dövlət buna niyə göz yumur? Hər halda Əli Abbasov sübut etdi ki, əbəs yerə “Azərbaycan məmuru” dedikdə ağıla rüşvət və korrupsiya gəlmirmiş.

“Qaydalar qanunu üstələyir”

Millət vəkili Fazil Mustafa Cebhe.info-ya bu məsələyə subyektiv fikir bildirmək istəmədiyini deyib. F.Mustafa qeyd edib ki, məsələnin nə dərəcədə real olub-olmadığını aydınlaşdırmaq lazımdır: “Məsələnin aydınlaşdırılmasının yolu hüquq və qanundan keçir. Bu da “gəlir deklarasiyası”nı tələb edir. “Gəlir deklarasiyası haqqında” qanun 2006-cı ildə qəbul olunub. Fərman da var, sadəcə bu icra olunmadı. Bunun nəticəsində də məmurların mal varlığı, gəlirləri ilə bağlı dəqiq informasiyalar verilmir. Ən yaxşı yol “Gəlir deklarasiyası haqqında” Qanunun tətbiq olunmasıdır. Qanun tətbiq olunduqdan sonra istənilən vətəndaş hansı vəzifəni tutmasından asılı olmayaraq, məsuliyyət daşıyacaq, bu qədər məxfi həyat tərzinə maraqlı olmayacaq”. Millət vəkilinin sözlərinə görə, təkcə Azərbaycanda yox, Gürcüstan və Ermənistanda da “məmur” dedikdə ağıla rüşvət və korrupsiya gəlir: “Hələ ki, bunu təmizləyə bilmirik. Çünki qaydalar qanunlardan arxa plandadır. Mentalitetdə də, insanlar arasında da tez-tez işlənən “qayda-qanun yaratmaq lazımdır” sözü var. “Qanun-qayda yaratmaq” çox nadir hallarda işlənir. Əhalinin özü də qaydanı qanundan önə çıxarır. Halbuki, qanun hər şeydən önə çıxmalıdır. Bu olmadığına görə də qaydalar işləyir: rüşvətin qaydaları, vəzifənin qaydaları, qohumluq qaydaları və sair. Qaydalar qanunu üstələyir. Nəticədə bu olur ki, qaydalarda müəyyən olunanlar qanunlara zidd gələndə qaydalar tətbiq olunur. Bu da özüylə ağılasığmaz nəticələr doğurur”.

“Məmurluq – yemədiyim “yemək”dir”

Millət vəkili Araz Əlizadə Cebhe.info-ya məsələyə münasibət bildirmək istəmədiyini bildirib. “Bunu məndən niyə soruşursuz? Amma mənim heç ağlıma da gəlmir ki, bu qədər xərc necə ola bilər? “Məmur” dedikdə niyə ağıla rüşvət və korrupsiya gəlir? İnanın ki, məmur olmamışam deyə, bunu bilmirəm. Yemədiyim yeməyin dadından danışmıram”, - A.Əlizadə qeyd edib.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları