Yuxarı

Kreslodan zindana

Kreslodan zindana

Rusiyadakı məmur həbsləri bizdə də təkrarlana bilər

Natiq Cəfərli: “Gələn il bizdə də nazir-məmur həbsləri geniş vüsət alacaq”

Rusiyada korrupsioner məmur-oliqarxların həbsi başlayıb. 2 milyon dollar rüşvət almaqda ittiham olunan iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin həbsindən sonra prezident Vladimir Putinin köməkçisi Andrey Belousovun da saxlanılacağı bildirilir. “Vedomosti” qəzeti yazır ki, Belousovla yanaşı barəsində əməliyyat tədbirləri aparılan məmurlar arasında baş nazirin müavini Arkadi Dvorkoviç, İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Oksana Tarasenko və İqor Şuvalovun köməkçisi Marina Romanovanın da adı var.

Mütəxəssislər idarəetmə və qanunverici sistemində oxşarlıq olan Azərbaycanda da eyni halların təkrarlanacağını istisna etmirlər. 2017-ci ildə bir sıra oliqarx nazir və komitə sədrlərinin istefaya göndərilib, barələrində cinayət işinin açılacağı ehtimallar arasındadır. Ekspert Natiq Cəfərli bildirir ki, Rusiyada baş verən hadisələr çox maraqlıdır və bir müddət sonra həmişə bizdə təkrarlanır. N.Cəfərli bildirib ki, biznesdə də, kiçik məmurlarda da pul bitib, vəziyyət ağırdır: “Hüquq-mühafizə orqanlarının loyallığını saxlamaq üçün onlara yeni “yemlər” vermək lazımdır - qubernatorlar, onların müavinləri, nazir müavinləri və nəhayət, nazirlər. Bizim məmur-nazirləri qorxutmaq istəmirəm, amma gələn il bizdə də güc strukturlarının loyallığını saxlamaq üçün onlara "yağlı yemlər", qurbanlar veriləcək. Yəni, gələn il bizdə də nazir-məmur həbsləri geniş vüsət alacaq. Pul indi ancaq onlarda qalıb, güc strukturlarının isə maaşı azdır, ideoloji bağlılıq yoxdur, deməli onların öyrəşdiyi həyat tərzinin qorunması üçün artıq daha yüksək çinli məmurlar qurban getməlidirlər”.

Baş nazirdən bələdiyyəyə

2017-ci ilin Azərbaycanda islahat ili olacağı dəqiqdir. Sentyabrda Konstitusiya dəyişikliyini nəzərdə tutan referendum üçün irəli sürülən təkliflər də bu zərurəti yaradır. Konstitusiyaya olunmuş əlavələr gələn il Azərbaycanda ciddi idarəetmə və struktur dəyişikliyinin olacağından xəbər verir. Bəribaşdan bir sıra nazir, komitə sədri və yüksək rütbəli məmurların öz postlarını itirəcəkləri dəqiqdir. Dəyişikliklər baş nazirlik institutundan başlayacaq. Məlumdur ki, Konstitusiyaya dəyişiklik baş naziri ölkənin ikinci şəxsi postundan məhrum etdi. Yeni qaydalara əsasən, I vitse-prezident dövlət başçısından sonra ölkənin ikinci şəxsi sayılacaq. Baş nazir postuna isə texnokrat sayılacaq, iqtisadi məsələləri bilən şəxs təyin olunacaq, yəni, siyasi iddiası olmayan adam. Baş nazir Artur Rəsizadənin istefaya göndəriləcəyi hakim komandanın “oliqarx ovu” ilə bağlı olmayacaq. Bu siyasi məsələdir və hakimiyyətin öz yerini gücləndirmək tədbiridir. Adları korrupsiya və rüşvət almaq məsələlərində hallanan yüksək çinli dövlət adamlarının vəzifələrindən uzaqlaşdırılacağına gəlincə, bu, hakimiyyətin cəmiyyətin nəzərində itmiş nüfuzunu bərpa etmək cəhdi, eyni zamanda qaydaları pozub, qanunsuz fəaliyyətlərini aşkara çıxaran məmurları cəzalandırmaq işinin tərkib hissəsidir. Həmin məmurların istefaya göndərilmə səbəblərinin əvvəldən rüşvət almaq və korrupsiya hallarına yol vermələri ilə izah olunmayacağı şəksizdir. Rabitə naziri Əli Abbasov və MTN başçısı Eldar Mahmudov, o cümlədən, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin işlərində bunu gördük. Həmin nazirlərin istefaya göndərilmələri nəzəri olaraq, “idarəetmə islahatları”nın tərkib hissəsi kimi qiymətləndirilsə də sonradan məlum oldu ki, adları çəkilən digər məmurlar korrupsiya hallarına yol verərək qaydaları pozublar. Şübhəsiz ki, adları müəyyən zamanlarda siyasi məsələlərdə də hallandırılmışdı. Hakimiyyətin bu kimi addımlar atmasında ictimai qınağın və media araşdırmalarının da müəyyən rolu var. Hakimiyyətin ideoloqları total sosial-iqtisadi böhranın ölkə iqtisadiyyatını defolta sürüklədiyi, üstəgəl, neftin dünya bazarlarında kəskin ucuzlaşmasına adekvat olaraq, büdcəyə daxilolmaların kəskin azalması baxımından qaydaları pozan oliqarx məmurları istefaya göndərib milyardlarla manat maddi vəsait qazanc əldə edə bilər. Təbii ki, bu addımı cəmiyyətin nəzərində hakimiyyətə loyal münasibət də yaradacaq, ictimai qınağın səviyyəsi azalacaq.

Hansı məmurlar postlarından məhrum olacaq?

“Oliqarx ovu”ndan “sağ” çıxmayacaq bir sıra məmurların adlarını bəribaşdan ehtimal etmək olar. Onlar son iki ildə adları siyasi, rüşvət almaq və korrupsiya hallarına yol vermiş məmurlardır ki, media və sosial şəbəkələrdə həmin dövlət adamlarının qanunsuz fəaliyyətlərinə dair silsilə materiallar dərc olunub, üstəgəl, QHT sektoru və cəmiyyət tərəfindən istefaları tələb olunub. Maliyyə naziri Samir Şərifovun adı MTN və Beynəlxalq Bank işlərində hallandırıldı. Bankın keçmiş rəhbəri Cahangir Hacıyev iddia etdi ki, Samir Şərifov dövlət pullarını mənimsəyən şəxslərdən biridir. Üstəgəl 4 xarici dövlətin kəşfiyyat orqanlarına işləməsi barədə iddiaları irəli sürüldü. Naziri qorxudacaq ən ilginc iddia isə manatın 2015-ci ilin fevralından başlayaraq kəskin devalvasiyaya məruz qalmasının onun adına yazılmasıyla bağlıdır. Təhlükəsizlik üzrə ekspertlər iddia etdilər ki, baş verən iqtisadi-maliyyə böhranı ölkənin maliyyə və iqtisadi sahələrinin yetkililərinin xarici dövlətlərlə birgə işlədikləri plandır.

Həmin iddia Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova qarşı da irəli sürülür. O, həmçinin düzgün maliyyə siyasəti yürütməməkdə və bank sektornda yaranmış böhranda ittiham olunur.

Ölkənin “baş pilot”u vəzifədə son günlərini yaşayır

Nəqliyyat naziri Ziya Məmmədov da “oliqarx ovu”nun qurbanlarından biri ola bilər. Səlahiyyətləri tamamilə azaldılmış və yalnız bir kabineti qalmış Məmmədovun adı eyni zamanda müxtəlif dövrlərdə korrupsiya və dövlət vəsaitlərini mənimsəməkdə hallanıb. Bu, daha çox yol çəkilişlərinə ayrılan pulların ələ keçirilməsiylə bağlıdır. Eyni zamanda “nəqliyyat şefi”nin milyonlarla manat dəyərində biznes şəbəkəsi var.

Referendumdan sonra Azərbaycan Hava Yolları Şirkətinin (AZAL) rəhbəri Cahangir Əsgərovun istefaya göndəriləcəyi bildirildi. Əsgərova qarşı dövlət tərəfindən ayrılmış vəsaitləri şəxsi biznesinin genişləndirilməsinə yönəltmək ittihamı var. Gələn məlumatlara görə, ölkənin “baş piltot”unun postundan uzaqlaşdırılacağı dəqiqləşib və gələn ilin əvvəllərində islahatın tərkib hissəsi olaraq, bunun açıqlanacağı gözlənilir. İstefaya göndəriləcək Əsgərovun şəxsi biznesinin də əlindən çıxacağı dəqiqdir.

Mer hədəfdə

Bakı meri Hacıbala Abutalıbov da tez-tez media və cəmiyyətin qınağına, tənqidinə hədəf olan məmurlardandır. Bakı təsərrüfatını qeyri-peşəkar idarə etdiyi bildirilən Abutalıbovun adı eyni zamanda qanunsuz torpaq alverində hallandırlır. Üstəgəl 2015-ci ildə ard-arda Bakının Xətai və Binəqədi rayonlarında insan ölümləriylə yadda qalan yaşayış binalarının yanması da merin əleyhinə işləyən amillərdir.

Ekspertlər adları çəkilən və çəkilməyən bir sıra yüksək çinli məmurların istefaya göndərilərək, barələrində həbs qətimkan tədbirlərinin seçiləcəyini istisna etmirlər. Ölkədən 9 milyard dollar vəsait çıxarmaqda ittiham olunan Eldar Mahmudovun həbsi də bu baxımdan gözləniləndir. O da istisna olunmur ki, “oliqarx ovu” sürpriz adları da öz qurbanına çevirəcək.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları