Yuxarı

Hökumət işsizlər ordusu yaradır

Hökumət işsizlər ordusu yaradır

“Hökumətin islahata gedir. İslahat proqramı hazırlanır”. Bu tipli xəbərləri son il yarımda tez-tez eşidirik. Ancaq islahatdan xəbər yoxdur. Hökumətin bu islahatlara referendumdan sonra gedəcəyi haqqında məlumat var idi. Bu islahatların əsasən nazirlikləri, icra strukturlarını əhatə edəcəyi gözlənilirdi. Bir müddət öncə hökumətin imitasiya xarakterli “islahatlar”ının şahidi olduq. Bu isə adətən hər hansı bir lazımsız dövlət qurumunun ləğvi yox, əlavə şişirdilmiş ştatların yaradılması ilə aparıldı. Yəni həm rəhbər vəzifə tutan şəxslər yerində qaldı, həm də əlavə rəhbər vəzifələr yaradıldı. İslahatın qurbanı olanlar isə “qarovulçular” oldu. Nazirliklərin islahata tuş gəlməsi isə sadəcə nazirlikdə çalışan sadə əməkdaşların işsiz qalmasına səbəb olur. Belə ki, Maliyyə Nazirliyinin regionlarda yerləşən şöbələrinin ləğv olunacağı ilə bağlı informasiyalar yayılıb. Bu barədə nazirlikdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, rayonlardakı yerli şöbələr ləğv ediləcək, onların rəhbərliyi və əməkdaşları işdən azad olunacaq.Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri idarələri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. Departamentin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.Hazırda Maliyyə Nazirliyinin 64 yerli idarəsi fəaliyyət göstərir. Özlərindən etiraf... Əslində bu informasiyanın özündə bir neçə maralı məqamlar var. Birincisi, nazirliklərdə olan işçilərin sayının həddindən artıq olmasıdır. Məlumatda qeyd edilir ki, ləğv olunan 64 yerli idarənin əvəzinə 11 regional idarə yaradılacaq, ancaq yeni yaradılan 11 idarənin əməkaşları ləğv olunan 64 idarənin yalnız birinin əməkdaşları qədər olacaq. Bu isə o deməkdir ki, hal-hazırda Maliyyə Nazirliyinin 1 yerli idarəsində 11 regional idarənin əməkdaşı çalışır. Bu bir daha dövlət qurumlarında nə qədər şişirdilmiş ştatların olduğunu göstərir. Nəzərə alsaq ki, bunların hər biri dövlət büdcəsi hesabına maliyyələşir o, zaman büdcə üzərinə düşən yükün nə qədər böyük olduğu ortaya çıxır. Bu hələ təkcə Maliyyə Nazirliyinin regionlarda olan idarələrinin sayıdır. Ölkədə 19 nazirlik, 9 dövlət komitəsi və bir çox lazımsız, heç bir fəaliyyəti olmayan qurumlar var. Demək olar ki, hər birinin də kifayət qədər regionlarda idarələri var. Hər birinin də ən azından Maliyyə Nazirliyi qədər şişirdilmiş ştatları var. Birləşmə əvəzinə parçalanma Ölkənin maliyyə resurslarına nəzarət edən bir qurumun bu qədər “bədxərc” olması digər qurumlarda olan vəziyyəti çılpaqlığı ilə göstərir. Əslində hər kəs Maliyyə Nazirliyilə Vergilər Nazirliyinin bir nazirlikdə birləşdiriləcəyini gözləyirdi. Amma əgər yayılan bu informasiyalar həqiqəti əks etdirirsə o, zaman bu birləşməni gözləmək yersizdir. Bu isə islahatlardan çox, nazirlərin mübarizəsinin nəticəsidir. Nazirlər tutduqları postu itirməmək üçün islahatların reallaşmamasında maraqlıdırlar. Görünən odur ki, hökumət daxilində də iki qruplaşma mövcuddur. İslahat tərəfdarı olanlar və buna qarşı çıxanlar. Hökumətdaxili qruplardan hansının daha güclü olması islahatların da taleyini həll edəcək. Amma yayılan məlumatlardan belə məlum olur ki, hakimiyyət islahatlara getməkdə maraqlıdır və 2017-ci ildı bu prosesə start veriləcək. Kimlərin “qara siyahıya” düşəcəyi isə zaman məsələsidir. Çünki hökumət rəsmiləri bu haqda susmağı üstün tuturlar. Ancaq yayılan məlumatlarda artıq siyahının hazır olduğu bildirilir. Vilayət Muxtar  





Həftənin ən çox oxunanları